Şrift:
Ermənistanın Naxçıvana vurduğu ziyan hesablanır
18.09.2013 [11:03] - Gündəm, İqtisadiyyat
Azərbaycan Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlının rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan itki və tələfatların qiymətləndirilməsi üzrə könüllülərdən ibarət işçi qrupu Ermənistan tərəfindən Naxçıvana vurulmuş ziyanın hesablanmasına başlayıb.


İşçi qrupundan verilən xəbərə görə, keçən əsrin 90-cı illərindən başlanan erməni separatizminin və təcavüzünün genişlənməsi nəticəsində Azərbaycanla Naxçıvan MR arasında birbaşa yerüstü quru əlaqələri kəsilib. Xüsusilə dəmir yolu xəttində ermənilər tərəfindən törədilən müxtəlif təxribatlar və dinc insanlara qarşı terror aktları bu nəqliyyatın fəaliyyətinin tamamilə dayanmasına səbəb olub. Bu isə Naxçıvanın blokadası ilə nəticələnib.



Ermənistan tərəfindən məqsədli şəkildə yaradılan bu blokada Azərbaycanın tərkib hissəsi olan Naxçıvana hər il yüz milyonlarla manat iqtisadi ziyan vurur. Əgər indiyə kimi dəmir yolu fəaliyyət göstərsəydi, yük daşımaları sovet dövrünə nisbətən hazırda 2-3 dəfə arta bilərdi. Bu isə Naxçıvanın daha da inkişaf etməsinə və çiçəklənməsinə səbəb olardı. 20 ildən ardıq müddət ərzində dəmir yolunun kəsilməsi və şose yolunun bağlanması nəticəsində Muxtar Respublikanın iqtisadiyyatına və mədəni həyatına dəyən bütün zərərlər, eləcə də bu illər ərzində Muxtar Respublikanın müdafiəsi üçün Azərbaycanın büdcəsindən ayrılan pullar da kompensasiya şəkilində Ermənistan tərəfindən Azərbaycana ödənilməlidir.



İşçi Qrupu Ermənistanın Naxçıvan MR-ə vurduğu ziyanın araşdırılmasının nəticələri barədə mətbuata əlavə məlumat verəcək.
Bu xəbər oxucular tərəfindən 1237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed