Şrift:
Arseni Yasenyuk: Xəzinəmizin boş olmasına baxmayaraq, Krımda təcavüzkara təslim olmayan Ukrayna hərbçilərinə lazımi qayğı göstəriləcək
05.03.2014 [14:34] - Gündəm, Siyasət
“Ukrayna Nazirlər Kabineti bu gün Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə təminatı və ödəmələr barədə qərar qəbul edəcək”.


Ukraynanın “censor.net” saytının verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin iclasında baş nazir Arseni Yasenyuk deyib. O, Krım Muxtar Respublikası ərazisindəki Ukrayna əsgərləri və dənizçiləri ilə qürur duyduqlarını söyləyib: “Bu insanlar Ukrayna xalqına sədaqət andı içiblər və bu andı yerinə yetiriblər. Ukrayna Silahlı Qüvvələrinin təcavüzkara təslim olmaması bu gün Ukraynada mövcud olan yüksək vətənpərvərlik ruhu və milli ləyaqət hissinin göstəricisidir”.



A.Yasenyuk bir gün əvvəl müdafiə və maliyyə nazirlərindən Ukrayna Silahlı Qüvvələrinə yardım məqsədilə dərhal müvafiq qərar layihələri hazırlanmasını istədiyini açıqlayıb: “Bu gün xəzinəmizin boş olmasına baxmayaraq, hökumət Ukraynanın qəhrəmanları üçün hər şeyi edəcək ki, onlar Ukrayna dövlətinin hörmət və qayğısını hiss etsinlər”.



Baş nazir Rusiya qoşunlarının Krımda mövcudluğunun təkcə Ukraynaya deyil, bütün dünyanın təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb. O, Rusiyanı öz qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb. A.Yasenyuk Krımdakı mürəkkəb vəziyyətə baxmayaraq, son iki gün ərzində muxtar respublikaya sosial və digər xərclər üçün 60 milyon qrivna pul köçürdüklərini və bu ərazini fasiləsiz elektrik enerjisi ilə təmin etdiklərini açıqlayıb: “Biz Rusiyanın hərbi təcavüzünə rəğmən muxtar respublikanın həyat və fəaliyyətini təmin edirik”.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed