Şrift:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi müzakirə olunub
01.12.2011 [18:03] - Hərb
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi müzakirə olunub. Bu barədə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi Zahid Oruc məlumat verib. Müzakirədə millət vəkilləri ilə birlikdə Milli Məclisin ekspertləri və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib.

Z. Oruc deyib ki, layihədə ümumilikdə ictimaiyyətin gözlədiyinin əksinə olaraq, ciddi dəyişikliklər yoxdur. Müzakirənin gərgin keçdiyini söyləyən deputat bildirib ki, millət vəkilləri hərbi xidmət müddəti, möhlət hüququ, hərbi xidmətə çağırış və alternativ xidmət daxil olmaqla, bir sıra məsələlərə toxunublar.

Z. Oruc orduya çağırışla bağlı Türkiyə modelinin tətbiqi, çağırış komissiyalarının bir qurumda birləşdirilməsi, hərbi tibb komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi barədə məsələ qaldırıb. Əliağa Hüseynov isə gələcəkdə xüsusi istedada malik şəxslərin siyahısının müəyyənləşdirilməsi və onlara həqiqi hərbi xidmətdən möhlət hüququ verilməsini təklif edib. Deputatlar tərəfindən bu təklif müsbət qarşılanıb.

Z. Oruc alternativ xidmət hüququnun Konstitusiyada əksini tapmasına baxmayaraq, deputatlar tərəfindən hazırkı şərait üçün məqbul hesab edilmədiyini vurğulayıb. Millət vəkilinin sözlərinə görə, vətəndaşlara hərbi xidmətdən möhlət hüququnun verilməsi şərtləri, çağırış yaşının aşağı salınması kimi məsələlər əvvəlki qaydada saxlanılıb. Lakin hərbi məktəbləri yarımçıq qoyanların xidmət müddətinin hesablanması, hərbi xidmət keçdiyi dövrdə cinayət törədən şəxslərin xidmətini sonra davam etdirməsi şərtləri ilə bağlı yeniliklər var. Belə ki, hərbi və xüsusi təyinatlı məktəblərdən intizamsızlığa və ya digər səbəblərə görə xaric olunmuş şəxslərin hərbi məktəbdə təhsil aldığı müddət 4 günü bir gün olmaqla həqiqi hərbi xidmət müddətinə hesablanacaq. Cinayət törətmiş şəxslər isə cəzalarını başa vurandan sonra çəkdikləri xidmət müddətini davam etdirəcəklər. Məsələn, 6 ay xidmət etmiş hərbi qulluqçu cinayət törədir. Cəzasını çəkdikdən sonra o, xidmətini 7-ci aydan davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 2542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed