Şrift:
Prezidentliyə namizədin oğlu:Sərhədlər sökülən zaman atamın tozlu-torpaqlı üst-başını xatırlayıram- MÜSAHİBƏ
21.09.2013 [11:05] - Gündəm, Gənclik, Müsahibə
Siyasətçi övladı olmağım məni digərlərindən heç nə ilə fərqləndirmir.

Modern.az saytı “Siyasətçi övladı” layihəsini davam etdirir. Budəfəki müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, prezidentliyə namizəd, millət vəkili Fərəc Quliyevin oğlu Mətin Quliyevdir.

- Siyasətçi övladı olmağın nə kimi üstünlükləri var?

- Siyasətçi övladı olmağım məni digərlərindən heç nə ilə fərqləndirmir. Baxmayaraq, kimlərsə fikirləşir ki, bu siyasətçi oğludur, həyat tərzi fərqlidir. Hətta üzümə deyirlər ki, atan siyasətçidir, sən bizdən fərqlisən. Mənə görə, hər kəsin şəxsi həyat rəmzi var. Təbii ki, atam Fərəc bəylə siyasətçi olduğu üçün fəxr edirəm. Onun övladı olmaq mənə hər zaman başucalığı gətirib. Gözümü açıb siyasətçi ailəsində böyüdüyüm görə, mənim üçün yenilikçi deyə bir şey yoxdur. Siyasətçi oğluyam, ya da adi bir vətəndaşam. Sadəcə deyə bilərəm ki, evdə Fərəc bəyin oğlu, partiyada onun silahdaşıyam. Eyni zamanda builki prezident seçkilərində səlahiyyətli nümayəndələrdən biriyəm. Mütəmadi olaraq, atamı dəstəkləməyə çalışıram. Onun yolu, onun ideologiyası Rəsulzadə, Elçibəy yolundan qaldığına görə, mən də o yolu getməyi düşünürəm. Bir siyasətçi oğlu olmaq əslində cəmiyyətdə daha çox hansısa kriteriyalara əməl etməyə sövq edir. Ən azından üzərimdə kənar gözlər var. Bəzən deyirlər ki, siyasətçi oğlu olmaq cəmiyyətdə özünə yer tutmaq, hörmət qazanmaq üçün bir vasitədir. Mən və digər iki qardaşım həmişə Fərəc bəyin hörmətini gözləmişik. Onu da deyim ki, Elçibəydən bizə bir deyim qalıb: Kişi olmaq özündə əsas kriteriyaları birləşdirir. Məsələn; metroda bir xanım incidiləndə o xanımı biz müdafiə etməyi özümüzə borc bilirik. Haqsızlıq görəndə susmamağı öyrədiblər.

- Elçibəydən misal gətirdiniz. Elçibəyi necə xatırlayırsınız?

- 1988-89-cu illərdə başlanan xalq hərəkatı zamanında sərhədlərin sökülməsinə başlanıldı. Sərhədlər sökülən zaman atamın tozlu-torpaqlı üst-başını xatırlayıram. Yaşımın kiçik olmasına baxmayaraq, hərəkatın nə demək olduğunu anladım. Məndə ideologiyanın başlamasının birbaşa səbəbi evimizdə Elçibəyin şəklinin divardan asılması idi. Elçibəyin bizim evə 3-4 dəfə gəldiyini yaxşı xatırlayıram. Həmçinin, atamla Kələkiyə-Elçibəyin yanına getməyim də yadımdadır. 1993-cü ilə qədər Elçibəylə bir neçə dəfə görüşümüz olub. Ondan sonra atam 1995-2002-ci illərdə parlamentdə ola-ola siyasi məhbus kimi həbs olunmuşdu.

- Fərəc Quliyevin 7 illik həbs müddəti dövründə nə baş verdi?

- Çox şeylər baş verdi. İndi də bar-bar bağıran “biz cəbhəçiyik, biz Elçibəyçiyik” deyənlər, Fərəc bəyin yaxın dostları bizi yox kimi gördülər. Belə bir ailənin olmasını xatırlamadılar. Təbii ki kimlərəsə şou göstərmək lazım idi. Buna görə də öz qəzetlərində bizə yer verdilər. Buna görə onlara “sağ ol” deyirəm. Baxmayaraq ki, Fərəc bəyin ailəsi ilə bir dəfə də olsun maraqlanmamışdılar. Saxta dostların içində yalnız Elçibəy mütəmadi olaraq, bizimlə maraqlanırdı, telefon əlaqələrimiz olurdu. Tez-tez Kələkiyə gedirdik. Rəhmətlik babamla birlikdə Elçibəy bizə ağsaqqallıq edirdi. Söhbət maddiyyatdan getmir. Çünki kimsə bizə maddi dəstək göstərməyib. Elçibəyin uşaq psixologiyasına uyğun tövsiyələrini unuda bilmərəm. Fəxr edirəm ki, atam Fərəc Quliyev Elçibəy ideologiyasının davamçısıdır. Demək olar mən də o ideologiyanı davam etdirməyə çalışıram. Elçibəyin o zamanlar bizə zəng vurması belə, lazım deyildi. Çünki onun varlığı, ideologiyası bizə bəs edirdi. Onun ideologiyasına söykənib bütün məhrumiyyətlərə dözə bilirdik. “Həyatda çətinlik həmişə olacaq. Bu çətinliyi aşmağa hazır olmalısınız. Çünki həyat bu deməkdir”. Bizə ailədə bunları aşılayıblar.

- Bəs atanızın həbs olunduğu vaxtlarda maddi vəziyyətinizi kim təmin edirdi?

- O müddətdə heç kim bizə maddi cəhətdən kömək etmədi. Rəhmətlik babam diş həkimi olub. Öz şəxsi imkanları hesabına bizə kömək edib. Onu da deyim ki, kənd uşağı olmağımla həmişə fəxr etmişəm. Atamı ittiham edirdilər ki, “iqtidara işləyirsən, filan edirsən”. Onlara demək istəyirəm ki, bəs 7 il müddətində niyə atama kömək olmadılar? Atam həmişə parlamentdə təmsil olunub, bu gün də təmsil olunur, prezidentliyə namizəddir. Bunların hamısını kənara qoyuram. Yalnız həyatımın sonuna qədər atamın 7 illik həbs müddətini özümə fəxr biləcəm. Ailəlikcə həyatımızın ən şərəfli dönəmini o 7 il hesab edirik. Ona görə də kiminsə bizə maddi kömək edib-etməməyinin bizim üçün fərqi yoxdu. O müddətdə kimlər qabağa çıxmaq istədi, kimlər geri düşdü, kimlər Fərəc bəyin adından istifadə etmək istədi. Amma 2002-ci ildən
2010-cu ilədək parlamentdə təmsi olunmurdu amma özlərinə müxalifət deyənlər Fərəc bəyi yenədə müxalifətçi kimi görmək istəmirdilər hətta öz mətbuatlarında ona yer vermirdilər.Nəhayət 2010-cu ill parlament seçkilərində qalib gələn və haqqı tanınan Fərəc bəyə həmin "müxalifət" eyni münasibəti göstərməyə hələdə davam etdirir. Çünki Fərəc bəyin siyasi nüfuzu, siyasi xarizması, çevrəsi, ünsiyyətcil olması kimlərisə qorxaq salıb ürkütdü. Onlara ofislər verəndə atam dar bir ofisdə otururdu, maşını, mühafizəçisi yox idi. Amma onların imkanları var idi. Övladları xaricdə oxuyurdu. Fərəc bəyin heç bir imkanı olmaya-olmaya siz onu müxalifət saymadınız. İndi də saymırsınız. Bu o deməkdir ki, sizin Fərəc bəylə şəxsi qərəzliyiniz var. Biz öz yolumuza davam demişik və öz yolumuzla gedirik. 10 il mən və qardaşlarım Ordubadın Üstüpü kəndində yerləşən orta məktəbdə oxumuşuq. Mənim millətçilik ideologiyam həmin kənddə formalaşıb. “Yeni Müsavat” qəzetində belə bir yazı getmişdi ki, “Üstüpü kəndində daha 3 Fərəc böyüyür”. Artıq həmin Fərəclər böyüyüb. Kimin xoşuna gəlsə də, gəlməsə də, artıq Fərəclərin sayı 4-dür.

- Fərəc bəy ailədə necə insandır? Ata-oğul nəyi bölə bilmirsiniz?

- Hazırda atam prezidentliyə namizəddir. Prezident seçilərsə, ən sadə, ən ədalətli dövlət başçısı olacaq. Çünki ailə dövlətin təməlidir. Fərəc bəy ailəsinə sərbəstlik verməyi də, irad tutmağı da, dost olmağı da, sırf ciddi tələbkar ata olmağı da bacarır. Bütün bunlar dövlət başçısına xas olan hallardır. Ailədə atanın tələbkar olmağı da önəmlidir. Səhv etməməyimiz üçün bu kriteriyalar həyatda bizə çox kömək olub. Məncə, Fərəc bəy çox ideal bir ata, bacılarına ideal qardaş, valideynlərinə ideal övlad və ideal həyat yoldaşıdır. İndi deyəcəyim sözə görə bəlkə atam mənə irad da tutacaq. Atam çox sadə və səmimi insandır.Cəmiyyətimiz isə buna hazır deyil. Həyatda sadəlövh olanda lazımsız adamlar başa dırmaşmağa çalışır. Hansısa oliqarx məmurun - bəlkə dünyagörüşü, savadı belə yoxdu - özünü yüksəkdə tutması sadəlövh adamların əzilməsinə gətirib çıxarır. Amma atamın belə sözü var: “Sənə necə davranırlarsa, ömrünün axırına qədər ona qarşı sadə ol”. Buna görə kiçik fikir ayrılıqlarımız olur. Hər dəfə də yanıldığımı görürəm.

- İstirahətinizi necə keçirirsiniz?

- Desəm istirahət etmirəm, yalan olar. İdmanla da məşğul oluram. Kiçik futbol komandası yaratmışam. Ara-sıra futbol oynayırıq. Amma əyləncə xarakterli istirahətə vaxtım olmur. Mənim digər gənclərdən ciddi şəkildə fərqim yoxdur. İşimlə, şəxsi həyatımla əlaqədar istirahətə az vaxtım olur. Daha çox gənclərə kömək etməyə çalışıram, kitab oxuyuram. Eyni zamanda partiyada beynəlxalq əlaqələr üzrə müşavirəm. Özümə qarşı tələbkarlığım vaxtımı səmərəli keçirməyə imkan verir.

- Subaysınız, yoxsa..?

- Evliyəm. İki uşağım var.

- Harda təhsil almısınız?

- Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirmişəm.

- Universitet illərində sizə qarşı münasibət necə olub?

- Düzü, Fərəc bəyin oğlu olmağımla həmişə fəxr etmişəm. Universitet illərində qeyri-adi davranışın şahidi olmamışam. Hətta, iqtidar nümayəndələri tərəfindən belə hörmətsizlik görməmişəm.

- Dost çevrəniz necə qurulub?

- Hərtərəfli dost çevrəm var. İdmançı, alim, hətta avtobus sürücüləri arasında dostluq etdiyim insanlar var.

- Maşınınız var?

- Xeyr.

- Niyə yoxdu?

- Çünki imkanım yoxdu. Həmişə öz hesabıma yaşamağa üstünlük vermişəm. Nə vaxt imkanım olsa, alacam.

- Fərəc bəyin sizə maşın almaq fikri varmı?

- Düşünmürəm ki, ala bilər. Ala bilmə imkanı olsa belə, mən o maşını qəbul etmərəm. Çünki həyatda özümü yoğrulmuş hesab edirəm. Heç nədən qorxmuram. Düşünürəm ki, yaxın zamanda özümə maşın da, ev də alacam. Bu gün bir çoxları atalarının hesabına maşın da sürə bilərlər, ciblərində külli miqdarda pul da ola bilər. Bu cür hallar valideyni iflasa belə, gətirib çıxara bilər. Belə bir məsəl var: Ata oğlunu göndərir pul qazanmağa. Oğul isə pul qazanmaq istəmir. Nəhayət ata təngə gəlib deyir: gedib pul qazanmasan, evə də od vuracağam. Səni də evdən atacam. Oğul gedib qəpik-quruş qazanıb gətirəndə atası pulu oda atır. Oğul tez gedib həmin pulları odun içindən yığır. Çünki qəpik də olsa, özü qazanıb.
Mən də bu gün əynimdən tutmuş qolumdakı saata qədər özüm qazanmışam. Mən kənd təsərrüfatı ilə, heyvandarlıqla, əkinçiliklə məşğul olmuşam.

- Siyasətə gəlmək haqqında düşüncələriniz nə yerdədir?

- Özümü siyasətdən kənar hesab etmirəm. Ola bilsin siz bu gün məni siyasətçinin, prezidentliyə namizədin oğlu kimi təqdim edirsiniz. Düşünürəm ki, bir müddətdən sonra belə olmayacaq. Siyasi arenada, partiyalarda olan gənclərə yer vermənizi çox istərdim. Bu, barlarda, diskotekalarda əylənən bəzi gənclərə bir mesaj olardı.

- Gənc siyasətçi olaraq sizi qane etməyən məsələləri necə ifadə edə bilərsiniz?

- Birinci başlayaq Qarabağ problemindən. Qarabağ probleminin həlli üçün istər müxalifət, istər iqtidar tərəfdən birlik olmalıdır. Partiya olaraq bunun həlli yollarını bilirik və bu problemi həll edə bilərik. Sonra sosial problemlərin həlli gəlir. Pensiyaların, tələbələrin təqaüdünün qaldırılması, təhsil haqlarının həddindən artıq olması, xaricdə oxuyan tələbələrimizə çox cüzi təqaüd verilməsi məni gənc olaraq düşündürür. Bir gənc olaraq bu cür halları qəbul etmirəm. Ziyalılarımıza münasibət dəyişməlidir. Korrupsiya, yalnız bu cür halların həll yollarının tapılması ilə aradan qaldırıla bilər. Nəhayət, siyasi kəsimlərin bir-birinə düşmən gözü ilə baxması. Bu iqtidardır, bu müxalifətdir deyə, ayrı-seçkilik siyasəti aparmaq olmaz. Fərəc bəy, həm də barışdırıcı bir mövqeyə malikdir. Mən əsasən Türkiyə sistemini dəstəkləyirəm. Məsələn, Türkiyədə hərbi parad olur, müxalifət, iqtidar nümayəndələri eyni cərgədə oturur. Çox normal şəkildə xalqa mesaj verirlər. “Narahat olmayın, biz burdayıq”. Yeri gələndə bir-birlərini sərt şəkildə tənqid də edirlər. Amma bir-birindən incimirlər. Buna görə də ortada milli barış olmalıdır. Xalq konfliktlərdən bezib. Xalq artıq barış istəyir.

- Atanız asudə vaxtlarını harda keçirir?

- Fərəc bəy sambo ustasıdır. Ona görə də bizi idmanın cüdo növü ilə məşğul olmağa qoyub. Yay aylarında bir çox siyasətçilərin xaricə üz tutduğu vaxtlarda atam doğma kəndinə gedir. Yaşlı insanlarla ünsiyyətdə olmağı çox sevir. Bakıda olanda isə bağda istirahət etməyə üstünlük verir. Asudə vaxtlarında ara-sıra üzgüçülüklə də məşğul olur.

- Bayaq çevrənizin geniş olmasından danışdınız. Maraqlıdır, hansı siyasətçinin övladı ilə dostluq edirsiniz?

- Heç bir siyasətçinin övladı ilə dostluq etmirəm. Təbii ki, bəzi məmurların oğlanları ilə dostluq edirəm. Onlar da üzdə olan məmurlar deyil.

- Evinizə gedib-gələn siyasətçilər varmı?

- Biz ailədə siyasətçilərdən daha çox sadə indanlarla ailəvi dostuluq etməyə önəm veririk.

- Bəlkə Fərəc bəyin qısqanc olmağından irəli gəlir?

- Ailədə bizə mühafizəkarlıq öyrədilib. Fərəc bəy bizim bütün işlərimizə qarışır. Amma sərbəst buraxmağı da bacarır. Mən ailə quranda atam müəyyən sərbəstlik verib. Çünki gənclik müxalifətdir. Gəncliyə sərbəstlik verməklə nəzarətdə saxlamasan, artıq sənin nəzarətindən çıxar.

- Atanızın ailədə mühafizəkarlığı şiddət həddinə çatmır ki?

- Şiddət acizlik göstəricisidir. Belə məsəl də var ki, yaxşı at özünə qamçı vurdurmaz. Yaxşı qadın özünə hətta söz belə, dedirtməz. Mühafizəkarlıq qısqanclıq deyil. Mühafizəkarlıq ailənə, dövlətinə sahib çıxmaqdır. Ailə aşınırsa, dövlət də aşınır.Şeyx Şamildəns oruşurlar ki, “sən necə Şeyx Şamil oldun?” Deyir “Məni birinci ailəm, həyat yoldaşım mən kimi qəbul elədi. Sonra qohumlarım, çevrəm. Sonra bütün ölkəm qəbul elədi”.

- Hal-hazırda hardasa işləyirsiniz?

- Fövqəladə Hallar Nazirliyində baş zabitəm. Bu yaxınlarda baş leytenant rütbəsini alacağam.

- Hərbi xidməti harda başa vurmusunuz?

- Hərbi xidmətimi Naxçıvanda başa vurmuşam. Fərəc bəyin oğlu olduğuma görə bəzi insanlar mənə deyirdi ki, “nə işin var hərbi xidmətdə, getmə”. Məhz o cür insanların mənə elə dediklərinə görə həmin insanları bu günə qədər danışdırmıram. Hərbi xidmətdə olanda Fərəc bəyin müxalifətdə olduğuna görə məni incitməyə çalışıblar. Hərbi xidmət dövründə bir çoxlarına məzuniyyət verdikləri halda mənə verməyiblər. 1 il ərzində cəmi iki dəfə evə getməyimə icazə veriblər. Bir gecənin içində məni kəşfiyyat taborundan götürüb, Sədərək postuna aparıblar. Həmin ərazi ermənilərlə ən yaxın postdur.

- O biri qardaşların nə ilə məşğul olur?

- Nikbin qardaşım Şimali Kipr Türk Cümhuriyyətində cərrahdır. Hal-hazırda orada işləyir. O biri qardaşım isə idman akademiyasında təhsil alıb. Hələ ki işləmir.


Namidə BİNGÖL
Bu xəbər oxucular tərəfindən 1809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed