Şrift:
Qafqaz Müsəlmanları İdarəsi fətva verdi
28.01.2014 [11:35] - Gündəm, İslam dini
QMİ bəyan edir ki, bir sıra xarici ölkələrdə döyüşən şəxslərin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur
Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Qazilər Şurasının fətva verib.Fətvada qeyd edilir ki, son zamanlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq aşağıdakıları bildirməyi vacib sayır:

"İslam dinində şəhidlik - iman, haqq, ədalət, vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 yanvar, Qarabağ şəhidlərimizin haqqı var. Odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur. Onların ruhlarını böyük ehtiramla yad edir".

Fətvada qeyd edilib ki, şəhidlik fəlsəfəsinə görə, müqəddəs Hədisi-Şərifdə buyrulduğu kimi vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. İslam dinində cihad və şəhidliyin əsas şərti təcavüz edənlərə qarşı özünümüdafiədir. "Lakin təəssüflə qeyd etməliyik ki, son dövlər cihad və şəhadət kimi İslamda müqəddəs məqamlara dair təhrifi düşüncələri məqsədli şəkildə cəmiyyətimizə sirayət etdiriməsinə cəhdlər müşahidə olunur. Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlilərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır".

QMİ bəyan edir ki, bu şəxslərin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur.

Qazilər Şurası qərar alıb ki, din xadimlərimiz öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini bu fətvada əksini tapan məqamları dindarlara, xüsusilə gənc nəslə çatdırsınlar. "Ümidvarıq ki, xalqımız dindarlarımız İslamın şəhidlik cihad fəlsəfəsini mahiyyətinə daha dərindən vararaq, onun dəyər və məziyyətlərini hikməti işığında sıx birləşəcək, torpaqlarımızın bütövlüyünə,vətənimizin davamlı tərəqqisini, müqəddəs dini mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda böyük əzm nümayiş etdirəcək".
Bu xəbər oxucular tərəfindən 1264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed