Şrift:
Böyük Britaniya İranın da payı olan yataqdan təbii qaz hasilatına başlamaq istəyir
23.12.2013 [11:48] - Gündəm, İqtisadiyyat
Avropada İranın da payı olan yeganə təbii qaz yatağından yenidən “mavi yanacaq” hasilatına başlanıla bilər.

“Mehr” xəbər agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniya hökumətindən açıqlama verilib.

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyanın BP şirkətindən də “Ram” qaz yatağından “mavi yanacaq” hasilatına 6-9 ay sonra başlanmasının planlaşdırıldığı bildirilib. ABŞ-da nəşr olunan “The Wall Street Journal” qəzeti isə yazıb ki, Böyük Britaniyanın Energetika Nazirliyi 2013-cü ilin sentyabrında BP şirkətinin ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq olunmuş sanksiyalardan azad edilməsi üçün görüşlər keçirib. Xəbərdə həmçinin BP ilə İran Milli Neft Şirkətinin “Ram” qaz yatağından yenidən birgə hasilata başlaması məqsədilə Böyük Britaniya şirkətinin uzunmüddətli olaraq sanksiyalardan azad olunmasını təmin etmək üçün həll yolları axtardığı vurğulanıb.

Xatırladaq ki, Böyük Britaniyanın Energetika Nazirliyi oktyabrın 22-də Şimal dənizində, Şotlandiyanın şimal sahilindən 370 kilometr məsafədə yerləşən və BP şirkəti ilə İran Milli Neft Şirkətinin hər birinin 50%-lik paya malik olduğu “Ram” qaz yatağından “mavi yanacaq” hasilatına qoyulmuş qadağanı aradan qaldırdığını açıqlayıb. Ancaq rəsmi London İranın enerji sektoruna tətbiq edilmiş sanksiyalar öz qüvvəsində qaldığından, həmin yataqdan təbii qaz hasilatı nəticəsində hər hansı gəlir əldə olunacağı təqdirdə, İran Milli Neft Şirkətinin Böyük Britaniyadakı bank hesabına köçürüləcəyini, lakin bu hesabdan istifadə edilməsinin mümkün olmayacağını bildirib.

Avropa Birliyi 2010-cu ilin oktyabrında İran şirkətlərinə, xüsusilə İran Milli Neft Şirkətinə qarşı sanksiya tətbiq etməsi səbəbindən böyük qaz yatağı qapadılıb. Yataqdan təbii qaz hasilatına isə 2005-ci ilin dekabrında başlanılıb. Bu yataqdan hasil olunan “mavi yanacaq” Böyük Britaniya ərazisində çıxarılan təbii qazın təxminən 4%-ni təşkil edib.
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed