Şrift:
“Dinə baxış” mövzusunda tədbir keçirildi
06.12.2011 [14:26] - Güney Azərbaycan xəbərləri, MDH
Tahir Seyidov: “Sən İslamı baş örtünlə yox, ağlınla yaymalısan”



Milli Dirçəliş Hərəkatı Partiyası “Elçibəy məktəbi” layihəsi çərçivəsində “Dinə baxış” mövzusu üzrə növbəti tədbirini keçirdi. Qonaq, MDHP sədrinin ideoloji və siyasi məsələlər üzrə müavini, analitik Tahir Seyidov idi. Tədbirə İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, Borçalı Cəmiyyəti Gənclər Təşkilatının idarə heyətinin üzvü Nadir Məmmədli, ilahiyyatşünas Cəlil Məmmədsoy və MDHP Gənclər Təşkilatının üzvləri qatılmışdı.

MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli ilk öncə təhsil sahəsinə toxundu. O, bildirdi ki, Azərbaycan təhsil sistemində böyük sistemsizlik var. “Universitetlərdə nə sovet təhsil sistemi, nə də Baloniya sistemi düzgün tətbiq olunmur. Hər il nəsə tətbiq olunur, sınaqdan keçirilir və beləliklə bütün bəlalar elmin başında çatlayır. Buna görə də tələbələr asudə vaxt tapıb ideoloji cəhətdən maariflənə bilmirlər. Ki, sonradan da sosial tələbatın da artması həmin gənci pulla hansısa yad ideologiyanın qurbanına çevirir.”

Söz tədbirin qonağı Tahir Seyidova verildi. Çıxışına din anlayışının mahiyyətini açmaqla başlayan qonaq: “Din anlayışı - inanc anlayışıdır. İnsanlar ikili mahiyyətdir: cismi və ruhi. Allahın yaratdığı insan kainatdan kənar deyil. Allah insanı aləmlər içərisində təbiətin tərkibində şüurlu bir varlıq olaraq yaratmışdır. Allahı dərk etmək anlayışı isə 2600-3000 il öncə yaranıb. Deməli dindən qabaq millətlər yaranıb. Bəs din niyə yaranıb? Din insanları bir istiqamətə, bir yön olaraq tək Tanrıçılığa sitayiş etmələri üçün yaranmışdır. Yaranan dinlər içərisində yalnız İslam dinidir ki, onun kitabı “Qurani-Kərim” dəyişilməyib. Amma “Qurani-Kərim” kitabdır, onun üzərini parça ilə bağlayıb gizlətmək yox, oxumaq lazımdır.”

“Dini geyim kimi təqdim etmək böyük yanlışlıqdır. İnsan geyimi ilə təbiətə uyğunlaşan bir varlıqdır. Məs: Ərəbistanda qumlu küləkdən qorunmaq üçün əbadan, Sibirdə soyuqdan qorunmaq üçün qalın geyimlərdən və s. istifadə edirlər. Ərdoğan öz xanımının başını bağlatdırıb reklam edir ki, mən müsəlmanam. Adama deyərlər ki, o zaman özün niyə ərəb kimi paltar geyinmirsən?”
Tədbirin gedişatı daha çox dinin siyasiləşdirilməsi məsələləri üzərində davam etdi. “Hazırda özünü islam nümunəsi kimi təqdim etməyə çalışan İran İslam Respublikası Qərbdə (konkret Fransada) yaradılmış və İrana göndərilmiş bir bəladır. Məqsəd odur ki, Avropa insanı islamı anlamasın. Digər tərəfdən vaxtilə Avropanı belə öz nüfuz dairəsində saxlayan Osmanlı imperiyası islamlaşmaq əvəzinə ərəbləşdi. Hazırda isə siyasət olaraq Türkiyə özü də xristianlığın təsiri altındadır. Başını bağlayıb bütün gününü məsciddə keçirmək Avropanın bir siyasəti olaraq millətləri kilsələrə doldurmaq deməkdir. Adamlar baş örtüsünü bağlayıb universitetə daxil olmalı deyə dava aparır. Sən islamı baş örtünlə yox, ağlınla yaymalısan. İslam ağılsız olmağı bizə təqlid edirsə, gəlin ağılsız olaq. İslam dinində seçim olmamalıdır. “Mən məscidin rəhbəriyəmsə səndən üstün müsəlmanam deyə” bir anlayış yoxdur.”

“Dünya müsəlmanlarının yarım milyarda yaxını türk millətidir. Dünyanın qorxusu da türklərin birliyinin yaranmasındandır. Çünki türk döyüşkəndir. Tarix boyu döyüşüb dövlətini quran millətdir. Mən düşünürəm ki, ərəblər türkü önə çıxartmalıdır ki, parçalanmasınlar, ayaq altında qalmasınlar. Bir sözlə bütün müsəlmanların da xilas yolu türk millətçiliyidir. Kimsə unutmasın ki, Məhəmməd Peyğəmbərdən sonra dinə ən çox önəm və dəyər verən şəxs Mustafa Kamal Atatürk olmuşdur.”

“Son olaraq onu deyim ki, dünyada bütün təriqətlərin yaradılması, müsəlmanların içinə atılması, parçalanmaların yaradılmasının kökündə yeraltı sərvətlərə sahiblənmək dayanır. Elə son aylar yaşanılan “Ərəb baharı” dalğası da buna hesablanıb.”

Tədbirin ikinci hissəsində İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, ilahiyyatşünas Cəlil Məmmədsoy, Azərbaycan Yazıçılar Birliyinin üzvü Habil Yaşar, MDHP gənclərindən Fərid Qasımov, Elnar Rzazadə, Nicat Cəmilzadə, Elbrus Hacıbəyli və digər qonaqlar çıxış edib suallar verdilər.

Nicat Cəmilzadə Türksoy
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed