Şrift:
Azərbaycanın Los-Ancelesdəki baş konsulu ABŞ-ı qınayan məqalə yazıb
25.10.2013 [12:55] - Gündəm, Siyasət
ABŞ-ın 170-dək media orqanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin son prezident seçkisi və bu fonda iki ölkənin münasibətlərinə dair məqaləsini dərc edib. Konsulluqdan verilən məlumatda “Reuters” xəbər agentliyi və “YahooNews” xəbər portalı, “Wall Street Journal”, “Boston Globe”, “Sacramento Bee”, “California Chronicle”, “Kansas City Star”, “San Bernardino County Sun” və “Los-Angeles Daily News” qəzetlərinin adı xüsusi qeyd olunur.

“Azərbaycan seçkiləri: daha dərin tərəfdaşlıq üçün fürsət” başlıqlı məqalədə baş konsul yazır: “22 il öncə Sovet İttifaqının çökməsi nəticəsində meydana gələn yeni dövlətlər 70 illik totalitar kommunist rejimindən sonra həqiqi demokratik idarəetmə quruluşunun yaradılması üçün yeni istiqamət axtarışında idilər. Azərbaycan öz növbəsində ABŞ-la sıx münasibətlərin yaradılması yolunu seçdi, baxmayaraq ki, qeyri-sabit bölgənin geosiyasi durumunu nəzərə alaraq bu, asan seçim deyildi. Ancaq Azərbaycan üçün bu çox qətiyyətli bir qərar idi. Buna görə də 11 sentyabr faciəsi baş verən kimi Azərbaycan dərhal və qeyd-şərtsiz olaraq ABŞ-a öz yardım əlini uzatdı, Əfqanıstandakı müharibə zamanı çox dəyərli dəstəyini göstərdi və Amerikanın Avropadakı müttəfiqləri üçün etibarlı enerji təchizatçısı rolunu oynamağa başladı.”

Nəsimi Ağayev təəssüflə qeyd edir ki, Azərbaycanın bu səyləri heç də həmişə ABŞ-dan layiq olduğu qarşılığı almayıb: “Buna misal kimi Azadlığa Dəstək Aktına ABŞ hökumətinin Azərbaycana birbaşa yardımını qadağan edən ədalətsiz 907-ci düzəlişi qeyd etmək olar. Erməni təzyiq qruplarının intensiv lobbiçiliyi nəticəsində Konqresdə qəbul edilmiş bu düzəliş 11 sentyabr faciəsindən sonra Azərbaycanın terrorçuluğa qarşı mübarizəyə verdiyi dəstəyin müqabilində 2002-ci ildən bəri hər il dayandırılır. Ancaq bu düzəlişin tamamilə ləğv edilməməsi Azərbaycanın ABŞ-a inamını azaldır. 2010-cu ildə isə erməni lobbisinin təsiri altında Senatın iki demokrat üzvü prezident Obamanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə irəli sürdüyü Metyu Brayzanın namizədliyinin təsdiqlənməsinə veto qoydular. Nəticədə Moskva və keçmiş SSRİ respublikalarında 20 illik iş təcrübəsinə malik çox istedadlı bir diplomat itirilmiş oldu...

Ən əsası isə Ermənistan BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq və beynəlxalq sülh planını qəbul etməyərək Azərbaycan ərazisinin 20 faizini qanunsuz şəkildə işğal etməkdə davam edir. Ancaq qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmağa Ermənistanı məcbur etmək üçün müvafiq gücə və əsasa malik olmasına baxmayaraq Vaşinqton bu addımı atmayıb və sülh danışıqlarını, demək olar, başqalarının öhdəsinə buraxıb”.

9 oktyabr prezident seçkisinə toxunan baş konsul beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin rəyinin müsbət olduğunu, buna baxmayaraq ABŞ Dövlət Departamentinin müşahidəçilərin yalnız kiçik bir qrupunun rəyinə əsaslanaraq seçki haqda mənfi bəyanat verdiyini qeyd edir: “Azərbaycanın strateji önəmi, ABŞ-ın milli maraqlarına töhfələrini, ən əsası isə seçkinin azad və şəffaf şəkildə keçirilməsinə dair böyük sayda inkaredilməz dəlillərin mövcudluğunu nəzərə alaraq ABŞ administrasiyasından belə bir qərəzli və mənfi bəyanat eşitmək qəribə və məyusedici idi...Vaşinqton üçün indi bir suala cavab tapmaq zamanı yetişib – ABŞ-ın maraqlarına daha çox nə cavab verir? Önəmli bir bölgədə yerləşən Azərbaycan kimi etibarlı müttəfiqi və dostu özündən uzaqlaşdırmaq və ya ona bundan da güclü demokratiya qurmaqda və müstəqilliyini daha da möhkəmləndirməkdə yardım etmək?!”
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed