Şrift:
İran rejiminin qorxduğu general Məhəmməd Tağı Pisyan
17.01.2014 [12:00] - Hərb, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın tanınmış hərbçilərindən olan general Məhəmməd Tağı Pisyan təəssüf ki, haqqında çox az danışılan və yazılan tarixi şəxsiyyətlərimizdəndir. Onun zəngin həyat və fəaliyyətinin təbliği bugünkü gənclik üçün hava-su kimi lazımdır. Belə qəhrəman şəxsiyyətlərimiz gənclərimiz üçün hər zaman örnək olmalıdır.

General Məhəmməd Tağı Pisyan haqqında söhbət etmək üçün İsveçdə yaşayan «Azadtribun.net» saytının rəhbəri Babək Azəriyə mücariət etdik. Babək Azəri ilə söhbətləşməni oxucularımıza təqdim edirik:

- Babək bəy, Məhəmməd Tağı Pisyanın şəxsiyyəti, mübarizəsi barədə Sizdən məlumat almaq istəyirik.Məhəmməd Tağı Pisyan kimdir?

- Məhəmməd Tağı Pisyan Təbrizdə türk ailəsində dünyaya göz açıb. Yüksək rütbəli hərbiçi olduğuna görə, Güney Azərbaycanda onu «Təbrizli General» kimi tanıyırdılar. O, Almaniyada yaşayanda yeni osmanlılarla əlaqə saxlayıb və özünü Azərbaycan türkü kimi təqdim edib. Elə bu səbəbə görə, türklər onu «Azərbaycanlı general» deyə çağırırdılar. Onun dövründə İran hökuməti vətəndaşların can və mal təhlükəsizliyin lazımınca qoruyub saxlaya bilmirdi. Elə bu səbəbə görə, İranda yaşayan xalqlara can və mal təhlükəsizliyi bir nömrəli məsələyə çevrilmişdi. Məhəmməd Tağı Pisyan qətiyyətli hərbiçi və çevik siyasətçi kimi vətəndaşların can və mal təhlükəsizliyin qoruyub saxlamaqda böyük qabiliyyəti vardı. Elə buna görə, o zaman bu şəxsiyyət haqqında hamı deyirdi: «Məhəmməd Tağı Pisyan hər hansı bir yerdə təhlükəsizlik məsulu olsa, o yerdə qız uşağı gecə yarısı başında qızıl xonça tək-tənha aləmi gəzər». Bundan əlavə, Pisyan topluma yeni idarəetmə sistemi gətirdi. Misal üçün, Xorasan vilayətində dövlət məktəbləri, banklar, vergi sistemi, ədalət komitəsi və s. yaratdı. Bütün bunların nəticəsi olaraq Pisyan ancaq Azərbaycanda yox, əslində bütöv İranda çox şöhrət qazandı. Əlbəttə, onun barəsində çox sözlər demək olar və düşünürəm ki, qeyd etdiyim fikirlərim oxucularımızda bu şəxsiyyət haqqında fikirlərin formalaşmasına kömək edəcək.

- Almaniyanın məşhur generalı Hindinburq Məhəmməd Tağı Pisyana maraq göstərməkdə əsas məqsədi nə idi?

- O zaman İranda mərkəzi hökumət çox zəif idi, dünya ictimaiyyəti Məhəmməd Tağı Pisyanı gələcəkdə bir güclü hərbi və siyasi lider kimi görürdü. Elə bu səbəbə görə, bir çox dünya ölkələrinin liderləri çalışırdılar ki, Pisyanla yaxın əlaqə saxlasınlar. Elə buna görə də, onun bir çox tanınmış siyasi və hərbi şəxsiyyətlərə yaxın əlaqəsi vardı. Çünki, o, alman və ingilis dillərin bilirdi. Amma alman generalını, xüsusi olaraq Məhəmməd Tağı Pisyanın hərbçilik qabiliyyəti maraqlandırırdı. Belə nəql edirlər ki, Pisyanın Həmədanda rus ordusu üzərində qələbə qazanması alman generalının heyrətinə səbəb olub. Bu hadisədən sonra alman general ilə Pisyan arasında yaxın əlaqə, hətta dostluq rabitəsi yarandı və alman general Məhəmməd Tağı bəyi Almaniyaya dəvət etdi.

- Tarixi mənbələrdə onun Azərbaycan türkü olması təsdiqlənibmi?

- Biz tarixi qaynaqlardan danışanda əsas azərbaycanlıların yazdıqları qaynaqları götürməliyik. Azərbaycanlıların yazdığı qaynaqlara görə, Pisyan azərbaycan türküdür. 2009-cu il Təbriz camaatı Məhəmməd Tağı Pisyanın xatirəsini əbədiləşdirmək üçün Təbrizin hava limanının üç yol ayrıcında heykəlini qoydular. Amma unutmamalıyıq ki, hakim millət, yəni, fars millətinə aid olan irqçi tarixçilər həmişə çalışıblar bizim tarixi şəxsiyyətlərimizin barəsində yalnış məlumat yayılmasına çalışırlar. Misal üçün, bir neçə il bundan qabaq bir irqçi fars mollası Babək Xürrəmdinin barəsində bir kitab yazıb, onun Səbzvarlı və fars olduğunu vurğuluyır və bu iddiasının üzərində ciddi cəhdlə dayanırdı. O, həmçinin iddia edir ki, Babəkin həqiqi adı Abdullah və onun hərəkatı isə bir dinçi hərəkat imiş, qaldırdığı qırmızı bayraq da Kərbəlada şəhid olanların mübarizə rəmzi sayılırmış. Bu misalı çəkməkdə məqsədim bundan ibarətdir ki, biz icazə verməməliyik ki, irqçi tarixçilər öz saxta və cəfəng məlumatları ilə bizim cavanlarımızın fikir və düşüncələrinə təsir etsinlər.

- Pəhləvi rejiminin Məhəmməd Tağı Pisyandan çəkinməsinin əsas səbəbini nə ilə bağlayırsınız?

- Buna üç əsas səbəb var idi: Birinci səbəb ondan ibarət idi ki, Məhəmməd Tağı Pisyan İranda özünə çox yaxşı ad qazanmışdı və bununla əlaqədar ona kütlə içində böyük iman vardı. Bu nöqtəyi-nəzərdən, o, Rza şaha çox ciddi rəqib sayılırdı. İkinci səbəb bundan ibarətdir ki, o yaşayan zaman fars millətçiləri, irqçi qüvvələr Pisyanı türk olduğuna görə, onu özlərinə lider kimi qəbul edə bilmirdilər. Elə buna görə Pisyanın qarşısında fars irqçi qüvvələr Rza şahı dəstəkləyirdilər. Və nəhayət, üçüncü səbəb bundan ibarətdir ki, Pisyan Rza şah kimi bisavad deyildi, bir neçə dil bilirdi, xaricdə təhsil almışdı, sülalə və monarxiya (səltənət, istibdad) rejiminə qarşı idi və İranda cümhuriyyət yaranmasını müdafiə edirdi. Bütün bunların nəticəsində irqçı qüvvələr və onları təmsil edən Rza şah ona qarşı idilər.

- Maraqlıdır ki, onun məzarı bir necə dəfə dəyişdirilib. Sizcə, onun məzarı rejim üçün bu qədərmi təhlükə yaradırdı?

- Pisyan qətlə yetiriləndən sonra onun ölümü də Pəhləvi rejiminə bir böyük problemə çevrildi. Onun nəşi Məşhədə gətirildi və Xorasanlılar tərəfindən çox böyük təntənə ilə Nadir şahın məzarının yanında dəfn olundu. Beş il onun ildönümü Xorasan və Azərbaycan vilayətlərində keçirildi. Elə bu məsələ də İranın irqçi rejimin qorxutdu. Rejimin əmri ilə Məhəmməd Tağı Pisyanın qəbri açıldı, cəsədi ordan çıxarıldı və ümumi qəbiristanlığa köçürüldü. Pəhləvi rejimində belə bir qorxu yaranmışdı ki, bu kütləvi tədbir Pəhləvi rejiminə qarşı inqilaba çevrilə bilər. Onlar fikir edirdilər, Pisyanın nəşinin Nadir şahın məzarının yaxınlığında dəfn edilməsi ona xüsusi siyasi status verir və bu da İranda xalqların, xüsusən də azərbaycanlıların rejimə qarşı mübarizəsində ilham qaynağına çevrilmə təhlükəsi yaradırdı. Elə bu səbəbə görə bir neçə dəfə generalın məzarını dəyişdilər. Bundan sonra ona rəsmi şəkildə yas mərasimi keçirilməsi qadağan olundu. Amma Müsəddiq İranda baş nazir seçiləndə azərbaycanlıların, xüsusən Xorasan türklərinin istəyinə təslim olub və yenidən onun cəsədinin Nadir şahın məqbərəsinə köçürülməsinə razılıq verir. Bəziləri deyirlər ki, Məhəmməd Tatı Pisyanın son savaşı Qoçan təpələrində yox, əslində məzarının təzədən Nadir şah məqbərəsinə köçürüləndə olub. Onun cəsədinin yenidən ora gətirilməsi ilə Pəhləvi rejiminə böyük zərbə vurdu.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed