Şrift:
Elnur Aslanov: Azərbaycanın öz ərazisi üzərində yurisdiksiyasını bərpa etməsinə heç kim qarışa bilməz
07.11.2013 [11:54] - Gündəm, Siyasət
“Sülh danışıqları Azərbaycanın öz torpaqları üzərində yurisdiksiyasının bərpa edilməsi ilə nəticələnməsə, təbii ki, Azərbaycan müxtəlif variantlara əl ata bilər”


“Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının rəhbərinin verdiyi açıqlamada və ifadələrində müxtəlif ziddiyyətlər mövcuddur”.Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.



Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinskinin bəyanatına münasibət bildirən E. Aslanov qeyd edib ki, bir tərəfdən həmin şəxs Azərbaycanın Dağlıq Qarabağ üzərində yurisdiksiyasından danışır və bununla Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğulamış olur, digər tərəfdən isə buna əks olan başqa sözlər söyləyir: “Bu, təbii ki, ziddiyyətlə dolu bir açıqlamadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan indi heç vaxt olmadığı qədər güclüdür və heç vaxt olmadığı qədər müstəqildir. Azərbaycanın bu gün çox güclü orduya malikdir və müstəqil siyasət yeridir. Azərbaycan öz ərazisi üzərində yurisdiksiyasını bərpa etməsinə hər hansı tərəfin və dövlətin qarışmasına imkan verməyəcək. Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunub, Azərbaycan kiminsə torpaqlarını işğal etməyib, kiminsə ərazisinə müdaxilə etməyib. Azərbaycanın bir milyondan artıq insanı qaçqın və məcburi köçkün şəraitində yaşayır. Sülh danışıqları biz istədiyimiz kimi - Azərbaycanın öz torpaqları üzərində yurisdiksiyasının bərpa edilməsi ilə nəticələnməsə, təbii ki, Azərbaycan müxtəlif variantlara əl ata bilər. Bu baxımdan öz şəxsi mülahizələri əsasında, rəsmi dövlət mövqeyinə zidd mövqelərdən çıxış edən heç bir şəxs bizə maneçilik törədə bilməz”.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed