Şrift:
AMERİKADA MÜASİR AZƏRBAYCAN QADIN NƏSRİ ANTOLOGİYASI ÇAP OLUNUB
20.02.2014 [09:46] - Mədəniyyət, Diaspor
Bu günlərdə Amerikanın nüfuzlu Trafford nəşriyyatında «Müasir Azərbaycan qadın nəsri» (Modern Azerbaijani Women’s Prose. Bloomington, Trafford Publishing, 2014, 698 page) kitabı nəşr olunub. Yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən kitabı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz Dr.İrəc İsmaeli nəşrə hazırlamışlar.
Müxtəlif ədəbi nəsli təmsil edən yazıçılardan Əzizə Cəfərzadə, Sara Oğuz, Mənzər Nigarlı, Afaq Məsud, Nüşabə Məmmədli, Mehriban Vəzir, Günel Anarqızı, Zümrüd Yağmur, Natəvan Dəmirçioğlu, Aygün Həsənoğlu, Gülşən Lətifxan, Eluca Atalı, Xumar Ələkbərli, Xuraman İsmayıl, Sevinc Nuruqızı, Təranə Vahid, Afaq Şıxlı, Şəlalə Əbil, Şahnaz Kamal, Ruqiyyə Səfəri və başqalarının əsərlərini özündə birləşdirən antologiya Azərbaycan qadın nəsrinin son illərdə yaranmış ən yaxşı nümunələrini ehtiva etməkdədir.
Tərtibçilər antologiyaya yazdıqları ön sözdə çağdaş qadın nəsri ilə bağlı mülahizələrini aşağıdakı şəkildə ümumiləşdirmişlər: «Azərbaycanın qadın yazıçılarının əsərlərindən ibarət bu səpkili toplu ingilisdilli auditoriyaya, ümumən dünya oxucularına ilk dəfədir ki, təqdim olunur. Lakin qeyd etmək lazımdır ki, hər hansı bir xalqın ədəbiyyatının qadın yazıçılar müstəvisində oxuculara təqdim olunması müəyyən mənada şərti səciyyə daşıyır. Çünki məntiqi baxımdan bədii ədəbiyyatın cinsi müstəvidə fərqləndirilməsi uyğunsuz görünə bilər və burada gender amili ilə yanaşı, ekzotik baxış bucağının mövcudluğu da diqqəti çəkir».
Dünya oxucularına təqdim olunan bu antologiya təxminən son otuz ilin bədii nəsr örnəklərini özündə birləşdirməkdədir. Bu dövr sovet siyasi rejiminin çöküşü və Azərbaycanın istiqlaliyyətə qovuşduğu mərhələnin ədəbiyyatını əhatə etdiyindən yaranan bədii örnəklərdə özünəməxsus bədii çalarların olduğu şübhə doğurmur. Bəhs olunan dövrün cəmiyyət həyatında ciddi ixtilaflarla, siyasi qarşıdurmalarla, hakimiyyət əvəzlənmələrilə müşayiət olunması, Rus sovet ordusunun 1990-cı ilin 20 yanvarında müstəqillik uğrunda mübarizəyə qalxan Azərbaycanın paytaxtı Bakıda kütləvi qırğınları, habelə Dağlıq Qarabağ münaqişəsinin ən gərgin çağlarını yaşaması ədəbi prosesə təsirsiz qalmamışdır. Bütövlükdə dövrün ictimai-siyasi və mənəvi-əxlaqi ruhu qadın yazıçıların əsərlərinə hopmuşdur.
Antologiyaya daxil edilən bədii örnəklər seçilərkən daha çox yazıların dünya oxucularının maraq və zövqünə uyğun olması, həmçinin əsərlərin mövzu, məzmun baxımından əlvanlığı nəzərə alınmışdır. Belə ki, burada epik-analitik, lirik-psixoloji, şərti-metaforik üslublu yazılara təsadüf olunmaqdadır. Seçilən əsərlərin qadın yazarlar timsalında çağdaş Azərbaycan bədii nəsrinin gerçək mənzərəsini əks etdirdiyi şübhə doğurmur. Maraqlıdır ki, antologiyada Quzey Azərbaycanla yanaşı, Vətənimizin Güneyində və mühacirətdə yaşayan qadın yazarların əsərlərindən də örnəklər verilmişdir.
Kitabı www.trafford.com, www.amazon.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.
Qeyd edək ki, dünya oxucularına təqdim olunan bu kitab Vaqif Sultanlı və İrəc İsmaelinin birgə hazırladığı ilk antologiya deyildir. Belə ki, 2012-ci ildə Amerikada onların tərtibatında «Müasir Azərbaycan nəsri» («Modern Azerbaijanian Prose») kitabı nəşr edilmişdir.
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed