Şrift:
Uşaq əməyindən sui-istifadə halları artıb?
14.10.2013 [14:51] - Gündəm, Sosial
Statistik məlumatlara əsasən, iqtisadiyyatda məşğul olan 15 yaşa qədər uşaqların sayı 2008-ci illə müqayisədə 2010-cu ildə 3900 nəfər azalıb. Uşaq əməyindən qeyri-qanuni istifadə hallarının da sayı ilbəil aşağı düşməkdədir. 2012-ci ildə 5 hal, cari ilin birinci yarımilində isə 3 bu qəbildən olan hal qeydə alınıb. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov təəssüflə bildirdi ki, uşaqların işləməsi ilə bağlı statistika aparan, bunu müəyyən edən və dəqiq rəqəm söyləyən hüquqi orqan yoxdur. Onun sözlərinə görə, orta məktəblərdə rast gəlinən neqativ hallar da uşaqların təhsildən uzaqlaşmasına, əməyinin könüllü istismara məruz qalmasına az təsir göstərmir. Heç kimə sirr deyil ki, məktəblərdə dərslər yaxşı səviyyədə tədris olunmur və bu, sonradan valideynin əlavə xərc çəkərək repetitor tutmasına gətirib çıxarır. Hər valideynin isə buna maddi baxımdan gücü çatmır. Beləliklə, övladına taleyin ümidinə buraxır.
Uşaqların əməyindən müxtəlif sahələrdə, xüsusən də xidmət sahələrində və mövsümi işlərdə daha çox istifadə edilir, hətta onları dilənməyə məcbur edirlər. Valideynlər maddi cəhətdən çətinlikləri, sosial problemləri, qaçqın həyatı yaşamaları, işləmək qabiliyyətlərinin olmaması, iş tapa bilməmələri səbəbindən uşaqlarını işləməyə məcbur etdiklərini bildirirlər".
Y.Bəkirovun sözlərinə görə, təhsildən yayınan, dərslərdə iştirak etməyən şagirdin müqəddəratı məktəbi ciddi narahat etməlidir. Onlar ilə fərdi qaydada iş aparılmalıdır. Ekspert bildirdi ki, həm milli qanunvericilik, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər uşaq əməyindən istifadəni qadağan edir və yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə verilmir. Qanunda qeyd olunduğu kimi, azyaşlıları işə cəlb edənlər məsuliyyət daşıyırlar.
Lazımi diqqət və nəzarət görməyən belə uşaqların zərərli vərdişləri qavrama imkanları, cinayətə meyiletmə halları daha çoxdur. Onlar psixoloji, mənəvi travma ilə böyüyür. Hərəkət edən nəqliyyat vasitələrinin qarşısına qaçıb şüşə silən, meyvə satan uşaqlar bədbəxr hadisələrdən sığortalanmayıblar. Bütün günü avtobuslarda konduktor işləyən, maşın yuyan, bazarlarda araba sürən, ayaqqabı təmizləyən, küçədə dilənən uşaqların müxtəlif infeksion xəstəliklərə yoluxması ehtimalı böyükdür. Uşaqlığı, təhsili, rahatlığı əlindən alınan məsum uşaq cəmiyyətdən, əlbəttə, ilk növbədə, yəqin ki, onun əzablarına göz yuman valideynlərindən incik böyüyür. Problemin aradan qaldırılması üçün dəqiq işləmə mexanizmləri olan tədbirlər planı hazırlanmalıdır. Ailə, məktəb, cəmiyyət, QHT sektoru birlikdə bu problemin həllinə nail ola bilər. Bu cür halların aradan qaldırılması üçün əmək müfəttişliyi də öz məsuliyyətini dərk edib mübarizəni gücləndirməlidir. Əsas cavabdehlik isə ailənin, valideynlərin öhdəsinə düşür. Bu işlərə polisin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorları da cəlb olunmalıdır, TV-lərdə müvafiq roliklər çəkilməlidir. Yalnız buklet paylamaqla problemi həll etmək mümkün deyil”.
Aytən İsaqızı
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed