Şrift:
Azərbaycan parlamenti komissiyalarının birgə iclasında DSMF-nin 2014-cü il büdcəsinin layihəsi müzakirə olunub
04.11.2013 [12:50] - Xəbərlər, Gündəm
Bu gün Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il üçün büdcə layihəsi müzakirə olunub.


İclasda çıxış edən DSMF-nin sədr müavini Elman Mehdiyev bildirib ki, Fondun 2014-cü il üçün büdcəsi 2 928,5 mln. manat təşkil edəcək. Bu, cari ilin analoji illik proqnozu ilə müqayisədə 295,8 mln. manat və ya 11,2% çoxdur.


O bildirib ki, gəlirlərin 60,8%-ni və ya 1 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək: «Bu da 2013-cü illə müqayisədə 14,9% çoxdur. Büdcədən maliyyələşən təşkilatlardan ödənilmiş sosial sığorta 660,4 mln. manat təşkil edəcək. Gələn il üçün nəzərdə tutulmuş xərclər eyni həcmdədir».


İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, son illər Azərbaycanın neftdən asılılığı, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər azalıb.


İclasda iştirak edən maliyyə naziri Samir Şərifov isə bildirib ki, dövlət büdcəsinin məcmu gəlirləri 18 384 mln. manat həcmində nəzərdə tutulur ki, bu, ÜDM-in 31,4%-nə bərabərdir və ötən illə müqayisədə 6,4% çoxdur. Neft Fondundan dövlət büdcəsinə transfert 9,337 mlrd. manat həcmində nəzərdə tutulub.


Nazir əlavə edib ki, gələn ilki büdcənin xərcləri 20 063 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da cari ilin proqnozuna nisbətən 1,1% və ya 213 mln. manat çoxdur.


S.Şərifovun sözlərinə görə, 2014-cü ildə dövlət büdcəsindən sosial ipoteka üçün 40 mln. manatın ayrılması, «Aqrolizinq» ASC üçün 5 mln. manatın ayrılması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed