Şrift:
Neft Fondunun qızıl ehtiyatları 30,2 tona çatdı
07.01.2014 [11:47] - Gündəm, İqtisadiyyat
Gələn il Neft Fondu qazandığı qədər də xərcləyəcək


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 30 tona çatdırıb. Fonddan APA-ya verilən məlumata görə, ARDNF tərəfindən alınmış qızılın miqdarı hazırda ümumilikdə 970 145,5 troya unsiyası və ya 30 174,9 kq olub. Xatırladaq ki, ARDNF tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına start verilib və qızılın ölkəyə gətirilməsinə 2013-cü ildən başlanılıb. Bu ilin dekabr ayının sonuna qədər 643 450,640 troya unsiyası və ya 20 013,55 kq qızıl ölkəyə gətirilib. Qeyd edək ki, ARDNF-in strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilə bilər.
ARDNF 2014-cü il üçün büdcəsinin layihəsində gəlirlər 11,624 mlrd. manat (14,819 mlrd. ABŞ dolları), xərclər isə 11,626 mlrd. manat (14,821 mlrd. dollar) həcmində proqnozlaşdırılır. Fondun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, bu vəsaitin 300 mln. manatı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə xərclənməsi təklif olunur. Gələn il Bakı-Tbilisi- Qars dəmir yolu layihəsinin icrasına daha 132 mln. manatın ayralıması nəzərdə tutulur. ARDNF-in 2014-cü il üçün büdcə layihəsində həmçinin 285 mln. manatın yeni neft-kimya kompleksinin inşası, 33,7 mln. manatın təhsil sahəsinə ayrılması planlaşdırılır. Trans-Anadolu boru kəmərinin (TANAP) inşası layihəsinin maliyyələşdirilməsinə isə gələn il 800 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.
ARDNF 2013-cü ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 10,086 milyard manat, büdcə xərcləri isə 8,747 milyard manat təşkil edib. Fondun rəsmi məlumatına görə, yanvar-sentyabr ayları ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9,775 milyard manat, o cümlədən mənfəət nefti və qazın satışından 9766,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 6,0 mln. manat, bonus ödənişləri 0,3 mln. manat, xarici sərmayədarlar tərəfindən təhvil verilmiş aktivlərdən 0,06 mln. manat təşkil edib. Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 mln. manata bərabər olub.
Hesabat dövrü ərzində Fondun 8,340 milyard manat vəsaiti dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 249,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106,4 mln. manat, «Bakı-Tbilisi-Qars yeni dəmir yolu Layihəsi»nin maliyyələşdirilməsinə 10,9 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 12,4 mln. manat yönəldilib. Bu ilin 9 ayı ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 27,8 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 38,7 mln. manat təşkil edib.
Nəticədə, 2013-cü il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 4,9% artaraq 35,809 milyard ABŞ dollarına çatıb. Qeyd edək ki, 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və bu ilin oktyabrın 1-nə ARDNF tərəfindən alınmış qızılın miqdarı 26 442,5 kq (850 146 troya unsiyası) təşkil edib.
Fondun icraçı direktoru Şaxmar Mövsümov hələ ilin əvvəlində bəyan edib ki, bu ilin sonunda Azərbaycan Dövlət Neft Fondunun qarşısında aktivlərin 2013-cü ilin əvvəlindəki səviyyədə saxlamaq məqsədi qoyulub. Bunun səbəbi Fondun 2013-cü ilin büdcəsinin kəsirli olması ilə bağlıdır. Qeyd edək ki, təsdiq edilmiş proqnozlara əsasən, ARDNF-in 2013-cü il büdcəsinin gəlirləri 11,482 milyard manat, xərcləri 13,403 milyard manat təşkil edir. Bu ilin əvvəlində isə Fondun aktivlərinin həcmi 34,129 mlrd. ABŞ dollarına, aprelin 1-nə isə 34,326 mlrd. dollar, oktyabrın 1-nə isə 36 milyard olub.
Bu il Heft Fondunun xərclərinin gəlirlərindən çox olacağı bir dövrdə dünya bazarında «qara qızıl»ın qiyməti 110 dollardır, Azərbaycanda neft hasilatı və ixracı isə azalır. 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Azərbaycan hökuməti neftin dünya bazarındakı qiymətləri və onun ölkə iqtisadiyyatına təsiri ilə bağlı maksimum ehtiyatlı siyasət yürüdür. Ölkənin dövlət büdcəsinin gəlirləri isə birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır. Hökumətin əsas ümid yeri «qara qızıl»dır. Təkcə keçən il Heft Fondundan dövlət büdcəsinə daxilolmalar 10 milyard manat və ya ümumi büdcə daxilolmalarının 60,3%-i qədər olub. Bu il də oxşar tendensiyanın davam edəcəyi gözlənilir.
ARDNF yeni layihələrə də vəsait ayırır. Yeni layihələrə misalı olaraq Azərbaycanın Türkiyədə inşa etdiyi «Star» neft emalı zavodunu, TANAP layihəsini, ölkədə yaradılacaq Neft-Qaz və Neft-Kimya Kompleksini, Xəzər dənizində yeni üzən qurğunun tikintisi kimi layihələrin maliyyələşdirilməsini qeyd etmək olar. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması istiqamətində və «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsi davam etdirilir.
Hazırda Avropada maliyyə böhranı yaşanır. Asiyada isə əksinə qlobal maliyyə böhranından sonra canlanma baş verir, maliyyə bazarları inkişaf edir. Bu baxımdan ARDHF diqqətini Asiyanın həm qiymətli kağızlar bazarına, həm də daşınmaz əmlak bazarına yönəldib. Artıq Fond tərəfindən Avstraliya, Türkiyə və Rusiyanın qiymətli kağızlar bazarına vəsait yatırılıb. Belə ki, ARDNF Avstraliyada ümumi həcmi 200 mln. Avstraliya dolları, Türkiyədə 800 mln. türk lirəsi, Rusiyada isə 3 mlrd. Rusiya rublu olan istiqrazlara vəsait yatırıb. ARDNF-in valyuta ehtiyatları 50%-i ABŞ dollarında, 40%-i avroda, 5%-i ingilis funt sterlinqində, qalan 5%-i isə digər valyutalarda (Avstraliya dolları, Rusiya rublu və türk lirəsi) saxlanılır.
Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed