Şrift:
Gələn il Azərbaycan və Gürcüstan quru sərhədlərinin razılaşdırılmış hissəsində yeni layihə icra olunacaq
19.12.2013 [12:04] - Gündəm, Borçalı
Belçikanın paytaxtı Brüssel şəhərində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyinə dair “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” Proqramının 9-cu iclası keçirilib.Iclasda Azərbaycandan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-mayor Fərhad Tağızadənin rəhbərliyi altında, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov, DSX-nin Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Murad Nağıyev və BMT İP-nin Proqramlar rəhbəri Məzahir Əfəndiyevin təmsil olunduğu nümayəndə heyəti iştirak edib.



İclasın keçirilməsində məqsəd Avropa Birliyi ölkələrinin sərhədləri üzrə sərhəd mühafizəsi və nəzarətinin daha da gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafından ibarət olub.



Görüşdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin möhkəmləndirilməsi, miqrasiya və sərhəd xidmətlərinin qurumları arasında mövcud əlaqələrin inkişafı, tərəfdaş ölkələrin prioritet hesab olunan nəqliyyat şəbəkələri, qaçaqmalçılığa qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı məsələlər də müzakirə predmeti olub. Eyni zamanda, İnteqrə Edilmiş Sərhəd İdarəçiliyinə dair yeni layihələrin seçki kriteriyalarına dair fikir mübadiləsi aparılıb.



İclasda 6 tərəfdaş ölkənin (Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan) hər biri üzrə İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi (İBM) strategiyası və fəaliyyət planlarına dair təqdimatlarla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Fərhad Tağızadənin də qeyd olunan məsələlər üzrə geniş təqdimatı keçirilib.



2014-cü ildən Azərbaycan və Gürcüstan arasında quru sərhədlərin razılaşdırılmış hissəsində (Yaşıl Zolaq) yeni layihənin icrasına başlanılacaq ki, bu da öz növbəsində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Konsepsiyasının tətbiqi, habelə iki ölkənin sərhədlərinin delimitasiya və demarkasiyası sahəsində həyata keçirdiyi işləri daha da sürətləndirəcək.



Tədbirdə Avropa Birliyi üzv ölkələrinin, İCMPD-nin (Miqrasiya siyasətinin inkişafına dair beynəlxalq mərkəz), FRONTEX-in (Avropa Birliyi sərhəd agentliyi) və 6 tərəfdaş ölkənin sərhəd qurumlarının yüksək səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed