Şrift:
Gənclər və İdman Nazirliyi erkən nikahlar və qadınların aşağı savadlılıq səviyyəsini sosial gərginliyə səbəb olan məsələ kimi qiymətləndirib
21.01.2014 [14:28] - Gündəm, Sosial
Azərbaycanda gənclərlə işləyən mütəxəssislərin bilik və bacarıq standartları hazırlanacaq.


Bu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə nəzərdə tutulan və Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan gənclərinin İnkişaf Strategiyası: 2013-2023-cü illər” əksini tapıb.



“Gənclərlə iş sahəsinin mütəxəssisi” ixtisasının tətbiq edilməsinə nail olmaq da Strategiyada əsas vəzifələr sırasında göstərilib. Bunları zəruri edən amillərə gəlincə, sənəddə qeyd edilib ki, ali təhsil müəssisələrində innovativ imkanlı, mövcud və perspektiv əmək bazarının ehtiyaclarını nəzərə alan ixtisasların tədrisinə ehtiyac yaranıb. Bu gün ölkə siyasətində duran əsas prioritetlərdən biri “insan kapitalının” ixracının qarşısını almaqdır. Azərbaycan da daxil olmaqla, dünya ölkələrindəki təbii sərvətlərin böyük əksəriyyəti bərpa olunmadığından, bu, məsələnin əhəmiyyətini artırır. Digər tərəfdən, Azərbaycanda təhsil və səhiyyə sahəsinin infrastrukturunun ən yüksək tələblər səviyyəsində yenidən qurulmasına baxmayaraq, hazırlıqlı mütəxəssislərin olmaması səbəbindən bu xidmətlərin keyfiyyəti hələ aşağıdır. Sosial xidmətlər sahəsində yenidənqurma işlərinin aparılması və tam yeni xidmətlərin yaranması nəzərə alınsa, yaxın gələcəkdə bu sahələr üçün mütəxəssislərin defisiti ciddi şəkildə özünü göstərəcək. Söhbət burada müxtəlif sahələr üzrə sosial işçilər, gənclərlə iş üzrə mütəxəssislərdən gedir. Eyni zamanda xüsusilə rayon və kəndlərdə qızlar orta təhsilini bitirmədən məktəbi tərk edir, erkən nikahların sayında azalma tendensiyası nəzərə çarpmır. Bu problemin həlli üzrə fəaliyyət planı yoxdur. Sənəddə vurğulanır ki, erkən nikahlar, qadınların aşağı savadlılıq səviyyəsi, nikahdan kənar uşaqlar ölkə iqtisadiyyatına mənfi təsir edir, həmçinin sosial gərginliyə səbəb olan məsələ kimi qiymətləndirilir.



Strategiya layihəsində gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdiriləcəyi də qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed