Şrift:
Bizim BAYRAĞI bizdən qorumağa gərək yoxdur!
08.11.2013 [14:52] - Xəbərlər, MDH
Milli Dirçəliş Hərəkatı Partiyasının
BƏYANATI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən, Bakı şəhərinin Bayıl sahəsində Dövlət Bayrağı Meydanı memorial abidə-istirahət parkı kimi inşa edilib və 2010-cu ilin sentyabrın 1-də təntənəli açılışı keçirilib.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Həmin ərazidə Prezidentin müvafiq sərəncamı ilə Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Lakin nədənsə xalqın qürur ünvanına çevirmək üçün prezidentin xüsusi marağı və şəxsi təşəbbüsü ilə salınmış bu memorial abidə kompleksi kimlərsə tərəfindən xalqın üzünə qapadılıb. Könlundə məhdudsuz bayraq sevgisi olan xalq bu möhtəşəm bayraq abidəsinə yaxın düşə bilmir. Bayraq meydanı abidə-istirahət parkı kimi salınsa da geniş bir əhatədən hasarlanıb və vətəndaşlardan “mühafizə” olunur. Maraqlananlar eləcə də Dövlət Bayrağı Muzeyində sərgilənən tarixi bayraq, gerb və pul əskinaslarını görməkdən məhrum edilib.
Biz hesab edirik ki, prezident bu komleksin yaranması təşəbbüsünü xalqın mariflənməsi və milli ruhunun yüksəlməsi məqsədiylə irəli sürmüşdür. Lakin bununla bağlı səlahiyyətli məmurlar ya bilərəkdən, ya da fərqində olmadan qarşıya qoyulmuş məqsədə xidmət etmir. Milli Dirçəliş Hərəkatı Partiyası təklif edir ki, 9 noyabr-Dövlət Bayrağı Günündən başlayaraq Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin xalqın üzünə açılması olduqca təqdirəlayiq bir addım olar. Bizim millət sözün əsl mənasında Bayrağına, eləcə də keçmişinə səcdə edən millətdir. Bizim muzeyləri və bizim BAYRAĞI bizdən qorumağa gərək yoxdur!
Azərbaycan xalqı üçrəngli bayrağını qan tökərək, uğrunda şəhidlər verərək zirvəyə ucaldıb! Dünya durduqca, Azərbaycan var olduqca o bayraq dalğalanacaq! Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edirik!

Milli Dirçəliş Hərəkatı Partiyası
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed