Şrift:
ADMİU-da Xocalı faciəsi anıldı
25.02.2014 [13:32] - Gündəm, Gənclik
Xocalı soyqırım qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım mərasimində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev bildirmişdir ki, 22 il öncə fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan etmişdir. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuşdur.
Rektor öz nitqində qeyd etmişdir ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni qəddarlığının ifşası ilə bağlı ilk praktik təşəbbüs dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndər ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edilərək, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Natiq çıxışına davam edərək Ölkə Prezidenti cənab İlham Əliyevin bu yöndə apardığı siyasətin öz bəhrəsini verəcəyini və erməni işğalı altında olan bütün torpaqlarımızın tezliklə azad olunacağını qeyd etmişdir.
Tədbirdə universitetin prorektoru, professor Rafiq Sadıqov çıxış edərək, faciənin dəhşətli faktlarından danışdı. O qeyd etdi ki, H.Əliyevin Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası, beynəlxalq ictimayyətin bu soyqrımına siyasi- hüquqi qiymət verilməsinin vacibliyini ispat etdi. “Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir.
Sonra çıxış edən professor Nizaməddin Şəmsizadə vurğulamışdır ki, 1992- ci ilin 25 -dən 26- a keçən gecə Xocalı şəhərində erməni qəsbkarları və rus ordusunun 366-cı motoatıcı alayı tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri törədilmişdir. Bunun nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycan tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı Soyqırımı tarixin verdiyi ibrət dərsi kimi daima qan yaddaşımızda qalacaq və gələcək nəsilləri zaman-zaman düşündürəcəkdir.
Digər çıxış edənlər də faciənin ildönümü ilə bağlı xalqımıza başsağlığı verərək torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinin daim qəlblərdə yaşayacağını bildirdilər. Xocalı soyqırımının bütün dünyada da qeyd olunduğunu, bu işdə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük xidmətlərini qeyd etdilər. Tədbirin davamında Xocalı soyqırımı haqqında geniş faktoloji material yayımlandı.
Tədbirin sonunda dramaturq Vaqif Əlixanlının Xocalı şəhidlərinə həsr olunmuş “Əcəl atı” tamaşasından parçalar göstərildi, baş rolda Respublikanın Əməkdar artisti, Əməkdar incəsənət xadimi “Kütləvi tədbirlər və bayramlar rejissoru ” kafedrasının müdiri Qəmər Məmmədova çixiş etdi.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed