Şrift:
Elçin Quliyev: Azərbaycanda aşkar edilən narkotik vasitələrin təqribən 90 faizi İran ərazisindən daxil olur
24.11.2011 [11:28] - Xəbərlər
Azərbaycanda aşkar edilən narkotik vasitələrin təqribən 90 faizi İran ərazisindən daxil olur. Bunu cümə axşamı Bakıda NATO-nun dəstəyi ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda keçirilən seminarda DSX-nin rəisi Elçin Quliyev deyib.

Quliyev bildirib ki, Azərbaycanda narkotik vasitələrin yayılmasına qarşı mübarizə dövlət siyasətinin mühüm tərkib hissəsidir.

"Son dövrdə narkotik daşıyan cinayətkar qrupların 100-dən artıq silahlı basqınını dəf edərkən Azərbaycanın 7 sərhədçisi həlak olub, 9 sərhədçi isə yaralanıb", - DSX rəisi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan regional və beynəlxalq təhlükəsizlik çağırışlarına dəyərli töhfəsini verməkdədir.

Quliyev bildirib ki, NATO tərəfindən Kosova, İraq və Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakı buna əyani sübutdur.

Bakıda cümə axşamı NATO-nun dəstəyi ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda seminar öz işinə başlayıb.

İkigünlük seminarda Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın sərhəd qurumlarının nümayəndələri, NATO, BMT, Avropa İttifaqı, ATƏT, həmçinin Azərbaycanın Xarici İşlər, Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə nazirliklərinin, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasını təmsil edən şəxslər iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 2279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed