Şrift:
Məmməd Əliyev yenidən Ümumrusiya Azərbaycan Konqresinin prezidenti seçilib
25.11.2011 [16:46] - Diaspor
Ümumrusiya Azərbaycan Konqresinin III Qurultayı başa çatıb

Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III Qurultayı başa çatıb. ÜAK prezidenti Məmməd Əliyev II Qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat verib.

Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra isə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edib. Administrasiya rəhbəri Azərbaycan və Rusiyanın müttəfiq olduğunu deyib. O, Azərbaycanın iqtisadi inkişafının və beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edərək, ölkəmizin BMT Təhlükəsiz Şurasının müvəqqəti üzvü seçilməsində Moskvanın dəstəyinin əhəmiyyətini qeyd edib.

ÜAK-ın Azərbaycanın ən böyük diaspor təşkilatlarından olduğunu deyən R. Mehdiyev dövlətin diaspor quruculuğu prosesinə xüsusi diqqət yetirdiyini bildirib: “Bu ənənənin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Daha sonra R. Mehdiyev ÜAK prezidenti Məmməd Əliyevin Azərbaycan prezidentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edildiyini bildirib və medalı ona təqdim edib. R. Mehdiyev Azərbaycan prezidentinin sərəncamı ilə diasporun tanınmış nümayəndələri Qod Nisanovun “Tərəqqi” medalı ilə təltif edildiyini, Moskvadakı “Dərviş” teatrının baş rejissoru Mərdan Feyzullayevə isə “Əməkdar artist” fəxri adının verildiyini bildirib.

Çıxışlardan sonra Mandat Komissiyasının, Nəzarət-Təftiş Komissiyasının hesabatları səsə qoyularaq bəyənilmiş, ÜAK-ın Nizamnaməsinə dəyişikliklər qəbul edilib. Qurultay Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyevə müraciətləri, ÜAK-ın Bəyanatını və Qətnaməsini də qəbul edib.

Daha sonra ÜAK-ın 136 nəfərdən ibarət Mərkəzi Şurası, 7 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib.

Qurultay başa çatdıqdan sonra ÜAK Mərkəzi Şurasının yeni tərkibinin iclası keçirilib. Məmməd Əliyev yenidən ÜAK-ın prezidenti seçilib. Mərkəzi Şura ÜAK-ın 31 nəfərdən ibarət İdarə Heyətinin tərkibi seçib. Mərkəzi Şuranın iclasında Mikayıl Hüseynov Ümumrusiya Azərbaycan Konqresinin Baş katibi seçilib.

Qeyd edək ki, qurultayda Azərbaycan və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələri, tanınmış ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və KİV təmsilçiləri iştirak ediblər. Azərbaycandan qurultaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Zeynal Naqdəliyev, Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Rusiyadakı səfiri Polad Bülbüloğlu qatılıblar.
Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed