Şrift:
Gülər Əhmədova: Qazaxda alt paltarlarımı yola tökdülər
21.10.2013 [15:58] - Gündəm, Hadisə
Gülər Əhmədova: Qazaxda alt paltarlarımı yola tökdülər







Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.


Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra G. Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edib.

O, müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinə xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, barəsində yayılan videomateriallar əsassız olduğundan onların sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verib.

Vəkil eyni zamanda Gülər Əhmədovanın ifadəsi təhrif olunduğu üçün sübutlar siyahısından çıxarılmasını, Sevinc Babayevanın ona göndərdiyi mesajların sübut kimi qəbul edilməsini istəyib.

Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatətlərə münasibət bildirərkən deyib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət təmin oluna bilməz, çünki Gülər Əhmədova gizlənə, məhkəmədən yayına bilər.

Prokuror deyib ki, videomateriallar ekspertizadan keçirilib və onların montaj edilmədiyi məlum olunub. Bu vəsatətlər də təmin oluna bilməz.


Dövlət ittihamçısı daha sonra deyib ki, Sevinc Babayevanın yerinin məlum edilməsi və ifadəsinin alınması ilə bağlı cəhdlər olsa da, bu, mümkün olmayıb. Prokuror S. Babayevanın G. Əhmədovaya göndərdiyi mesajların sübut kimi qəbul edilməsi barədə vəsatətin baxılmamış saxlanmalı olduğunu bildirib.


Daha sonra Eldar Həmzəyev cinayət işinin məhkəmə baxışına çıxarılmasını xahiş edib.


Vəkil Əfsər Talıbov da işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.


Sonra Gülər Əhmədova çıxış edib.


O bildirib ki, barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini azyaşlı oğluna görə istəyir: "Mən hara qaça bilərəm, niyə qaçmalıyam? Əlimdə pasportum da yoxdur. 8 yaşlı oğlum on aydır anasız qapılarda qalıb. Sona kimi mübarizə aparacağam və sübut edəcəyəm ki, məni şərləyiblər. Mənim Sevincdən, Elşaddan imkanlarım heç də az deyil. Elə bilirsiniz, ABŞ-dan, Fransadan sığınacaq ala bilmərəm? İfadə verəndə mənə psixoloji və fiziki təzyiq olunub. Nüfuzuma xələl gəldiyi, təzyiqlərdən yorulduğum üçün Elşad Abdullayevə pulu qaytaracağım barədə ifadə verdim. Qazaxda alt paltarlarımı yola töküb, disk axtardılar. Xahiş edirəm, danışanda Allahı görün”.


Daha sonra prosesdə Elşad Abdullayevin məhkəməyə ünvanlanmış məktubu elan olunub. Məktubda E. Abdullayev məhkəmədən zərərçəkmiş kimi tanınmasının, ona dəymiş 1 milyon manat ziyanın ödənilməsinin təmin olunmasını istəyib.

Lakin prokuror məktuba münasibət bildirərək deyib ki, bu məsələlər əsassız olduğu üçün təmin oluna bilməz.

G. Əhmədova isə bu məktuba görə E. Abdullayevə təşəkkür edib: "Mənə endirim edib, 2 milyondan 1 milyona düşüb. Fransız şərabından içib kefi yaxşı olanda, belə endirimlər edir. Onun fikirləri absurddur”.

Prosesin baxış iclası oktyabrın 28-nə təyin olunub.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed