Şrift:
TANAP tərəfdaşları layihəni öz kapitalları hesabına reallaşdırmaq niyyətindədir
17.02.2014 [09:37] - Gündəm, İqtisadiyyat
Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Anadolu qaz boru kəməri layihəsinin (TANAP) tərəfdaşları banklara müraciət etmədən layihəni öz kapitalları hesabına reallaşdırmaq niyyətindədir.

Türkiyə mətbuatının verdiyi məlumatına görə, bu barədə “TANAP-ın Türkiyənin enerji mərkəzinə çevrilməsində rolu” adlı tədbirdə çıxış edən “SOCAR Türkiyə”nin icraçı direktorun birinci müavini Samir Kərimli bildirib.



O deyib ki, hazırda layihənin sərmayə dəyəri 10-12 mlrd. dollar həcmində qiymətləndirilir. S. Kərimli bildirib ki, tərəfdaşların öz kapitallarından istifadə etmək qərarı layihənin reallaşma prosesini sürətləndirmək məqsədi daşıyır. Lakin o, əlavə edib ki, layihə müəyyən mərhələyə qədər irəlilədikdən sonra bankların da cəlb edilməsi olunması mümkün olacaq.



Qeyd edək ki, TANAP layihəsinin boru xəttinin Türkiyə hissəsini təxminən 1 830 km nəzərdə tutulub. Bundan başqa, kəmərin Eskişəhərə qədər diametrinin 56 düym, Avropa hissəsində isə 47 düym olması planlaşdırılıb.



Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə çatdırılacaq.



S. Kərimli əlavə edib ki, ikinci mərhələdə Türkiyənin də alacağı qazın miqdarını artırmaq mümkün olacaq: “Bu, tariflə razılaşmasından asılı olacaq”.



Tədbirdə iştirak edən Türkiyə energetika nazirinin müavini Sefa Sadık Aytekin isə bildirib ki, TANAP “Şahdəniz II” layihəsindən başqa, Azərbaycandakı digər qaz yataqlarından hasil olacaq qazı da nəql edə biləcək gücə malikdir.



O, növbəti illərdə başqa mənbələrdən də bu kəmərlə qaz ötürülə biləcəyini deyib. S. S. Aytekin gələcəkdə əlavə sərmayə ilə bu xəttin gücünün 60 mlrd. kub metrə qədər artırıla biləcəyini də açıqlayıb.



BP-nin Türkiyə üzrə rəhbəri Bud Fackrell isə bildirib ki, Avropanın 2035-ci ildə təbii qaz hasilatı 49% azalacaq, qaz idxalından asılılığı artacaq.



Xatırladaq ki, TANAP layihəsində SOCAR 68%, BOTAS və TPAO 20%, ВР isə 12% paya sahibdir.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed