Şrift:
Azərbaycanda uşaq bağçaları: mövcud durum və problemlər - ARAŞDIRMA
03.03.2014 [12:44] - Gündəm, Sosial
Uşaqların təlim-tərbiyəsində uşaq bağçalarının rolu danılmaz olsa da, Azərbaycanda bu sahədə mövcud vəziyyət o qədər də ürək aşan deyil.


Valideynlər çox vaxt uşaqlarını bağçalara yerləşdirərkən çətinliklərlə üzləşirlər. Əsas çətinlik bağçalardakı sıxlıqla bağlı olur. Sıxlığın yaranmasına səbəb isə uşaqların sayının çox, bağçaların sayının az olmasıdır. Bu da valideynləri narazı salır. Ümumiyyətlə, bu problem həm Bakıda, həm də digər şəhər və rayonlarda müşahidə olunur. Özəl bağçalarda isə ödəniş haqqı yüksək olduğundan, demək olar ki, valideynlərin çoxunun büdcəsinə uyğun gəlmir.



Məktəbəqədər təhsil müəssisələri əvvəllər Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərsə də, 2011-ci il dekabrın 27-də prezidentin verdiyi sərəncamla Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb. Prezidentin 2012-ci il mayın 11-də verdiyi sərəncama əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sərbəstləşdirilmiş ştat vahidləri hesabına Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılıb. 2011-ci il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları və körpələr evi də BŞİH-ə verilib.



Məktəbəqədər təhsil müəssisələrində 111 090 uşaq tərbiyə alır



Qeyd edək ki, Təhsil Nazirliyinin ötən il açıqladığı məlumatlara görə, hazırda respublikada 1677 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrindən 1637-si dövlət, 40-ı isə özəldir. Bakı şəhərində 387 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində 111 090 uşaq tərbiyə alır və uşaqların məktəbəqədər təhsilə cəlbi 14,8% təşkil edir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş səviyyəsinə uyğun olaraq 1-2 yaş qruplarına 15 uşaq, 2-3 yaş qruplarına 15 uşaq, 3-4 yaş qruplarına 20 uşaq, 4-5 yaş qruplarına 20 uşaq, 5-6 yaş qruplarına 20 uşaq düşür.



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ötən il 23 uşaq bağçasında araşdırma aparıb



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya açıqlamasında bildirib ki, ötən il Dövlət Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən 23 uşaq bağçasında AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinin icrası ilə bağlı dövlət nəzarəti həyata keçirilib: “Biz həmin araşdırmaları Bakı, Şirvan, İsmayıllı, Lənkəran, Neftçala, Mingəçevir, Gəncə şəhərlərində, Goranboy rayonunda yerləşən uşaq bağçalarında apardıq. Araşdırmalar zamanı bağçaların bir çoxunda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə əməl olunmadığı aşkar edildi. Yeməklər və kulinariya məmulatları qüvvədə olan standartların və texniki şərtlərin tələblərinə zidd olaraq, sanitariya norma və qaydalara riayət edilmədən, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanmışdı. Yoxlama aparılan müəssisələrdə hər bir yaş kateqoriyası üçün standartın tələblərinə müvafiq qaydada təsdiq olunmuş menyu nümunəsi yox idi. Bağçalarda xidmət sahələri standartın tələblərinə cavab vermirdi. İstismar müddəti bitmiş mətbəx və məişət avadanlıqlarından istifadə olunurdu. Bağçaların xammal anbarında xammalların saxlanılması üçün şərait yox idi. Araşdırmanın sonunda aşkarladığımız nöqsanları nəzərə alaraq yerli icra hakimiyyəti orqanlarına görülən işlərin nəticələri barədə məktublar ünvanlandıq”.



Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva isə APA-ya bildirib ki, Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilən “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə bildirilir ki, məktəbəqədər təhsil sahəsində vahid dövlət siyasətini, məktəbəqədər təhsil müəssisələrinə elmi-metodiki rəhbərliyi, məktəbəqədər təhsilin keyfiyyətinə dövlət nəzarətini tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Təhsil Nazirliyi həyata keçirir: “Məktəbəqədər təhsil müəssisələri ilə bağlı digər öhdəliklər isə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Məktəbəqədər təhsil müəssisələrinə metodiki köməkliyi Təhsil Nazirliyi həyata keçirir. Hazırda məktəbəqədər təhsil müəssisələrinə işə qəbul yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir”.



Sektor müdiri deyib ki, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” çərçivəsində respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri metodik və təlim vəsaitləri ilə təmin olunub: “Bir müddət əvvəl kurrikuluma uyğun olaraq uşaq bağçaları üçün müasir tələblərə cavab verən 100-dən çox təlim vəsaitləri hazırlanmışdı. Əgər bu kurrikulumla bağlı yenə də əlavə ehtiyac olarsa, sözsüz ki, yenidən təlim vəsaitləri hazırlana bilər. Hələ ki, heç bir təlim vəsaiti nəşr olunmur. Gələcəkdə yeni təlim vəsaitlərinin hazırlanması nəzərdə tutulur. Hazırda çox böyük layihə ilə - 15 şəhər və rayonlarda kurrikulumun pilot layihəsinin tətbiqi ilə məşğuluq. Həmin o layihənin həyata keçirilməsi üçün təlimçilər seçilir, yerlərdə təlimlərin keçirilməsi yönündə işlər görülür”.



Bakı Şəhər İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiklərini söyləyən nazirlik rəsmisi qeyd edib ki, hansısa məsələ olanda onlar yerli icra hakimiyyətlərinə müraciət edirlər: “Pilot layihənin icrasında da yerlərdə müvafiq şəraitin yaradılması ilə bağlı biz icra hakimiyyətlərinə məktub göndərdik. Həqiqətən də yerlərdə müvafiq şərait yaradıldı. Çünki bağçalarda otaqlar ayrılmalı, qruplar təşkil olunmalı, bağçalar texniki vasitələrlə təmin olunmalı idi. Yerlərdə bu şərait yaradıldı ki, buradan gedən təlimçilər oradakı tərbiyəçilərlə təlimlərini rahat keçə bilsinlər. Respublikada fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində işləyən tərbiyəçilər bir qayda olaraq beş ildən bir ixtisasartırma kurslarından keçirlər. Məktəbəqədər təhsilin kurrikulumu tətbiq olunacaq pilot rayonların tərbiyəçiləri artıq təlimlərdən keçiblər. Amma kənd rayonlarında ixtisaslı kadrlara hələ də ehtiyac qalmaqdadır. Məktəbəqədər təhsil sistemində müəyyən problemlər var və onların aradan qaldırılması yollarını əhatə edən konseptual tədbirlər Təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədində öz əksini tapıb”.



Təhsil Nazirliyi: “Biz özəl bağçalardakı qiymətlərə nə müdaxilə edə bilərik, nə də qarışırıq”



Ötən il parlamentin payız sessiyasının son iclasında “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi. Layihədə qeyd olunur ki, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri gələn il yanvarın 1-dən başlayaraq 10 il Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunurlar. Bağçalar vergidən azad olunduğu üçün valideynləri bunun aylıq ödəniş haqqına təsir edib-etməyəcəyi sualı da düşündürür.



Bu məsələyə də aydınlıq gətirən nazirlik rəsmisi bildirib ki, özəl bağçalara lisenziya verilməsi Təhsil Nazirliyinin səlahiyyəti daxilindədir: “Özəl bağça sahibləri nazirliyə müraciət etdikdən sonra müvafiq sənədlər hazırlanır, komissiya təşkil olunur, yerində baxılır. Əgər sanitar normalara cavab verirsə, onda lisenziya verilir. Yox, əgər sanitar normalara cavab vermirsə, rəy yazılır ki, burada bağça yaratmaq mümkün deyil. Qiymətlərə gəlincə, biz heç cür müdaxilə edə bilmərik. Bunu təsisçi özü təyin edir. Sərmayə qoyan şəxs hesab edir ki, onun göstərdiyi xidmətlər, orada yaradılan maddi-texniki baza bu qiymətlə dəyərləndirilməlidir. O layihədə özəl bağçalar vergidən azad olunduğu halda, bunun qiymətlərə nə dərəcədə təsirli olub-olmayacağı barədə heç nə yox idi. Yəni deyilmirdi ki, biz bunu qiymətlərin düşməsi edirik. Ümumiyyətlə, bu qanun məktəbəqədər təhsildə özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə kömək edə bilər. Həmçinin dövlət müəssisələrində də maddi-texniki bazanın, məktəbəqədər təhsil müəssisəsi şəbəkəsinin genişləndirilməsinə kömək edə bilər”.



“Uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac var”



Bir neçə gün öncə keçirilən Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatında da bu sahədə olan mövcud problemlər haqqında ətraflı məlumat verilib.



Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev Fondu yeni böyük bir layihəyə - Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verir: “Bu gün bu sahəyə diqqət artmalıdır. Uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac var. Bu gün fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılıb. Bizim monitorinqimiz göstərdi ki, bu gün Bakıda 124 uşaq bağçasında məcburi köçkünlər yerləşib. İlkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılıb. Gələcəkdə həmin iş respublika üzrə də aparılacaq”.



M.Əliyeva əlavə edib ki, təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır: “Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir. Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Eyni zamanda özəl bağçaların da sayının artırılması dəstəklənməlidir”.



Qeyd edək ki, Heydər Əliyev Fondunun apardığı monitorinq zamanı Bakı şəhərində 411 məktəbəqədər təhsil müəssisəsinin olduğu müəyyən edilib. Onlardan 345-i dövlət, 54-ü özəl, 12-si isə müxtəlif müəssisə və təşkilatların tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələridir. Bakı şəhəri üzrə mövcud dövlət məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmir olunmasına ehtiyac var. O cümlədən bu müəssisələrdən 11-i qəzalı və ya istismara tam yararsız vəziyyətdə olduğu üçün müvafiq dövlət qurumları tərəfindən fəaliyyəti dayandırılıb. Hazırda 33 uşaq bağçası təmir olunmaqdadır.



Təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin olmamasına baxmayaraq, son 10 ayda nazirlik ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının yaranmasını dəstəkləyən addımlar atıb. Belə ki, bu qruplarda məşğul olmuş uşaqların vaxtından əvvəl birinci sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul edilib. Hazırda respublika üzrə məktəbəqədər təhsil müəssisələrində 14 614 pedaqoji işçi çalışır. Lakin son illərdə onların ixtisasının artırılması, müasir metodikalar üzrə təlimatlandırılması, kurrikulum əsasında hazırlanması müəyyən mənada unudulub”.



BŞİH: Bu gün 345 məktəbəqədər təhsil müəssisəsi tam fəaliyyətdədir



Sözügedən təqdimatda iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, hazırda Bakı şəhərindəki 343 məktəbəqədər təhsil müəssisəsindən 301-i 2011-ci ilin dekabrında Təhsil Nazirliyinin tabeliyindən, 39 bağça isə 2012-ci ilin avqustunda Dövlət Neft Şirkətinin tabeliyindən alınıb: “Bu gün 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36 977 uşaq təlim-tərbiyə alır. Bu günədək 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunub və təminat məsələsi yüksək səviyyədə həll edilib. Bu bağçalarda uşaqlar gündə 4 dəfə təzə ərzaq məhsullarından hazırlanmış yeməklə təmin edilirlər”.



H.Abutabov onu da əlavə edib ki, bu il 34 bağça tam təmir olunub istifadəyə veriləcək: “Bundan başqa, bu gün 166 qrupda uşaqların qəbulu tam azaddır. Maliyyə yardımı alınandan sonra 2500-dək uşağı biz yenidən bağçalara qəbul edə biləcəyik. Lakın statistik məlumatlara görə, bu gün 1 yaşından 5 yaşına qədər 157 349 uşaq bağça gözləyir. Başqa sözlə, 1 yaşından 5 yaşına qədər uşaqların yalnız 23 faizdən çoxu bağçalarda təhsil alır”.



Hazırda 48 özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisəsi olduğunu bildirən mer qeyd edib ki, onlardan yalnız 9-u fəaliyyət göstərir, qalanları isə boşdur: “Özəlləşməyə açıq elan edilmiş 64 bağçanın özəlləşdirilməsi prezident tərəfindən dayandırıldıqdan sonra bu bağçalarda artıq təmir işlərinə başlanılıb. Əgər bu bağçaların, həmçinin qaçqın və məcburi köçkünlərin yaşadıqları bağçaların hamısını təmir etsək, bizdə 402 bağça olacaq. Deməli, 1 yaşından 5 yaşına qədər uşaqların builki statistikasını nəzərə alsaq və əgər 6 qruplu bağçalar tiksək, bizim 1105 bağçaya, 4 qruplu bağçalar tiksək isə 1505 bağçaya ehtiyacımız olacaq”.



H.Abutalıbov onu da deyib ki, bağçaların ərazisində qeyri-qanuni tikililərin hamısı ləğv edilib: “Hazırda faktiki olaraq bağçalarda ən azı 1 və ya 1,5 hektar boş torpaq sahələrimiz var. Burada yeni bağçalar tikmək mümkündür. Əgər bu bağçaları da tiksək, mövcud bağçalarla birlikdə uşaqların 70-75 faizə qədərini təmin etmiş olarıq. Qalır 25 faiz, yeni bağçalar tikməklə bu problemi də həll edə bilərik”.
Bu xəbər oxucular tərəfindən 1719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed