Şrift:
Görkəmli Macar alimi Georq Hazainin şəxsi kolleksiyası Azərbaycanda
05.12.2013 [11:49] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sərəncamına əsasən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu ilə dünya miqyasında tanınmış türkoloq-alim, Macarıstan EA-nın həqiqi üzvü Georq Hazainin Mərkəzi Elmi Kitabxanada saxlanılan şəxsi kolleksiyasının katoloq – kitabı nəşr edilib.
Tanınmış alim Azərbaycan ilə əlaqələri haqqında 1950-ci illərdən başlayaraq bir sıra məqalələrini 1975-ci ildən “Sovetskaya Türkologiya” jurnalında dərc etdirib. 2007-ci ildə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Georq Hazainin əsərlərinin biblioqrafıyası Bakıda nəşr olunub. Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alimi öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün təxminən 1000 adda kitab və jurnal, 600-ә yaxın elmi məqalə, habelə bir sıra şəxsi arxiv materiallarını AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlayıb. Hədiyyə olunan kitablar Macarıstan, Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Bolqarıstan və digər ölkələrdə 1960-1990-cı illərdə macar, rus, türk, ingilis, fransız və alman dillərində çap olunan elmi əsərlərdən ibarətdir. Onların sırasına lüğət, soraq kitabçaları, ensiklopediyalar, bir sıra qədim dil abidələrinin elmi- tənqidi mətnləri daxildir. Georq Hazainin çap kataloqunun hazırlanmasının əsas məqsədi dünya miqyaslı türkoloq-alimin zəngin kolleksiyasını açıqlayaraq, təbliğ etməkdən ibarətdir.
Kolleksiyaya ictimai-humanitar elmlər - tarix, arxeologiya, ədəbiyyat, mədəniyyət, incəsənət, siyasət, din, eyni zamanda yer elmləri, biologiya, səhiyyə və b. elm sahələrinə aid ədəbiyyat daxildir. Çap kataloqunda kitablar elm sahələri, dillər üzrə, daxildə isə müəlliflərin soyadına və yaxud sərlövhəyə görə qruplaşdırılıb. Burada universal məzmunlu ədəbiyyat - lüğət və ensiklopediyalar, bundan başqa müxtəlif mövzularda türkologiyaya aid biblioqrafık göstəricilər də öz əksini tapıb. Dövri nəşrlər göstəricidə dillər üzrə qruplaşdırılıb və adlarına görə əlifba sırası ilə verilib. Görkəmli alimin kolleksiyasında mövcud olan türk dünyasına aid illərlə toplanmış məqalələr də çap kataloqunda əks olunaraq və elm sahələri üzrə təqdim edilib. Burada alimin diqqət nəzərində olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qiymətli materiallar da mövcuddur. Qeyd edək ki, kolleksiyanın bir hissəsini Şərqin tədqiq olunmasında alimin istifadə etdiyi müxtəlif dillərdə kitabların titul səhifələrinin surəti təşkil edir. Bu materiallar göstəricidə elmlər üzrə qruplaşdırılaraq əks olunub. Kataloqda əksini tapan türk fılologiyasına aid biblioqrafık göstəricilər isə şərqşünas-alimlərin müxtəlif mövzular üzrə elmi araşdırmalarında yardımçı rol oynayacaq. Georq Hazainin şəxsi kitabxanası Mərkəzi Elmi Kitabxananın Şərq Ədəbiyyatı Fondunda mühafızə olunur.
Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed