Şrift:
İran Azərbaycanda etnik separatizmlərə dəstək verir
22.11.2011 [14:08] - Güney Azərbaycan-Təbriz
Ermənistan, Rusiya və Çin bu siyasətdə İranın yanındadır


Güney Azərbaycanda son günlər baş verən sosial, iqtisadi və ekoloji problemlərə görə etiraz dalğası artıq Tehran rejiminin çokməsinə səbəb olub. İndiki halda Güney Azərbaycanda və İranın digər bölgələrində mollakratiya rejiminin çökməsinin ilkin işartıları duyulmaqdadır.

Ölkədə əvvəlki kimi sərt diktatorluq siyasətini apara bilmir və əhalinin böyük əksəriyyəti bu rejimin getməsini istəyir. Hakimiyyətin ömrünü uzaltmaq istəyən rejim Azərbaycan, Türkmənistan və Türkiyə üzərindən özünün siyasi məkrini həyata keçirmək üçün daha da fəallaşıb. Çünki, daim fars şovinizmi siyasətini Pəhləvilər dönəmindəki kimi qatı paniranizm ideyasını daha da dərinəşdirmək üçün çalışıb. Azərbaycan və türkmən xalqları isə uzun müddətdir bu siyasətə qarşı milli dirəniş mücadiləsinin önündə gediblər. İran hakimiyyəti gözlənilən təhlükələrdən yayınmaq üçün Azərbaycana qarşı etnik separatizm dalğasını alovlandırmağa cəhdlər edir.

“Mehr Araşdırma Mərkəzi”nin fitnəsi

Tehranda dövlət tərəfindən maliyyələşdirilən “Mehr İnformasiya Agentliyi” və eyni adlı araşdırma mərkəzi bu dəfə bütün diqqətini Türkmənistan, Azərbaycan və Türkiyə üzərindən İrana yönəlik proseslərə yönəltməyə başlayıb. Türkmənistan öz soydaşlarının aqibətini nəzərə alaraq tarixi Xorasan və ya İranda rəsmi şəkildə qeyd olunduğu kimi Türkmənsəhra regionunda yaşayan 3 milyonluq əhalinin milli və mədəni hüquqlarının qorunması yönündə çox ciddi elmi tədqiqatlar aparır. Əsas məqsəd isə İrandakı rejimin dağılması və ya bu ölkənin bir neçə milli regionlara bölünəcəyi təqdirdə Xorasan vilayətinin aqibətiniin həllində maraqlı tərəf kimi çıxış etməyə hazırlaşır. Azərbaycanda Güney Azərbaycanla birləşmək strateji hədəfdə olsa da, əksəriyyəti Güneyin öz taleyinə sahib çıxması ideyasına daha çox önəm verir. Türkiyənin isə Orta Doğu və Qafqazda güclənməkdə olan mövqelərində gözlənilməz addımların atılması İranın bir neçə dövlətə bölünməsi ilə nəticələnə bilər. Hələ 20-ci yüzilin ilkin çağlarında Əli Ehsan Sabis Paşanın fəaliyyətlərini paniranizm siyasətini yürüdənlər hələ də unutmayıblar.

Tehran rejimi bütün bunları diqqətdə saxlayaraq “Mehr Analitik Mərkəzi”nin vasitəsilə bu prosesin qarşısının alınması üçün bir sıra tədqiqatların maliyyələşdirilməsi yönündə xüsusi layihələr hazırlayıb. Artıq İran rejimi bu yöndə maliyyə dəstəyinin verilməsi üçün xüsusi qərarlar qəbul edib. Azərbaycanın coğrafi və etnik mənzərəsini diqqətdə saxlayaraq “Ləzgistan”, “Talışıstan”, “Avarıstan” və “Artsax” (Dağlıq Qarabağ) hərəkatının konsolidasiya olunması istiqamətində fəaliyyət göstərən bütün ictimai qurumlara maliyyə dəstəyi göstərilməkdədir. Dağıstan üzərindən Azərbaycana qarşı gözlənilən təhlükələrdə təkcə Rusiya deyil, eləcə də Ermənistan və İranın fəal şəkildə iştirak etdiyi artıq danılmaz fakta çevrilibd. Belə ki, Mahaçqaladakı “Azad Ləzgistan Hərəkatı”nın tribunası olan “Inka72.ru” internet resursunun fəaliyyəti elə bu faktı sübut edir. Bu şəbəkəyə daxil olan antiruran.org, mehrnws.com, realcaucasus.org, isti.ir, miacum.ru, times.am, lekia.ru, kabir.ucoz.ru, vardanak.org, lezgi- al-lezgistan.com mərkəzləri prosesin əsas yönəldiciləri hesab olunur. İran isə tədbirli şəkildə prosesə istiqamət verməkdədir. Kiçik mobil qruplar şəklində hərəkət etməklə proseslərin daha da dərinləşməsi üçün çalışır. Tehran rejimi “Mehr Araşdırma Mərkəzi” tərəfindən hazırlanan “Azərbaycan dövləti keçmiş Yuqoslaviyanın aqibətini yaşamalıdır” doktrinasını tətbiq etməyi strateji hədəfə çevirib. Halbuki, İranın Bəlucistan, Xuzistan, Xorasan, Güney Azərbaycan, Kürdüstan, Loristan, Farsistan, Sistan, Giləkistan kimi dövlətlərə parçalanması indiki şəraitdə daha real görünür. Çünki, bu xalqların sayı milyonlarla ölçülür. Onlar digər millətlərə qarşı nifrət üzərində köklənməyiblər. Onlar sadəcə milli istibdadın zülmündən yaxa qurtarmağa çalışırlar.

“Azad Ləzgistan” və İran


Bu separatçı hərəkat Azərbaycan və Gürcüstanın bir neçə cırtdan dövlətə bölünməsi siyasətini sərgiləməkdədir. Bunun üçün keçmiş Yuqoslaviyanın Makedoniya, Serbiya, Bosniya və Hersoqovina, Xorvatiya, Kosovo, Qaradağ (Çernoqoriya) və Sloveniyaya bölünməsi faktoruna istinad olunur. Gürcüstanın “Erməni Cevaxk”, “Abxaziya”, “Güney Osetiya” və “Minqreliya”, Azərbaycanın isə “Ləzgistan”, “Talışstan”, “Avarıstan” və “Artsax” (Dağlıq Qarabağ) dövlətlərinə bölünməsi modelini qəti şəkildə müdafiə edir. Aparılan tədqiqatlardan məlum olur ki, Rusiyanın Həştərxan, Quzey Osetiyanın Vlaqafqaz, Kalmıkstanın Elista, Dağıstanın Maxaçqala və Dərbənd şəhərləri üzərindən bu regionlarda fəaliyyət göstərən “İran Mədəniyyət Mərkəzi” təşkilatları Azərbaycana qarşı etnik separatizm siyasətini yürüdən qurumları, KİV-ləri, internet resurslarını maliyyələşdirməklə məşğuldur. Həmin təbliğatlarda yer alan əsas strateji hədəf isə “Azərbaycanda milli azlıqlar zorla türkləşdirilir və Gürcüstanda isə gürcüləşdirilirlər” taktikasıdır. Bu sırada “albanşünaslıq” düsturu əsasında separatizmin hədəfləri barədə İran Dağıstanda xeyli sayda “elmi ədəbiyyatlar”ın nəşr edilməsinə maliyyə dəstəyi göstərir.

Azərbaycana qarşı etnik separatizmi alovlandırmaq və bu prosesi koordinasiya etmək üçün İran Moskvada yaradılan “Anti Turan Hərəkatı”nın da maliyyələşdirilməsinə başlayıb. Bu qurumda təmsil olunan liderlərin müntəzəm şəkildə Moskva-İrəvan-Tehran hava reysləri ilə xüsusi təlimatlar almaq üçün işgüzar səfərlərdə olmaları da bu faktları təsdiq edir. “Anti Turan Hərəkatı” bildirir ki: “Azərbaycan ya İrana birləşdirilməlidir, ya da Yuqoslaviya kimi müxtəlif dövlətlərə parçalanmalıdır. Çünki, Azərbaycanın iqtidarı da, müxalifəti də pantürkizm siyasətini aparırlar. Biz Artsax Respublikasını müdafiə etməklə, digər etnosların da bu haqqa sahib olmasına çalışmalıyıq”.

Erməni analitikləri də İran tərəfindən Azərbaycana qarşı etnik separatizm proyektinə cəlb ediliblər. Hrant Məlik-Şanəzəryan, İqor Muradyan və Eduard Abramyan bu yöndə daha çox fəallıq göstərirlər. İrəvan Dövlət Universitetinin nəzdindəki “İranşünaslıq Mərkəzi”, Ermənistan Elmlər Akademiyası Şərqsünaslıq İnstitutunun İran şöbəsi, Qafqaz İnstitutu və digər erməni alimləri, strateji tədqiqat mərkəzlərini də bu prosesə cəlb ediblər.

”Azad Ləzgistan Hərəkatı” öz ətrafında “Hacı Davud adına Ləzgi Milli Hərəkatı”, “Sadval”, “Rusiya Ləzgi Milli Muxtar Mərkəzi” və digər ictimai təşkilatları da birləşdirir. Bu qurumlar Rusiyada və Azərbaycanda yaşayan bütün soydaşlarını siyasi, iqtisadi, ictimai formada hərəkətə gətirmək istəqamətində daha radikal addımlar atmaq üçün geniş miqyaslı təbliğatlara başlayıblar.

Moskvadakı “Rusiya Ləzgi Milli Muxtar Mərkəzi”nin sədri Arif Kərimov baş nazir Vladimir Putinlə son görüşündə Rusiyanın tərkibində olmaqla “Ləzgistan” dövlətinin qurulması barədə təkliflərini ona təqdim edib. Təklifdə bildirilir: “1921-ci ildə keçmiş SSRİ dövlətinin Qafqaz siyasətini rəsmiləşdirən İosif Stalin ləzgi xalqını ikiyə bölümşdür. Bu tarixi ədalətsizlik həll edilməlidir. Dünyada bölünmüş xalqlar tipli problemlər var. Bu yöndə Dağıstan və Azərbaycanda toplam 700 minlik ləzgi əhalisi yaşayır. Halbuki, iki regionu bölən Samur çayının ətrafında məskunlaşmış ləzgi xalqı vahid şəkildə yaşamaq istəyir. Bizim milli hüquqlarımızı ATƏT də tanımır. Erməni hüquqşünasları milli hüquqlarımızın tanınması, Ləzgistan respublikasının yaradılması barəsində bütün beynəlxalq təşkilatlara müvafiq sənədlər təqdim etmişdir. Qafqaz Albaniyasının tarixinin əslində Ləzgistan olmasını sübut edən müvafiq sənədlər də beynəlxalq birliyə təqdim edilib. Azərbaycan və Dağıstan siyasətinin sayəsində biz ləzgilərin milli hüquqları tapdalanır”.

“Böyük Çərkəziya” və “Ləzgistan”

Son iki ildə Quzey Qafqazdakı çərkəz kökənli kabarda, abaza, şapsuq, abxaz, adıgey və çərkəz toplumları bir araya gələrək Krasnodar və Stavropol vilayətlərinin, Kabarda-Balkar, Adıgey və Qaraçay-Çərkəz respublikalarının ərazilərini birləşdirən “Böyük Çərkəziya” ideyası inkişaf etməkdədir. Bu yöndə hətta İordaniya, Suriya, Liviya, Misir, Türkiyə, Avropa və Amerikadakı çərkəz diaspor təşkilatları da səfərbər olunub. İran və Ermənistan Quzey Qafqazda baş verən bu proseslərdə özlərinin strateji maraqlarını təmin etmək üçün daha çox fəallıq göstərirlər. Belə ki, Quzey Osetiyanın (osetinlər fars kökənlidirlər) “İriston” adı altında İnquşetiyanı ilhaq etməklə qədim Əhəməni və Sasani ideyasının coğrafi sərhədlərinin hüdudlarını böyütmək, Ləzgistan və Talışıstan adı altında Azərbaycan və Dağıstana qarşı ərazi iddiasını ortaya qoymaqla Xəzər dənizində uzaq strateji hədəflərə nail olmaq kimi İranın da mənafeləri üzə çıxmaqdadır. ”Böyük Çərkəziya” ideyasına qarşı Moskvanın bir qədər loyal yanaşmasını diqqətlə izləyən İran məhz bu mənada “Avarıstan”, “Ləzgistan”, “Talışstan” və “Artsax” separatizminin yanındadır. “Böyük Çərkəziya” hərəkatından fərqli olaraq, “Ləzgistan” ideyasının tərəfdarları hələlik Rusiyanın tərkibində olmaqla bu hədəflərə nail olmağı düşünürlər.

“Rusiya Ləzgi Milli Muxtar Mərkəzi”nin sədri Arik Kərimov qeyd edir ki, bizim ayrıca sosial güc olmağımız barəsində Rusiyanın baş naziri Vladimir Putini inandırmağa çalışdıq. Onun bizim təkliflərimizə pozitiv yanaşacağına da inanırıq. Çünki, Rusiyada gözlənilən yeni prezident seçkilərində bizlər bir xalq olaraq ona dəstək verəcəyik. Bu, bizim xalqın istəyidir.

Erməni strateqlərindən biri kimi Hrant Məlik-Şanəzəryan Azərbaycana qarşı etnik separatizmi alovlandırmaq üçün belə qeyd edir: “Yuqoslaviya modeli Azərbaycan və Gürcüstana tətbiq olunmayınca, Qafqazda müxtəlif xalqların, xüsusilə avar, ləzgi, talış və digərlərinin öz milli respublikaları qurulmayınca bu region ən yaxın zamanda tamamilə türkləşəcəkdir. Belə bir durumun qarşısını isə İran, Rusiya və Çin birlikdə ala bilərlər. 1918-ci ildə Daşnaksütyun Partiyası ayrıca Ləzgistan dövlətinin yaradılması ilə bağlı ləzgilərdən ibarət: “... “Farux” adlı bir təşkilat yaratmışdı. Ancaq, Fətəli Xan Xoyski, Əhməd Bəy Ağaoğlu, Ənvər Paşa, İzzət Yusuf Paşa və Nuru Paşanın komandanlığı altında o zaman Qafqazda baş verən hadisələr bu ideyanı darmadağın etmişdi. Bu tarix yenidən gündəmə gəlməkdədir. Bizlər Arstaxda olduğu kimi bu təcrübəni tətbiq etmək üçün mümkün qədər tələcməliyik. Bu prosesə beynəlxalq səviyyədə hüquqi dəstəyin verilməsini də təmin etmək üçün çalışmalıyıq. Yaxın gələcəkdə bizlərin Azərbaycan və Türkiyənin Qafqazda güclənən mövqeyinə görə yüzillərdir apardığımız siyasətlərimiz iflasa uğraya bilər”.

“Mehr Analitik Mərkəzi”nin son araşdırmalarında qeyd olunur ki, “albanşünaslıq” məsələsini qətiyyən Azərbaycan türklərinin nəzarətinə vermək olmaz. Bu tarixi ləzgi tarixi kimi qələmə verməklə onu bütün dünyada geniş şəkildə təbliğ etməliyik. Hətta lazım gələrsə, beynəlxalq səviyyəli elmi konfranslar keçirməklə bunu ictimailəşdirmək lazımdır. Ləzgilərə dəstək qismində Azərbaycanda yaşayan qırız, rutul, budux, tsaxur, udin, xınalıq xalqlarını da həvəsləndirmək lazımdır.

Ləzgi separatizminin ideoloqlarından biri olan Süleyman Yarayev isə qeyd edir ki, bizim daşıdığımız bu missiyada əsas strateji hədəfimiz Qafqazdakı bütün toplumlar arasında antitürk ovqatlı yeni düşüncə tərzini inkişaf etdirməkdir. Buna nail olmaqla daha böyük sosial bazalara sahib olmaqla strateji hədəflərimizə nail ola bilərik.

Əlirza Amanbəyli,
MDHP Güney Azərbaycan Departamentinin sədri
Bu xəbər oxucular tərəfindən 5592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed