Şrift:
İranla Altılıq ölkələrinin açıqlamaları üst-üstə düşmür
03.12.2013 [09:51] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Əlirza Amanbəyli: “Həsən Ruhani prezident seçildikdən sonra, İranda milli fəalların həbsi aqressiv şəkildə artıb.”

Davam.az İran-Qərb anlaşmasıyla bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəylidən müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:

-Əlirza bəy, Sizcə İran-Qərb anlaşmasının region ölkələrə müsbət və mənfi təsirləri nələr ola bilər?

-Bildiyiniz kimi İran uzun müddətdir Qərb ölkələrinin ciddi sanksiyaları ilə üzbə-üz qalıb. Bunun da səbəbi, İranın nüvə fəaliyyətinin dinc xarakter daşıyıb-daşımamsını müəyyənləşdirməkdir. Nəticədə İrana qarşı iqtisadi embarqolar qoyulub və ölkə daxilində iqtisadi durum, əhalinin sosial vəziyyəti olduqca aşağı düşüb. Ümumilikdə götürsək, mən belə düşünürəm ki, İranın Qərblə yaxınlaşmasının region dövlətlərinə təsiri ondan ibarət olar ki, İranın iqtisadi sanksiyalardan canını qurtarması region dövlətlərə təzyiqlərinin artmasına səbəb olacaq. Ona görə ki, İran qonşu ölkələrin, özəlliklə Türkiyə və Azərbaycanın Qərb dövlətləri və İsraillə sıx əlaqələrinə ciddi surətdə qısqanclıqla yanaşır. Son 10 gün ərzində İranın müxtəlif bəhanələrlə Azərbaycanla sərhəddi bağlaması, blokada vəziyyətində olan Naxçıvana gedən maşınların qarşısının alınması da bəhs etdiyim təziqlərin başlamasına bir işarə hesab oluna bilər.

-Altılıq ölkələrlə razılaşdırılan məsələlərin İran tərəfdən həyata keçiriləciyini nə dərəcədə real hesab edirsiniz?

-İranda prezident ikinci dərəcəli statusa malikdir. Yəni, prezidenti İranda de fakto dini lider təyin edir və işdən azad da edə bilir. Həsən Ruhaninin son zamanlarda liberal siması ilə ortaya gəlməsi və Qərb dövlətləri ilə danışıqlara getməsi onu göstərir ki, İran artıq rejim daxilində iqtisadi durumun sürətlə təhlükəli bir vəziyyətə gəlib çatması səbəbindən, bu manevrdən istifadə edərək, İrana qarşı olan sanksiyaları Həsən Ruhani vasitəsi ilə aradan qaldırmaq və iqtisadiyatını gücləndirmək niyyətindədir. Bundan əlavə isə, İran bu danışıqlarla nüvə fəaliyyəti ilə bağlı vaxt udma məqsədi güdür. İranda həlledici qərarı dini lider verir. Xamneyi də dəfələrlə bəyan edib ki, “İran nüvə fəaliyyətini dayandırmayacaq, nüvə fəaliyyəti İranın qırmızı xəttidir və biz fəaliyyətimizi sona qədər davam etdirəcəyik.” Hətda müzakirələr zamanı da İran generalları ardıcıl mətbuat konfranslarında bunu bəyan etdilər. Maraqlısı budur ki, Altılıq ölkələrlə anlaşılan maddələr onu göstərir ki, İran tamamilə nüvə fəaliyyətini dayandırmalıdır, 200 kq-a qədər əldə etmiş zənginləşdirilmiş uranı məhv etməlidir və nüvə obyektlərinin fəaliyyətini sıfır dərəcəsinə çatdırmalıdır. Ondan sonra İrana qarşı qoyulan sanksiyaların bir hissəsi azaldılacaq və 6-7 milyard dollar civarında İranın dondurulmuş pulları qaytarılacaqdır. Amma, İran rəsmilərinin ölkəyə qayıdandan sonra, verdiyi bəyanatlarla Altılıq ölkələrinin açıqlamaları üst-üstə düşmür. Belə ki, onlar deyir İran bütün fəaliyyətini dayandırmalıdır, İran isə deyir biz fəaliyyətimizi sona kimi davam etdirəcəyik. Bu onu göstərir ki, İran ikibaşlı siyasət yürüdür.

-Qərblə yaxınlaşmanın Güney Azərbaycan türklərinin insan haqlarına nə kimi təsirləri gözlənilir?

-İran hələ Qərblə yaxınlaşmadığı dönəmdə, hələ təzyiqlər olan vaxt BMT tələb edirdi ki, İranda insan haqları qorunsun, Azərbaycan türklərinin və etnik millətlərin milli hüquqları və azadlıqları pozulmasın, edamlar dayandırılsın, siyasi məhbuslar azad edilsinlər və s. Lakin, İran bu bəyanatlara heç bir məhəl qoymadan, istədiyi siyasəti apardı və özəlliklə Güney Azərbaycan türklərinə qarşı mövqeyini dəyişmədi. Rejim bu gün də Urmu gölünün qurudmaqda, siyasi fəalları həbs etməkdə, ziyalılarımızı həbsxanada saxlamaqda davam edir. Həsən Ruhani prezident seçildikdən sonra, bu hadisələr daha da sürətlənib. İranda milli fəalların həbsi aqressiv şəkildə gündəmə gəlib. İranla Qərb anlaşması əgər baş tutarsa mən hesab edirəm ki, rejim İrandakı qeyri fars millətlərin tamamilə məhvinə aparıb çıxara biləcək.

Müsahibəni götürdü
Leyla Cahangirova
Bu xəbər oxucular tərəfindən 1238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed