Şrift:
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
01.12.2011 [10:01] - Xəbərlər
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bratke (ABŞ) və İqor Popov (Rusiya) bölgəyə səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik noyabr ayının 28-30-da Yerevan və Bakıya səfər ediblər. Vasitəçiləri Fasyeni gələcəkdə Fransadan həmsədr kimi əvəz edən səfir Jak For müşayiət edib.

Həmsədrlər Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, XİN-in rəhbəri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər.

Keçirilən bütün görüşlərdə həmsədrlər, Dağlıq Qarabağ münaqişəsinin həllində davamlı sülhə nail olmasında təmsil etdikləri ölkələrin öhdəliklərini bir daha təsdiq ediblər.

Təmas xəttində baş vermiş son hadisələri qeyd edən həmsədrlər 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar.

Onlar bir daha bildiriblər ki, bu cür insidentlər onu göstərir ki, sərhəd bölgələrində baş verən insidentləri araşdırmaq üçün, prezidentlərin razılıq verdiyi məqsədyönlü mexanizmi həyata keçirmək zəruridir. Həmsədrlər həmçinin insanlar arasında etimadı doğrultmaq, dini, mədəni məkanları və qəbiristanlıqları qorumaq üçün əlavə tədbirlərin görülməsi barədə də müzakirələr aparıblar.

Həmsədrlər noyabrın 29-u Ermənistan və Azərbaycan sərhədini ayaqla keçərək hər iki tərəfin rəsmiləri ilə sərhəd regionundakı vəziyyəti müzakirə etmək üçün görüşüblər. Noyabrın 30-da həmsədrlər Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşü zaman vurğulayıblar ki, münaqişənin sülh yolu ilə həll olunması məcburi köçkün və qaçqınların öz yurd yuvalarına qayıtmaq hüquqlarını özündə əks etdirməlidir.

Həmsədrlər tərəfləri dekabrda ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək iclasından faydalanaraq münaqişənin sülh yolu ilə həllini tapmağa və saxlanması qəbul olunmaz olan status kvonun çərçivəsindən kənara çıxmağın vacibliyinə inandırmağa çalışıblar.
Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed