Şrift:
Səsin ölməz ilahiliyi – Qədir Rüstəmov
18.12.2013 [10:16] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Səsin ölməz ilahiliyi – Qədir Rüstəmov
(Qədir Rüstəmovun vəfatından 2 il ötür)

Bənzərsiz xanəndə Qədir Rüstəmovunku təkcə oxumaq deyildi, yandırıb-yaxmaq, insan dərdini, kədərini izhar eləmək idi. Oxumaq onun üçün bir vasitə idi. Onun başqa oxuyanlardan fərqi bundaydı.
Qədirin səsi ilahiliyi təsdiq eləyirdi. Tək oxuyan idi ki, heç vaxt artistlik eləmədi, buna gərək duymadı. Oxuyarkən onun düşdüyü durumlar, keçirdiyi hallar həm muğamın, həm də insanın ruhani imkanlarının nəyə qadir olduğunu göstərirdi. Qədirin əvəzsizliyi bundadır. Belə yarandı muğamçılığın Qədir yolu, yöntəmi, örnəyi və zirvəsi.
***
Qədirin səsi qədimlərdən gəlirdi. O, çağımızda bu sarıdan nadir soraq idi. Yəqin ki, özü bütün bunları dediyim kimi bilmirdi, ancaq belə duyduğuna, yaşadığına əminəm. Çünki aşiq insan özünü aqibətdən qıraqda görə bilmir, ondan qırağa çıxmağı bacarmır. Qədir də aqibətdən çıxa bilmədi yaşamı boyu. Aqibətini sevdi, ona uyğun oldu. Ona görə Qədir təbii qaldı, kimsənin gözündən düşmədi, daha da ucaldı, dəyişmədi.
***
Qədir təkcə istedadlı deyildi. Bu, onun üçün çox az idi. O, başqaları kimi istedadını başının üzərinə qaldırmadı, gözlərə soxmadı, əksinə, ona vasitə kimi baxdı. Çünki o, vəcdliydi, ehtizazlıydı.
Belə adamlar həm də özlərinin faciəviliklərini gözəl anlayırlar. Bilirlər ki, onlar anlaşıldıqları dərəcədə həm də anlaşılmazdırlar. Qədirin başqalarına yovuşmazlığı, sərtliyi, güzəştsizliyi bundan idi. Ona görə də o, yalnız oxuyanda özü olurdu. Oxumaq onun üçün var olmaq demək idi.
***
Səsində türkün uca xarakteri vardı – haraylı, ehtizazlı, zərif, ötkəm… Sarsıldıqca sarsıdırdı. Sarsıtdığı dərəcədə sarsılırdı. Səsinin kədəri ürəkləri ovsunlayırdı. O, insanları gerçək aləmdən ayırıb tanımadıqları, bilmədikləri xəyali yerlərə, duyğulara aparırdı.
Qədirin xoşbəxtliyi ondaydı ki, qəribəliyini bildiyi dərəcədə ona bağlanırdı. Bu halının başqalarında hansı duyğular yaradacağı, necə qarşılanacağı onu düşündürmürdü. Onun xoşbəxtliyi öz fitrətinə sonacan yiyəlik eləməsindəydi.
***
Qədirdə kədər o qədər təbiidir ki, insan onu sevməyə, qəbul etməyə bilmir. Axı mahiyyətcə, ən qəmli musiqidir “Sona bülbüllər”. Bəs biz onu Qədirin ifasında niyə bu qədər sevir, ondan güc alırıq? Əgər belə deyilsə, gərək onda “Sona bülbüllər”i dinləyəndə kədər bizi daha da sarsıtsın, yox etsin. Demək, Qədir bu vaxtacan kədər haqqında deyilən bütün yarımçıq, yarıtmaz düşüncələri alt-üst etdi. Əsil kədər – ən böyük güc, fərəh, doğmalıq qaynağıdır. Muğam bunu deyir bizə. Bu baxımdan, Qədiri “muğamın Füzulisi” də adlandırmalıyıq. Ona görə də Azərbaycan türkünün musiqidə “Sona bülbüllər” qədər nikbin özünüifadəsi yoxdur. Bu düşüncəni məndə Qədir Rüstəmovun ifası yaratdı.
***
Asif Atanın Qədir Rüstəmovun sənətinə yüksək sayğısı vardı. Çoxları bilmir ki, Mütləqə İnam Ocağının hələ gizli fəaliyyəti dönəmində mərasimlərimiz Qədir Rüstəmovun “Sona bülbüllər”i və Kamil Cəlilovun “Zəminxarə”si ilə başlayıb.
Asif Ata söhbətlərində deyirdi: “Qədir “Sona bülbüllər”i oxuyanda adama elə gəlir ki, nə kapitalizm var, nə də sosializm. Əslində Qədir sufidir, suficəsinə oxuyur, bunu bilsə də, bilməsə də. Pünhan oxuyur, pünhanı oxuyur”.
Ən qəmli musiqi – ən ruhlu (ümidli, inamlı) musiqidir. Musiqidəki kədər ruhun doğmalığını, ucalığını təsdiq edir.
***
Qədir Rüstəmovdan sonra Azərbaycan muğam sənətində ciddi bir boşluq yaranmaqdadır: sufi tipli, xarakterli xanəndəmiz artıq yoxdur! Halbuki muğam başdan-başa sufi sənətidir, sufilik izharıdır. Qədir Rüstəmov gerçək, ənənəvi sufi həyatı yaşaya bilməsə də, oxuyanda hökmən sufiləşirdi.
***
Çətin günlərimin dostu olub Qədir Rüstəmovun “Sona bülbüllər”i, “Çahargah”ı, “Ay dili-dili”si, “Neyçün gəlməz”i, “Apardı sellər Sara”sı…
Ağlım kəsəndən bu səsin sehrinə düşdüm. Təbiətlə birliyimi, doğmalığımı onun səsində tapdım.
Yaşamaq gözəldir!
Son nəfəsinə kimi insaniliyin dediyinə uyğun yaşayasan. Dərddə, kədərdə yanasan, yandırasan, yandırdığın dərəcədə də qandırasan – bunu da Qədirin səsindən duymuşam.
Qədir Rüstəmovun səsi böyük türk ruhunun, mahiyyətinin təsdiqidir – səsin ölməz ilahiliyi kimi!
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed