Şrift:
AMEA ilə Yaponiyanın “Tokyo Boeki Technology Ltd” şirkəti arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib
13.11.2013 [15:21] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Bakıda səfərdə olan Yaponiyanın "Tokyo Boeki Technology Ltd" şirkətinin prezidenti Kazuey Uçidanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə məqsəd AMEA-nın elmi-innovativ nailiyyətlərinin istehsalatda tətbiqini təcrübədən keçirməyə imkan verən texnoparkların yaradılması sahəsində Yaponiya şirkətinin təcrübəsindən və məhsullarından faydalanmaqdır.
Akademik Akif Əlizadə AMEA ilə Yaponiyanın elmi-tədqiqat qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Yaponiyalı mütəxəssislərin iş təcrübəsinin Azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən AMEA prezidenti adıçəkilən şirkətlə akademiya arasında əməkdaşlığın bundan sonra da effektiv olacağına inandığını vurğulayıb. O, bu əlaqələrin Azərbaycanda elm və texnologiyanın transferi sahəsində birgə işlərin inkişafına töhfə verəcəyini əminliklə bildirib.
K.Uçida qeyd edib ki, 1947-ci ildə yaradılmış "Tokyo Boeki Technology Ltd" energetika, maşınqayırma, metal sənayesi, eləcə də elmi-analitik cihazların istehsalı və satışı ilə tanınır. Şirkətin iki qiymətli və müasir elektron mikroskopu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində alınaraq Geologiya İnstitutu və Azərbaycan Tibb Universitetində quraşdırılıb. Yaxın zamanda yeni cihazların Fizika İnstitutuna da alınacağı gözlənilir.
Tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə etmiş və bu əlaqələrin "Tokyo Boeki Technology" təcrübəsi əsasında AMEA-da müasir texnoparkın təşkilinə yönəldilməsi barədə razılığa gəliblər. Təklif olunub ki, Bakıda elmi-innovativ nəticələrin istehsalatda tətbiqinə dair birgə beynəlxalq konfrans keçirilsin.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed