Şrift:
Şirin xanım Kərimbəyli Şadiman:-SAZIM ÇAL
31.12.2013 [12:43] - Gündəm, Mədəniyyət
Dərdlərimin təzəsi çox, azı yox,
Ölər ömrün sərt qışı var, yazı yox,
Heç alında yazım kimi yazı yox,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Mən gələli dünya yaman dünyadır,
Yazıq başım gecə-gündüz qaldadır,
Var-dövləti gözümüzü aldadır,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Ellərimin qan ağlayan gözləri,
Alışdırır bağrın için közləri,
Yağılara göz dağıdır özləri,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Dərd sinəmi min bir yerdən oxladı,
Bu kor olmuş bəxtim yenə yuxladı,
Gül bəslədim, ətrin yağı qoxladı,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Nədəndir ki, buludlanmış nəhirlər?
Boğdu məni min bir yerdən qəhərlər,
Dünya zalım üsbəüstdən zəhərlər,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Zəmanənin üzü dönüb yenə də,
Min yara var qəmə batmış sinədə,
Tarix ağlar uçuqlanmış binədə,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Tale quşu bağrımızdan uçubdu,
Əlçatmayan zirvələri qucubdu,
Bəxt sarayı başımıza uçubdu,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Acılara ağlayan kim, gülən kim?
Dünya varın min bir yerə bölən kim?
Altunlarla çarpışan kim, ölən kim?
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Saçın yolur halımızdan mələklər,
Şimşəklərdən şivən qurur fələklər,
Qüsurlunu, qüsursuzu ələklər…
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Ey Şadiman, dünya mənim deyənlər,
Varın, pulun, əyin-başın öyənlər,
Haqqı danıb, tərəzini əyənlər,
Bir gün Tanrı dərgahında hey inlər,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.
27.10.1991

Şirin xanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 1143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed