Şrift:
Avro-2016-nın seçmə mərhələsinin sistemi açıqlanıb
18.09.2013 [16:52] - İdman
Avro-2016-nın seçmə mərhələsinin formatı müəyyənləşib.


UEFA-nın sentyabrın 19-20-də Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək İcraiyyə Komitəsinin təsdiqləyəcəyi sistem vaxtından əvvəl mətbuata sızıb.



Belə ki, israilli həmkarlarımız Avropa futbol qurumunun seçmə mərhələnin necə keçirilməsi ilə bağlı yekun fikrə gəldiyini iddia edir.

Bu isə Azərbaycan milli komandasının da növbəti seçmə mərhələdə necə mübarizə aparacağının müəyyənləşməsi deməkdir. İddiaya əsasən seçmə mərhələdə qitənin 54 komandası çıxış edəcək. Onlar hərəsində 6 komanda olmaqla 9 qrupda mübarizə aparacaq.

Ən maraqlısı isə Avro-2016-nın ev sahibi Fransa da püşkatmada qruplardan birinə salınacaq. Digər komandalar kimi 10 qarşılaşma keçirəcək Mişel Platininin həmyerlilərinin qrupdakı bütün oyunları yoxlama xarakteri daşıyacaq və komandalara xal verilməyəcək. Bir sözlə, 24 milli komandanın qatılacağı final mərhələsinə vəsiqəsi cibində olan fransalılar seçmə mərhələdə müsabiqədənkənar oynayacaq.

Meydan sahibləri ilə yanaşı, hər qrupda ilk 2 yeri tutanlar da birbaşa Avro-2016-ya vəsiqə əldə edəcək. 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik komanda da onlara qoşulacaq. Qrupunda 3-cü olan digər 8 komanda isə pley-offda 4 vəsiqənin sahibinin adına aydınlaşdıracaq.
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed