Şrift:
Komandan: Azərbaycanın Hava Hücumundan Müdafiə sistemi Ermənistanın da hava məkanına nəzarət edir
05.10.2013 [11:44] - Hərb
“Ermənistanın “Zvartnos” hava limanından qalxan təyyarə 10 metr yüksələn kimi Azərbaycan HHM sistemi tərəfindən qeydə alınır”

Azərbaycan postsovet məkanında az sayda ölkənin malik olduğu ən güclü hava hücumundan müdafiə sistemlərinə malikdir. Azərbaycanın malik olduğu sistemlər ölkənin havadan müdafiəsini tam şəkildə bağlayır.
Bunu Milli Məclis üzvləri və jurnalistlərin Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının zenit-raket briqadasına səfəri zamanı bildirilib.



Son illərdə rəsmi Bakı xaricdən müasir zenit-raket kompleksləri və radiolokasiya vasitələri əldə edib. Bunların arasında öz imkanlarına görə ən güclüsü 2011-ci ildə Rusiyadan alınmış S300 PMU-2 «Favorit» zenit-raket kompleksləridir (ZRK). Bu komplekslər öz müasirliyi ilə postsovet məkanındakı digər ölkələrin silahlanmasında yer alan analoji sistemləri üstələyir. MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində yerləşdirilmiş bu ZRK-lər mobilliyə və manevrliyə malikdir. Atışdan sonra yerini sürətlə dəyişən maşın 5 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir. Sistem eyni zamanda aktiv və passiv maneələrə qarşı qoruma imkanlarına malikdir. Peyk vasitəsi ilə divizionlar mərkəzi komanda məntəqəsi ilə əlaqə saxlayır.



Hava Hücumundan Müdafiə Qoşunlarının mütəxəssisləri S300 komplekslərini artıq mənimsəyib. Sistemi idarə edəcək heyət üçün təlimlər təşkil olunur. Bu ZRK-ləri idarə edən zabit heyətinə zenit-raket briqadasının təlim mərkəzində, xüsusi trenajorlarda 450 saatlıq təlim keçirilir.



Məlumat verilib ki, S300 «Favorit» kompleksləri özünün hədəf izləmə imkanlarının genişliyinə görə fərqlənir. Bir ZRK divizionu eyni anda 6 hədəfi müşahidə edə və atəş altında saxlaya bilir. Bir zenit-raket briqadası isə 36 hədəfi müşahidə edib atəş altında saxlamaq imkanına malikdir. Bir neçə il əvvəl, Rusiyadan S300 kompleksləri alınarkən Həştərxanda keçirilmiş sınaq atışlarında uzunluğu 2 metr, diametri 20 sm olan ballistik hədəf yüksək dəqiqliklə məhv edilib.



Tanışlıq zamanı müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev bildirib ki, hazırda Azərbaycan HHM sistemi respublikanın hava məkanını tam nəzarətdə saxlamaqla yanaşı, Ermənistan hava sahəsinə də nəzarət edə bilir. Ermənistanın «Zvartnos» hava limanından qalxan təyyarə 10 metr yüksələn kimi Azərbaycan HHM sistemi tərəfindən qeydə alınır.



HHMQ-nın bazasında həmçinin qeyd olunub ki, artıq Azərbaycanın bütün mülki və hərbi təyyarələri «dost-düşmən tanıma» (İFF) sistemi ilə təchiz olunub. Bu da HHMQ-yə ölkənin hava sahəsinə daxil olan bütün təyyarələr barədə anında məlumat əldə etməyə imkan verir: «Bu da öz növbəsində döyüş zamanı və ya hava sərhədini pozmuş təyyarələrə qarşı tədbirlərin görülməsi zamanı yanlışlıqları minimuma endirir».



Zenit-raket briqadasının günün 24 saatı fasiləsiz döyüş növbətçiliyini təmin edərək Azərbaycanın hava sərhədlərini mühafizə etdiyini deyən hərbi hissə komandiri Cəlil Seyfullayevin sözlərinə görə, ehtiyac duyulan təqdirdə divizionlar respublikasının istənilən bölgəsinə müvəqqəti dislokasiya oluna bilər. Bunun üçün briqadasının səyyar komanda məntəqəsi, kazarmaları, anbarları, tibb məntəqəsi mövcuddur. Bir S300 divizionu 90 km məsafədən retranslyator və peyk rabitəsi vasitəsi ilə mərkəzi komanda məntəqəsi ilə əlaqəni qura, komandaları qəbul edə bilir.



Hərbi hissə ilə tanışlıq zamanı çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, müxtəlif hərbi hissələrə səfərlər və əldə olunmuş, nümayiş etdirilən yeni silahlar Azərbaycan Ordusunun gücünü göstərir: «Bu gün tam əminliklə demək olar ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirə biləcək gücdədir. Onun qarşısında həll edilməyəcək hansısa məsələ yoxdur».
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed