Şrift:
Fərəc Quliyev: “Bakı Metropolitenində görülən işlər nümunə çəkilə bilər.”
20.12.2013 [18:33] - Xəbərlər, Özəl xəbər
Avropada bir xalq məsəli var ki, “yollar ölkənin sinir sistemidir.” Bakı şəhərində bu sinir sisteminin mərkəzində demək olar ki, Bakı Metropoliteni durur. Gün ərzində metrodan 650-700 min sərnişin keçir. Bu isə, Bakı şəhərinin nəqiliyyatdaşıma sistemi üçün olduqca böyük bir rəqəmdir. Bu səbəbdən də metro əhalinin həm də diqqət mərkəzində olan bir sahədir. Meroda əhaliyə göstərilən xidmətin səviyyəsindən, təhlükəsizlik tədbirləri və bütün yeniliklər daim ictimaiətdə müzakirə mövzusudur.
Bununla bağlı suallarımızı cavablandıran Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, “Azərbaycanın iqtisadi potensialının inkişafı, templəri və sürətinin əyani göstəricilərindən biri kimi Bakı Metropolitenində görülən işlər nümunə çəkilə bilər.”
Millət vəkilinin sözlərinə görə “Sovet İmperiyasının son dönəmlərində planlaşdırılmış bütün tikinti işləri dayandırılmış, əsasən, ölkə xaricində istehsal olunmuş avadanlıq və materiallarla təchiz edilən metropolitenin maddi-texniki bazası xeyli zəifləmiş, əlaqələr itirilmişdi. Ürəkaçandır ki, keçən dövr ərzində istismar olunan vaqon parkları yeniləndi, yeni stansiyalar inşa olundu. Yenidən qurulmuş stansiyalarda, müasir, daha təhlükəsiz və asanlıqla xidmət göstərən eskalatorlar quraşdırıldı və yenidənqurma işləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni avadanlıqların və sistemlərin tətbiqi, metro tikintisi xüsusi qeyd olunmalıdır.
Metropoliten bu gün şəhər sərnişindaşımasında ən çox tələb olunan ictimai nəqliyyat vasitəsinə çevrilib. Metropoliten paytaxtda bütün ictimai nəqliyyat növləri üzrə sərnişinlərin 30 faizdən artığını daşıyır.
Paytaxt əhalisinin illik artım tempi və məskunlaşma coğrafiyasının genişlənmə istiqamətləri, şəhərsalma prinsipləri də nəzərə alındıqda metronun əhəmiyyəti daha da artır. Hazırda metropolitendə günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min nəfər sərnişin daşınır. Bu rəqəm çox şey demirmi?
Bakı Metropoliteni beynəlxalq diqqət mərkəzinə çevrilib. Həm tikinti, həm də təchizat sahəsində bir çox aparıcı dünya şirkətləri metropolitenə xüsusi maraq göstərməyə başlayıblar.
Məni qane edən məsələlərdən biri də metro tikintisinin yeni dövründə həm tikintisində, həm də istismar zamanı ən müasir və qabaqcıl texnologiyaların, innovativ düşüncə tərzinin tətbiq olunmasıdır.

Mədəni xidmət səviyyəsinin artırılması baxımından sərnişin informasiya sorğu köşklərinin quraşdırılması da qeyd oluna bilər.
Metropoliten nümunə göstəriləcək təşkilatlardandır ki, işçilərin sosial rifahı ən ümdə vəzifələrdən biri hesab edilir. İşçilərin sosial-mədəni rifahının təmin edilməsi istiqamətində bir çox güzəştlər tətbiq olunur. Bakı metropoliteninin sanatoriya-profilaktoriyası və istirahət mərkəzi, idman-sağlamlıq kompleksi buna misal göstərilə bilər.

Bakı şəhərinin ekoloji cəhətdən təmiz, eyni zamanda, təhlükəsiz, rahat, həm maddi, həm də vaxt baxımından sərfəli bir nəqliyyat növü ilə əhatələnməsi hamımızın arzusu idi və bu arzu gerçəkləşdirilib. Mən Metropoliten rəhbəri Tağı müəllim başda olmaqla bütün Metropoliten işçilərinə təşəkkür edir, uğurlar arzulayıram.”


Ən çox müzakirə olunan məslə metroda günün sıx saatlarında yaranan sıxlıqla bağlı olur ki, bu da əsasən 20-30 il əvvəlki vəziyyətlə müqayisə olunur. Bununla bağlı münasibətini öyrəndiyimiz iqtisadçı-ekspert, mühəndis Malik Talıbov bu müqayisənin düzgün olmadığını əsaslandırdı:
“Mən düşünürəm ki, metroda əhalinin sıxlığını 20-30 il bundan əvvəlki vəziyyəti ilə müqyisə etmək qətiyyən düzgün deyil. Bu illər ərzində Bakı Metropoliteni kifayət qədər inkişaf edib və olduqca uğurlu layihələrə imza atıb. Metropolitendə ən əhəmiyyətli hadisələrdən biri istismar olunan vaqon parkının yeniləşdirilməsidir. 2002-2003-cü illərdə bu müəssisədən 50 yeni vaqon alındı. Son on ildə daha 116 yeni vaqon alınıb. Bu da öz növbəsində, metropolitendə qatarların hərəkət intervalını 120 saniyəyə qədər azaltmağa, sərnişinlərə xidmət səviyyəsini yüksəltməyə imkan verdi. Bu mənada qatarlarda sürətin avtomatik tənzimlənməsini də qeyd edim.
2002-ci il dekabrın 10-da inşası yarımçıq qalmış «Həzi Aslanov» stansiyası istismara verildi. Son onillikdə isə tikinti yeni vüsət alıb. 2006-2009-cu illərdə metropoliten xətlərinin inkişaf etdirilməsi başlandı. Nəticədə, 2008-ci il oktyabrın 9-da “Nəsimi”, 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyaları və “28 May” stansiyasının ikinci giriş-çıxışı istismara verildi. 2011-ci ildə «Dərnəgül» stansiyasının istismara verildi.
Bu stansiyaların texniki təchizatında mövcud şərait də nəzərə alınaraq, yerli şəraitdə müasir texnologiyalardan istifadə olunub. Rele otaqlarında köhnə sistemlər mikroprosessor mərkəzləşməsi ilə əvəzlənib, rabitə vasitələri, elektrik təchizatı avadanlıqları, elektromexanika qurğuları və sistemləri yeni standartlara cavab verir.
Bu illərdə, sadəcə, yeni stansiyalar inşa olunmayıb. Eyni zamanda, mövcud stansiyaların yenidənqurulmasına da başlanılıb. 2008-ci ildə “İçərişəhər”, 2011-ci ildə «Koroğlu» stansiyaları yenidənqurmadan sonra sərnişinlərin istifadəsinə verilib. Yeni inşa olunmuş stansiyalarda olduğu kimi, bu stansiyada da bütün müasir idarəetmə sistemləri quraşdırılıb.
Bütün bunları nəzərə alaraq metropolitendən gileylənməyə dəyməz.”


Hazır da paytaxtda ciddi tıxac problemləri əhalinin şəhərdaxili kütləvi nəqiliyyat kimi daha çox metrodan istifadəsinə səbəb olur ki, bu da günün sıx saatlarında metronun bir çox stansiyalarında sıxlığa səbəb olur. Bu sıxlıq səbəbindən də bəzən mətbuatda Metropoliten rəhbərliyi tənqid hədəfinə çevrilir. Bununla bağlı apardığımız araşdırmalardan məlum oldu ki, Metropoliten rəhbərliyi əhalinin məskunlaşmasına və artım tempinə uyğun tədbirlər planı hazırlayıb. Belə ki, metropoliten rəsmisindən aldığımız məlumata görə Fransanın «SYSTRA», İngiltərənin «Mott McDonald» şirkətləri və Cənubi Koreyanın “Saman” korporasiyasının iştirakı ilə aparılan sosial araşdırmalar və hesabatlar əsasında, paytaxt əhalisinin illik artım tempi və məskunlaşma coğrafiyasının genişlənmə istiqamətləri, şəhərsalma prinsipləri müəyyən olunub. Sosial araşdırmalarda Bakı əhalisinin illik artım tempi 2,5 faiz götürülüb. Hazırda metropolitendə günün gur saatlarında bir istiqamətdə 1 saatda 40 min nəfər sərnişin daşınır. Beynəlxalq Konsorsium tərəfindən aparılmış araşdırmalara əsasən müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər. Təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadratmetrində 6 nəfər sərnişin daşınmalıdır.
Məlumatda gələcək işlər barədə o da bildirilir ki, Bakı metropoliteninin 20-illik inkişaf planına əsasən, yeraltı dəmir yol xətlərinin ümumi şəbəkəsinin 2 mövcud və 3 əlavə yeni xətdən ibarət olacağı müəyyənləşdirildi. Stansiyaların ümumi sayı 76-ya çatacaq. Xətlərin ümumi uzunluğu 119 kilometr olacaq. Bir sözlə, 53 yeni stansiyanın və 84,3 kilometrlik metro xətlərinin inşası nəzərdə tutulur. Ölkə başçısının tapşırığına uyğun olaraq, yeni stansiyaların tikintisi və yerlərinin seçilməsində əhalinin məskunlaşması və hərəkət istiqamətləri ilə yanaşı, sərnişin nəqliyyatının digər növləri, multifunksional nəqliyyat kompleksi ilə uzlaşdırılması da layihədə tam nəzərə alınıb.
Proqrama əsasən, beş il ərzində yeni Bənövşəyi xəttin ilk 5 stansiyası təhvil verilməlidir. Xəttin inşası zamanı metropolitendə ilk dəfə müasir tunelqazma qurğuları tətbiq edildi və hərəsi bir tunel üçün nəzərdə tutulmaqla, iki müasir qazma maşını «Avtovağzal» stansiyasından işə başladı. Bu avadanlıqlar əvvəlki mexaniki üsuldan ən azı 8-10 dəfə məhsuldar olmaqla qarşıya qoyulan vəzifənin sürətlə yerinə yetirliməsinə xüsusi təkan verdi. İnşaat işlərindən danışarkən, stansiya tikintisində də tətbiq edilən yeni metod və üsulları qeyd etmək lazımdır. «Memar Əcəmi-2» stansiyasında tətbiq edilən «Qruntda divar» üsulu iqtisadi səmərəsi ilə seçilir, ən əsası, şəhərin sıx məskunlaşmış hissələrində məhdud çərçivədə iş görməyə imkan verir və ətraf mühitin mühafizəsi tələblərini nəzərə alır. Bu kimi tədbirlər və yeniliklər gələcəkdə, yerindən və şəraitindən asılı olaraq, hər bir stansiyada tətbiq olunacaq.
Artıq 2014-cü ildə yeni xəttin ilk iki stansiyası – «Avtovağzal» və şərti adı «Memar Əcəmi-2» olan stansiyaları, sonrakı iki ildə isə digər 3 stansiyası istismara veriləcək.
Dövlət Proqramına uyğun olaraq, mövcud xətlərin inkişafı da unudulmayıb. Proqramın icra olunacağı müddətdə Yaşıl xəttin daha 3 stansiyasının inşası da planlaşdırılıb. Hazırda şərti adı «Həzi Aslanov-2» stansiyasının, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır.
Bir sözlə, qarşıdakı 3 il ərzində iki xətt üzrə, ən azı, 8 stansiya istismara veriləcək. hazırda Yaşıl xəttin «Xətai-Həzi Aslanov-2» sahəsində aparılan işləri də nəzərə alsaq, 5 il ərzində cəmi 11 stansiya inşa olunacaq.

Leyla Cahangırova
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed