Şrift:
Azərbaycan yeni optik sistemlərin və termal nişangahın istehsalına başlayır
15.01.2014 [14:50] - Gündəm, Hərb
Azərbaycan bu il 3 adda yeni optik sistemlərin, o cümlədən termal nişangahın istehsalına başlayacaq.


Bu barədə Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyindən məlumat verilib.



Artıq müvafiq məhsulların istehsalı üçün müəssisədə istehsalat sahəsi yaradılıb və zəruri olan bütün sistem qurulub. Termal nişangah ASELSAN şirkətinin lisenziyası əsasında istehsal ediləcək və bu şirkətin BOA adlı termal nişangahının Azərbaycan analoqu olacaq.



Müəssisə yaxın perspektivdə 3,5-4,5 qat böyütməyə malik optik gecəgörmə vasitələrinin, habelə Silahlı Qüvvələrin ehtiyac duyduğu müxtəlif optik sistemlərin istehsalını həyata keçirməyi planlaşdırır.



Azərbaycanda istehsal olunan STON adlı optik nişangahlar milli istehsal olan 14,5 mm çaplı «İstiqlal» və 12,7 mm çaplı «Mübariz» snayper tüfənglərinin komplektləşdirilməsində istifadə olunur.



Hazırda İstehsalat Birliyinin «Alov» zavodunda Silahlı Qüvvələr üçün 12 adda optik cihaz istehsal edilir. Onların arasında atıcı silahlar, qumbaraatanlar, minaatanlar və toplar üçün optik nişangahlar, kollimatorlar, gecəgörmə vasitələri, durbinlər var.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed