Şrift:
Fərəc Quliyev Milli Məclisin iclasında üç ciddi məsələ qaldırdı.
27.12.2013 [13:15] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin dekabrın 27-də keçirilən iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev üç ciddi məsələ qaldırıb. Millət vəkili minimum əmək haqqlarının artırılması, Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan hərbi qulluqçularla verilən müavinətlərin yenidən bərpa edilməsi və benzinin qiymətinin tənzimlənməsiylə bağlı təkliflərlə çıxış edib. F.Quliyevin çıxışının tam mətnini təqdim edirik:
"Çox sag olun cənab sədr. Mən bir daha hamını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Bilirsiniz ki, yanacaq qiymətləri artdıqdan sonra, ölkədə istehlak səbətinin dəyəri icbari ödənişlər ucbatından qalxmışdır. Ona görə də yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı yenidən tənzimlənməli-məbləğləğ qaldırılmalıdır. Hesab edirəm ki, bu məsələyə mütləq baxmaq lazımdır.
İkinci toxunacağım məsələ, Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan hərbi qulluqçularla bağlıdır. Bu kateqoriyadan olanlara verilən müavinət keçən ilin may ayından dayandırılıb. Paradoks odur ki, hazırda hərbi xidmətdə olan müharibə veteranlarına və iştirakçılarına bu müavinət verilir. Amma, Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan zabitlərə bu şamil olunmur. Məncə, bu paradoks aradan qaldırılmalı və müavinət hər kəsə verilməlidir.
Üçüncü məsələ yanacaqla bağlıdır. Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti tənzimlənməlidir. Aİ-98 markalı benzinin satış qiyməti sərbəstdir- 1 litrinin qiyməti 1 manat 50 qəpik, yəni 1,4 avrodur . Moldovada bu yanacaq növünün hər litrini 1, Gürcüstanda 0,95, Rusiyada isə 0,78 avroya satırlar. Azərbaycan hökuməti bu benzinin qiymətini tənzimləmir. Bu qiymət məqsədli şəkildə qaldırıla bilər. Aİ-98 benzinin qiymətinin tənzimlənməməsini onun idxal olunması yəni, ölkə daxilində istehsal olunmaması ilə əlaqələndirirlər. Bizim xammalımız, neft sənayesi müəssisələrimiz, elmi bazamız olduğu halda həmin yanacaq növü Rumıniyadan gətirilir. Tarif Şurasının 2 dekabr qərarında da məhz ölkə daxilində istehsal olunan neft məhsullarının qiymətinin müəyyənləşdirilməsi göstərilir. Əvvəla biz ölkə olaraq xammal əvəzinə yarımfabrikant və son məhsul satışına üstünlük versək belə vəziyyətlə üzləşmərik.
İkincisi, qiymətin formalaşmasının mövcud mexanizmi qanunvericiliyə birbaşa ziddir. Qanunvericiliyə görə, kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində satılan yanacağın qiymətini dövlət tənzimləyir. Mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər.

Bu qanundan çıxış edərək, Nazirlər Kabineti 2005-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısı təsdiq edib. Bu siyahıya 39 mal, iş və xidmət qrupu daxil edilib. Siyahıya əsasən, xam neft və neftdən emal olunan əsas məhsulların qiyməti tənzimlənməlidir. Yəni qərarda ölkə daxilində istehsal olunan yox, ümumiyyətlə neft məhsullarının tənzimlənən qiymətlərə aid olması göstərilir.

Aİ-98 markalı benzini neft məhsulu olduğuna görə tənzimlənən məhsullar kateqoriyasına daxildir və deməli, onun da qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənməlidir. Təşəkkür edirəm."

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed