Şrift:
Bəstəkar Elza İbrahimovanın 75 illik yubileyi qeyd olunub
06.12.2013 [11:16] - Mədəniyyət
Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi qeyd olunub.



Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova sənətkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələrdən söz açıb: “Bəstəkarın əlli ildən artıq bir dövrü əhatə edən yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edib”.



Yubiley gecəsində çıxış edən Dağıstanın Axtın Rayon İcra Hakimiyyəti başçısının müavini Almaz Şuayev qeyd edib ki, Elza İbrahimovanın mahnılarını təkcə Azərbaycan müğənniləri yox, Dağıstan sənətçiləri də oxuyurlar: “Bəstəkarın xatirəsi hər iki xalqın qəlbində əbədi yaşayacaq”.



Şair Vahid Əziz Elza İbrahimova ilə bağlı xatirələrini danışıb, Azərbaycan musiqisindəki xidmətlərindən söz açıb.



Gecədə Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Elza İbrahimovanın mahnıları ifa olunub.



Yubiley tədbirində filarmoniyanın foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı, sənətkarın həyat və yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib.



Qeyd edək ki, Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirib. "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, romansların, sonataların, kvartetlərin və onlarla sevilən mahnıların müəllifidir.



Elza İbrahimova 2012-ci il fevralın 11-də 74 yaşında vəfat edib.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed