Şrift:
İranın xarici işlər naziri ABŞ Konqresinə xəbərdarlıq edib
10.12.2013 [10:43] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranın xarici işlər naziri ABŞ-da nəşr olunan “Time” jurnalına müsahibəsində Cenevrə razılaşmasından danışıb. “Mehr” xəbər agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif ABŞ Konqresinə ölkəsinə qarşı yeni sanksiya tətbiq olunmaması ilə bağlı sərt xəbərdarlıq edərək bildirib: “Əgər ABŞ Konqresi ölkəmizə qarşı yeni sanksiya tətbiq edərsə, İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əldə olunmuş razılaşma tamamilə ortadan qalxacaq. Biz zəruri şərtlər altında müzakirə etmək istəmirik. Əgər Konqres İrana qarşı yeni sanksiyalar tətbiq etsə, onda bu vəziyyət açıq şəkildə ABŞ-ın bu problemin həllini istəmədiyini, rəsmi Vaşinqtonun ciddilikdən uzaq olduğunu göstərəcək”.

Nazirin sözlərinə görə, hazırda İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunmasına maneə törədən bir sıra mübahisəli məsələlər var: “Bunlar BMT Təhlükəsizlik Şurasının çoxtərəfli, ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdikləri birtərəfli sanksiyalar, həmçinin rəsmi Tehranın həmişəlik uranın zənginləşdirilməsi proqramına sahib olması kimi mövzulardır. Hazırda yekun razılaşmanın əldə olunması üçün qarşı tərəflə müzakirələr aparırıq. Mən hərtərəfli nüvə razılaşmasının əldə olunması üçün heç bir maneə görmürəm və biz razılığa gələ bilərik. Ancaq bəzi məsələlərlə bağlı çətinlik var. Məsələn, biz qərblilərə Ərak ağır su nüvə reaktorunun fəaliyyətinin dinc məqsədli olacağı haqqında təminat veririk. Bu reaktor bizə nə üçün lazımdır? İranın radioizotoplara (radioaktiv dərmanlar) ehtiyacı var. Ancaq Ərak ağır su nüvə reaktoru da bu ehtiyacı təkbaşına ödəmək üçün kifayət deyil. Biz İranın nüvə proqramının din məqsədli olduğunu sübut etmək üçün tədbirlər görürük və qalan məsələlərlə bağlı daha sonra qərar veriləcək. Biz nüvə silahı istehsal etmək niyyətində deyilik. Çünki nüvə silahına İranın təhlükəsizlik doktrinasında yer yoxdur”.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed