Şrift:
Güney Azərbaycanda ədəbiyyat
23.01.2014 [13:28] - Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Səhənd: «Bir kərə yadların daşını ataq, çəkək qayğısını öz elimizin»

Məlihə Əzizpur: «Güneydə ədəbiyyatımızın daha da inkişaf və irəliləməsi üçün tənqidçilərə ehtiyac var»


Güney Azərbaycan şairlərindən biri də Bulud Qaraçorludur (Səhənd). O, Pəhləvi rejiminin boğuntusunda Dədə Qorqud dastanlarını «Sazımın sözü» əsərində bütövlüklə nəzmə çəkdi, onun nədənini isə öz xalqına (Türk millətinə) şərəfli keçmişini göstərmək, milli şüur və mənliklərini diri tutmaq amacı olduğunu bildirdi. Toplam 6460 misra olan «Sazımın sözü» əsəri Türkiyə və Quzey Azərbaycanda da yayılıb.

Bulud Qaraçorlu bu əsəri ilə yenə də Türk dilinin gücünü isbat etməkdə çox başarılı oldu. Onun başqa şeirlərində də Vətən sevgisi, özgürlük, milli haqlar və sevgi haylanır:



Demirəm ki, üstün nijaddanam mən,

Demirəm ki, elim ellərdən başdır.

Mənim məsləyimdə, mənim yolumda

İnsanlar hamısı dostdur, qardaşdır…



Səhənd öz növbəsində Güney Azərbaycanın çağdaş poeziyasının inkişafında dərin etgi buraxıb və hətta Şəhriyarı belə öz ana dilində yazmağa çağırırdı:



Bu gün mən Səhəndəm, sən Şəhriyarsan,

Gəl başın ucaldaq qoca Təbrizin.

Bir kərə yadların daşını ataq

Çəkək qayğısını öz elimizin…



Və elə bu çağrıya cavab olaraq Şəhriyar da «Səhəndiyyə» poemasını sırf Səhənd üçün yox, bəlkə bütün Azərbaycana ithaf etmişdi.

Son 60-65 ildən bəri Güney Azərbaycanda yazıb-yaradan şairlərin əsərlərində siyasi motivlər son dərəcə güclüdür. Pəhləvi dönəmində yenə də mübarizə ilə yaşayıb-yaradan şairlərdən biri Əli Rza Nabdil (Oxtay) olub. Onun yaradıcılığı qısa olsa belə yaşam tərzinin inikasıdır. Onun idrak dünyasında döyüşlə sənət bir-birlərindən ayrılmayan ünsürlərdir. Oxtay şeirlərində öz idealını bədii donda ortaya çıxarmaqda çox başarılı oldu. Onun idealı və əsərlərinin əsas yönü İnsandır və bu insanın ən yüksək dəyəri Özgürlükdür. Oxtay özgürlüyə tərəf uzanan yolun yorulmaz və ümidlərini itirməz yolçusu oldu:



Sazaq dan yerində bizi gözləyir,

Soyuq əllər ilə aça bilmərik.

Gələcək günlərin qızıl qapısın

Soyuq əllər ilə çala bilmərik

Günlərin sazında zəfər mahnısın…



Pəhləvi rejimi devrildikdən sonra səma bir az açılıb və Güney Azərbaycan şeirində yeni dönəm başlandı. Həmidə Rəiszadə (Səhər) xanımın «Mavilər» adlı şeir kitabı yayımlanmaqla yanaşı çağdaş ədəbiyyatımızda yeni atmosfer ortaya çıxdı və şeir canlanmağa başladı.

O «Mavilər» kitabında olan şeirlərində fikir və duyğuda tam dəyişik bir forma və canlı təsvir, təmsil və istiarələr ortaya qoyub və öz yaşadığı dövrün çağdaş istək və çətinliklərinə toxunmaqla açıq-gizlin dərdlərini ədəbi və bədii formada cəsarətlə açıqlaya bilib:



Gecədir!

Baxıram ay bacasından

Başqa bir mavi göyə

Orda da var

Elə bil

Gecə yurdun qana dönmüş dənizindən

neçə bir qəmli bulud — qanlı söyüd…

Gecədir!

Baxıram

ay bacasından

Başqa bir mavi göyə…



Güney Azərbaycanın bugünkü şeir durumu özünü fərqli formada göstərməkdədir. Bu gün şairlərin çoxu toplumsal olayları əks etdirməkdədirlər və Güneydə hakim olan iqtisadi sıxıntılardan tutmuş, siyasi basqılar, mədəni yürüşlər, toplumsal təhqirlər və genəllikdə narazılıq duyğusu və milli düşüncələrini şeir dili ilə ifadə etməyə çaba göstərirlər.

İranda Xatəmi dönəmində fəzanın azacıq açılması ilə bərabər, Güneydə öyrənci hərəkəti ortaya çıxdı və bu ortamda öyrəncilər dayanmadan fərqli nəşrlər yayımlamağa başladılar. Bu nəşriyyələrdə çox fərqli bir atmosfer irəliləməkdə oldu. Yəni bütün gənc yazıçılar, nə olursa-olsun, tam türkcə yazmağa çaba göstərdilər. Halbuki bütün nəhv quruluşları farsca olmuşdu: bir sözlə, farsca düşünüb türkcə yazırdılar, bu isə dildə çox qarmaqarışıqlıq yaratmağa başladı. Bu yazıçılar özəlliklə Anadolu türkcəsindən etgilənib, internet fəzasından da geniş səviyyədə yararlanmaqları ilə bu qarışıqlığı daha da gücləndirdi. Yəni yazılı fəza təcrübə olunmadan, şifahi bir dünyanın ortasına atıldılar və bu olay dayanmadan genişləndiyi, habelə qəzetlər və dərgilərin olmaması üçün kimsə bu olaya təpki göstərib tənqid edə bilmədi. Amma bütün bunlara baxmayaraq anormal olaraq yanaşılmır, çünki içində olduğumuz bu ortam maraqlıdır və bu gediş irəlilədikcə Güneydə böyük əsərlərin ortaya çıxmasına ümid çoxalır.

Bu gün keçmiş nəsillə gənc nəslin münasibətlərində bir-birini bəyənməzlik və qəbul etməzlik gözə çarpır. Yəni yaşlı ədəbi nəsil hələ də kənd təsvirləri üzərində çaba göstərir. Bu da gənclər arasında narazılığa nədən olub, o fəzadan uzaqlaşmağa çalışırlar. Yaşlı nəsil isə bu gün yaranan ədəbi əsərləri bəyənməyib tamamilə qəbul etmir, beləliklə, iki ədəbi nəsil arasında toqquşmalar ortaya çıxır. Əlbəttə, bunu da nəzərə almalıyıq ki, ədəbiyyatın inkişafı belə toqquşmalardan asılıdır.

Amma bütün bunlara baxmayaraq gənc nəsil bəzən klassik qəliblərdə də modern şeirlər yazıb ortaya çıxarır və çox maraqla qarşılanır. Marağalı Barazdan bir qəzəl:



Qabar-qabar ayağımda gülüm, tikan dadı var,

Və başmağım dolusu laxta-laxta qan dadı var.

Səhər ətirli benövşə, köçüb qaranquşla

Bu kefli, əyri buruq yolların ilan dadı var.

Məgər alaqlamamışdıq bu hərzə otları biz?

Nə oldu kəndimizin buğdasında xan dadı var.

Amandı qoyma ki, sönsün çıraq, gecə bürüsün,

Qulaqlarımda, uşaqlıqdakı xuxan dadı var.

Şükür ki, çaydanımız qaynayır, şeir yazırıq,

Şükür ki, gözlərinin indi mehriban dadı var.

Şəhər nə cür qazamatdır, küçə nə cür qalsın,

Tikanlı bağda çiçək bitməyin yaman dadı var…



Yaxud Məsud İslami yaşlı ədəbi nəsildən olmasına baxmayaraq sərbəst şeirə meyilli şairlərdəndir:



Bura da,

Bu şəhərin nəfəs yolu

Bu odadan keçir!

Hər zaman gecədir

Qapılar qapalı!

Öfkəniz tövşəyəndə

Məni unutmayın…



Güney Azərbaycanın çağdaş şeir durumunu belə xülasə etmək olar:

1. Ədəbiyyat sahəsində bəziləri yalnız modern və avanqard bir ədəbiyyatın tərəflisidir, bəziləri isə keçmişdəki ədəbiyyatı yenidən qavrayıb yeni özəlliklər aşılamaqla çağdaşlaşdırmaq tərəflisidirlər.

2. Bəziləri ədəbiyyatı şeirdə xülasələndirir, bəziləri isə yalnız və yalnız nəsrdə.

3. Bu gün çağdaş ədəbiyyatımızda işlədilən dil sahəsində, bəziləri Türkiyədə yayğın olan Anadolu türkcəsini savunur, bəziləri Quzey Azərbaycandakı türkcəni, bəziləri isə ortaq türkcədə yazmağı savunur.

4. Çağdaş ədəbiyyatımızda həm şeir, həm də nəsrdə olan əsas məzmunlar; Vətən, özgürlük, sürgün, ayrılıq, sevgi, həsrət və bu kimi məzmunlardır. Yazılan əsərlər, özəlliklə şeirlər, əsas olaraq kimliyə qayıdır və mütləq etirazdan söz açır.

Ədəbiyyatımızın daha da inkişaf və irəliləməsi üçün tənqidçilərə çox ehtiyac var. Yəni özəlliklə gənc yazıçı nəslin daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar.

Bu gün Güney Azərbaycan ədəbiyyatında yeri çox boş görünən ünsürlərdən biri də tənqidçilərdir ki, bu boşluq getdikcə daha da hiss olunmaqdadır.

Yazının sonunda bu gün Güney Azərbaycanda gedən şeir örnəklərindən vermək istərdim.

Əli Cavadpurdan:



Atlar yarışına mənim kimi baxsaydın

Gülməlidir hər şey.

Bir-birini keçdilər yarış atları,

Bir-birini biçdilər yarış atları,

Az qala uçdular yarış atları.

Çapanlar apardı

Mükafatları…



Vüqar Nemətdən:



Mən azərbaycanlı bir afrikalıyam,

Və amerikalı bir Türk.

Bir az Asiyayam,

bir az Avropa Qırmızı dərili

bir qarayam

Və sarı dərili,

bir az bütün insanların dərdinə ortaq…

Ünvanım Azərbaycan xəritəsində

İki metir yeriyən,

Danışan,

Şeir yazan

Və düşünən

TORPAQ…



Zeynal Cəfərpurdan:



Buludlar yağmur qusur, bir üzdən üzümüzə,

Ulduzlar kefli-kefli, toxunur gözümüzə

Xiyaban, asfalt üstü, qaldırım çıxır dizə,

Bu halda sən ayrılıb, gedirsən evinizə.

Mən qalıram, Ay qalır, bir də divarlar qalır,

Bir də duvarlar üstə, qırmızı şüarlar qalır.

Tək qaldıqda hamımız, tək oluruq hamımız

Mən qalıram, Ay qalır, divarlar yalqız qalır,

Sən evizə gedirsən, mənə bir Təbriz qalır…



Səid Muğanlıdan:



Sevmək bir intihardır.

Qar çiçəyi günəşə baxıb öldü.

Sevmək bir ittihamdır.

Sevmək təkcə Sevmək deyil ki!

Sənin, mənim, onun arasında

Sevmək

bir inqilabdır.

mən sevirəm

Və zindandayam…



Məlihə Əzizpur
Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed