Şrift:
Bu həftə doğum gününü qeyd edəcəyimiz Milli qəhrəmanlar
07.12.2011 [10:00] - Hərb
Qəhrəmanlar Məhərrəmov Səxavət Ələmdar oğlu

5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. Məlum səbəbdən ailəsi ilə birlikdə Gürcüstana köçmüşdür. Bir müddət orada yaşadıqdan sonra Bakının Lökbatan qəsəbəsində yaşayan Səxavət 1990-cı ildə Lökbatan qəsəbə 106 saylı orta məktəbini bitirmişdir. Sonra 1 saylı Təmir-Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından idi. 1991-ci ilin noyabrında könüllü olaraq S.Məhərrəmov əvvəlcə Daxili Qoşunlarda, sonra isə yenicə yaranmış Milli Ordu sıralarında hərbi xidmətə başlayır. Bir sıra döyüşlərdə fəaliyyət göstərmiş, rəşadət nümayiş etdirmişdir. 27 iyun 1992-ci ildə Ağdərənin Möhrədağ kəndi uğrunda gedən döyüşdə Səxavət düşmənə dağıdıcı zərbələr vururdu. Bölmə geri dönərkən düşmən gülləsinə tuş gəlir və qəhrəmancasına həlak olur. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbə onun adı verilib. Məktəbin dəhlizində büstü qoyulub.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed