Şrift:
“Türkiyə istəsə bir saat içində İrəvanı azad edər!”
22.11.2011 [14:19] - Güney Azərbaycan xəbərləri
Ali Özgündüz: “Müstəqil Azərbaycanla qürur duyur və fəxr edirəm”

“İşğalçı erməni hakimiyyətinə Ağrı dağ məsələsi ancaq xəyal kimi görünə bilər”



Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasının İstambuldan olan millət vəkili Ali Özgündüzlə müsahibə

- Ermənistan Azərbaycanın işğal etdiyi Qarabağ torpaqlarını azad etmək istəmir...
- Ermənistan mütləq işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır və bunun başqa alternativ yolu yoxdur. Eyni zamanda, Qarabağ məsələsi ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) və beynəlxalq (uluslarası) hüquq çərçivəsində həll edilməlidir. Sülh yolu nəticə verməsə, Azərbaycan prezidenti cənab İlham Əliyev dediyi kimi, müharibə yoluyla Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad edəcək. Onu qeyd edim ki, o torpaqlar işğal altında qaldıqca vətən uğrunda şəhid olan insanlarımızın sümükləri sızlayır, buna görə vətən bizi bağışlamaz və başımız aşağı olur.
Bu gün gəldiyimiz əsas nəticə odur ki, Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qadirdir və artıq bu güc özünü açıq şəkildə göstərir.

- Türkiyənin bu məsələdə mövqeyi nədən ibarət olmalıdır? Üstəlik, Ermənistan Türkiyədən də Ağrı Dağı istəyir. Sizcə, Ermənistan belə siyasətlə hara gedir?
- Türkiyə üzərinə düşəni etməlidir ki, Rusiya müharibəyə qarışmasın və vəziyyət daha da çətinləşməsin. İşğalçı erməni hakimiyyətinə Ağrı dağ məsələsi ancaq xəyal kimi görünə bilər, Türkiyə istəsə bir saat içində İrəvanı azad edər. Sarkisyanın açıqlaması sadəcə olaraq ölkədaxili vəziyyətə hesablanır və boşboğazlıqdan başqa bir şey deyil. Sarkisyan öncə ölkəsində yaşayan bir necə milyon erməni vətəndaşlarının qarnını doydursun və həddini aşacaq sözlər danışmasın.

- Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı sizi qane edirmi?
- Nə yazıq ki, Türkiyə ilə Azərbaycan arasındakı ticarətin həcmi bizim istədiyimiz şəkildə deyil. Bakı-Tbilisi-Ceyhanı çıxmaq şərtilə, iri layihələr gerçəkləşmir. Bu yaxınlarda tamamlanması gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolunun açılması xarici ticarətin inkişaf etdirilməsi üçün böyük imkanlar açacaq.
İki dövlət arasında strateji (stratejik) əlaqələr gücləndirilməli, hər iki ölkənin işadamları ortaq yatırımlar həyata keçirilməli, xüsusilə Azərbaycanın enerji ehtiyatları və neft kimya sənayesi dünya bazarına çıxarılmasında Türkiyə körpü rolunu oynamalıdır.
Türkiyə ilə Azərbaycan qonşu ölkə olmaqla yanaşı, eyni zamanda “bir millət, iki dövlət”dirlər. Türkiyənin istiqlal savaşında, Canaqqallada Azərbaycan oğulları türk qardaşları ilə birgə savaşaraq, qəhrəmancasına xarici işğalçılara qarşı döyüşürdülər. Türkiyə Respublika elan olunanda da Azərbaycan dövləti öz maddi dəstəyini verib. Eynilə, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkənin Türkiyənin olması kimi. Bu gün Azərbaycanın müqəddəs Şəhidlər Xiyabanında Nuru Paşanın komandanlığı altında Bakıya gələn türk əsgər və zabitlərinin xatirəsinə abidə ucadılıb. Bu, iki qardaş ölkə arasında əlaqələrin qırılmaz tellər üzərində olduğunu göstərir.

-Bildiyimizə görə, siz özünüz əslən Azərbaycan türküsünüz. Babalarınız buralardan gediblər...
- Bəli, mənim əslim Gəncə şəhərindəndədir. Oradan da İğdıra köç edərək, sonra isə İstambulda yaşamışıq. Bir Azərbaycan əsilli və Mustafa Kamal Atatürkün partiyasının üzvü olaraq Çümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili kimi, Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi, bunun daha irəli aparılması üçün, Türkiyədə Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsi və onun həlli istiqamətində bütün fəaliyyətimi gücləndirəcəm.

- Sonda Azərbaycan haqqında fikirlərinizi eşitmək maraqlı olardı...
- Azərbaycanın müstəqilliyi ilə qürur duyur və fəxr edirəm. İnşallah, ən qısa zamanda Azərbaycanın işğal altında qalan torpaqları azad olunandan sonra müstəqillik bayramını dünya Azərbaycanlıları ilə birgə Qarabağda qeyd edəcəyik. Mən, Türkiyə parlamentindən bütün Laçına, Şuşaya, Kəlbəcərə, Sumqayıta, Naxçıvana, Gəncəyə, xüsusilə Qarabağa salam olsun deyirəm. Biz, güclənən Azərbaycanla fəxr edirik. Bundan sonra da daha da güclənməsi üçün əlimizdən gəldiyi qədər çalışacağıq.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed