Şrift:
Elman Rüstəmov: «Xarici investisiyaların Azərbaycana cəlb edilməsi üçün vergi yükü azaldılmalıdır»
23.11.2011 [14:07] - İqtisadiyyat
Azərbaycanın ortamüddətli dövrdə büdcə sistemində əhəmiyyətli dəyişikliyin edilməsinə ehtiyac var.

Bunu Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, yeni strategiyanın həyata keçirilməsi bunu zəruri edir.

E.Rüstəmov islahatlar çərçivəsində vergi yükünün aşağı salınmasına dair məsələ də qaldırıb: «Azərbaycana xarici investisiyaların axması üçün vergi yükü kapital gələn ölkələrdən daha aşağı olmalıdır. Azərbaycan bu məsələdə dünyada 95-ci yerdədir və Qazaxıstan və Gürcüstandan geri qalır. Düşünürəm ki, vergi yükünü aşağı salmaq, vergi yükünü eyni zamanda istehsaldan istehlaka yönəltmək lazımdır. Qonşu Türkiyədə zinət əşyalarına, avtomobillərə daha çox vergi yükü təyin olunub. Sosial vergi də yüksəkdir. Hesab edirik ki, sosial vergi də rəqabət qabiliyyətli olmalıdır».

AMB rəhbəri xərclərin rasionallaşdırılması məsələsinin gündəmdə olduğunu da qeyd edib.

E.Rüstəmov inflyasiyanın bir rəqəmli səviyyədə olduğunu və qarşıdakı dövrdə bunun qorunmasının vacibliyini vurğulayıb: «Çalışmaq lazımdır ki, inflyasiya 5%-dən yuxarı qalxmasın. Bunun üçün makroiqtisadi siyasəti tənzimləyən qurumların fəaliyyətinin əlaqələndirilməsi lazımdır».

Baş bankir manatın məzənnəsinin aşağı səviyyədə saxlanılması üçün tədbirlərin həyata keçirilməsinin vacibliyini də qeyd edib. E.Rüstəmovun sözlərinə görə, bu, ölkənin ixrac potensialını artırmağa imkan yaradaq.

Eyni zamanda AMB sədri vurğulayıb ki, hazırda Azərbaycanda təhsil islahatları ilə bağlı xüsusi strategiya hazırlanır. «Güman edirik ki, bu sənəd yaxınlarda hazırlanacaq. Dünyanın əksər ölkələrində təhsil xərcləri mili xərclərin 6%-ni təşkil edir. Azərbaycanda isə xərclərin əksər hissəsi əmək haqqının ödənilməsinə sərf olunur. Bu vəsaitin önəmli hissəsi islahatlara yönəlməlidir», - deyə E.Rüstəmov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed