Şrift:
Ötən il Azərbaycanda 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb
29.03.2014 [08:20] - Hadisə
Ötən il Azərbaycanda 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb


Ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, 17 nəfər (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib.


Bu məlumat İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair” sənədində əks olunub.



Bildirilib ki, insan alveri cinayətində təqsirləndirilərək axtarışa elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan (41-i qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb.



Qurbanlardan 37-si sığınacağa yerləşdirilib və hər birinə zəruri yardımlar edilib. O cümlədən 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinət verilib, 13-nə Kömək Fondu maddi yardım ayırıb. Həyata keçirilmiş profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıdıb, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılıb.



Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı uşaq “Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarında istiqamətləndirilib. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib. İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib.



İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan və sair məsələlər ilə əlaqədar “Qaynar Xətt" telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilmiş qaydada zəruri ölçülər götürülüb.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed