Şrift:
Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
01.04.2014 [13:40] - Gündəm, Bildiriş
Kim nə deyir desin, vallah yuxuda böyük sirr var. Mən onun ölümünü yuxuda görmüşdüm.Heç kəsə demək istəmədim. Bir bəhanə ilə evlərinin başına dolandım. Həyət-bacada qeyri-adi heç nə görmədim.Zəng eləməyə cürət etmədim: son vaxtlar bir az nasaz olduğunu bilirdim. Qardaşım bizə gəlmişdi.Yuxumu yavaşca ona danışdım. Zəng etməyi məsləhət gördü. Nə isə... telefonu döyəcləməyə əlim gəlmədi.
Səhəri işdə saytlarıarı araşdıranda ölüm xəbərini eşitdim. Soyadını səhv yazmışdılar. (İsanın soyadı qardaşının soyadı iləeyni deyildi).Təki ölməyini səhv yazaydılar.
Əvvəllər Şamaxıya aid olan Poladlı kəndinə - dünyadan vaxtsız köçmüş tələvə yoldaşım Ələkbər müəllimin oğlu Şəhriyara zəng etdim, İsa müəllimin dünyadan köçdüyünü ona xəbər verdim, ondan tələbə yoldaşlarımızın, Əbülfəz Məmmədovun, Akif Axundovun və başqalarının telefon nömrəsini istədim.(Mən telefon nömrələrini, adətən,ayrıca bir dəftərə yazıram). Bilmirəm nədəndirsə, insanlar yaxın dostlarını son mənzilə yola salanda bir-birini qısa bir zamanda axtarıb tapırlar.Şəhriyarın bu işdə mənə kömək edəcəyinə inanırdım.
İsa Əliyev fakültəmizin ən maraqlı tələbələrindən idi. Əsgərlikdən qayıdandan sonra Azərbaycan Dövlət Universitetinin filiologiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdu. Ana dili ilə yanaşı, rus dilini də yaxşı bilirdi.Əvvəllər biz elə bilirdik ki, şəhər uşağıdır, sonra məlum oldu ki, kənddə böyüyüb, kənd həyatını hamıdan yaxşı bilir. Rusca və Azərbaycan dilində yaxşı lətifə danışmağı var idi. Bəzən zarafatla deyirdi ki,Moskvaya istirahət evlərinə gedəndə Nəsiminin və Fuzilinin qəzəllərini məclislərdə rus dilinə tərcümə etməyi də bacarır.Bu da həmin məclislərdə onun hörmətini qaldırırmış.Biz İsanın bu bacarığına qibtə edirdik.
İki dildə sərbəst danışmağını və yazmağını nəzərə alaraq, səhv etmirəmsə, ona "M.Şoloxovun əsərlərinin Azərbaycan dilinə tərcümə tarixindən" mövzusunda diplom işi yazmağı məsləhət görmüşdülər.Düşündü, daşındı, təklifi qəbul etdi. Diplom rəhbəri görkəmli ədəbiyyatşünas alim, atamın yaxın dostu Hidayət Əfəndiyev idi.
Hidayət müəllimlə söhbəti tuturdu, tez-tez onun "Monolit" dəki (M.Ə.Sabirin heykəli ilə üzbəz binadakı ) evinə gedir, elmi rəhbərindən dəyərli məsləhətlər alırdı. Hidayət Əfəndiyev İsanı alim görmək istəyirdi. İsanın isə fikri başqa idi; o, istehsalata meyilli idi, fikri həmkarlar ittifaqının xətti ilə ucalmaq idi. Belə də oldu.İsa ADU-nu qurtarandan bir müddət sonra Montin adına neft maşınqayırma zavodunun həmkarlar təşkilatının sədri seçildi. Zavodda fəhlələrin mənzil şəraitinin yaxşılaşdırılması, onların zavoda yaxın ərazidə mənzillə təmin olunmaları üçün var qüvvə ilə çalışırdı. Özünün mənzil şəraiti o qədər də yaxşı deyildi: rus qonşusu ilə üçotaqlı mənzilin balaca bir bir otağında qalırdı.Bu otağı vaxtilə partiya işçisi olan atası Mərkəzi Komitədən mükafat kimi almışdı.
Bir müddətdən sonra İsaya da Lenin prospektində(indiki "Azadlıq" prospektində çoxotaqlı mənzil verdilər. Artıq onun uşaqlarının yaxşı şəraitdə təhsil almaları üçün yaxşı şəraiti var idi.
Böyük qızı ADU-nun şərqşünaslıq fakültəsinə daxil olmuşdu.İsanın uçmağa qanadı yox idi.
İsa mənim ən sadiq dostlarımdan biri idi, bəlkə də birincisi idi.Mən həmişə onu özümə böyük qardaş bilmişəm. Məndə İsanın iki böyük hədiyyəsi var. Bunlar elə hədiyyələrdir ki, onlar həmişə, hər gün mənə İsanı xatırladır. Onlardan biri Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun 1967-ci ildə nəşr etdirdiyi "Ərəb və fars sözləri lüğəti"dir. Bu lüğət Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün nəzərdə tutulmuşdur. Mən hər gün bu kitabdan-hələlik lüğətçilik tariximizdə analoqu olmayan ensiklopedik nəşr hesab etdiyim kitabdan istifadə edirəm.Deməli, mən hər gün böyük qardaşımla söhbətləşirəm, onunla fikir mübadiləsi aparıram.
Bir gün İsa mənə zəng etdi ki, "bəs, qızım ali məktəbi qurtarıb,onu səfirliyə işləməyə dəvət edirlər, sənə verdiyim kitabı mənə qaytar". Doğrusu, pərt oldum, hədiyyəni geri istəmək nə deməkdir? İsa onda Xətayi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyirdi: zəhmətkeşlərin mənzil məsələləri ilə məşğul idi.
Kitab mağazsından "Fars dilinin qrammatikası " adlı bir kitab alıb,onun iş yerinə getdim. Xoş-beş, görüşüb, söhbətləşdik, ordan -burdan danışdıq, söhbət "Ərəb və fars sözləri lüğəti"nə çatanda,"Fars dilinin qrammatikası"nı ərkyana onun yazı masasının üstünə atdım. "Sənə lüğətin əvəzinə, qrammatika gətirmişəm" deyəndə İsa özünəməxsus şəkildə gülüb, "cənə bir kitab da hədiyyə verirəm- dedi,amma bir şərtlə, söz ver ki, bükülünü evdə açacaqsan".
Söz verdim.
İsanın orijinallığı çox idi .Bildim ki, mənə nə isə bir sürpriz hazırlayıb. Evə gələndə bükülünü açdım, içindən əl dəyəndə ovxalanan bir kitab çıxdı: bu, Sultan Məcid Qəniyevin(Qənizadənin-N.N.) 1922-ci ildə "Azpoliğraf Trestinin nəşriyyatı tərəfindən Birinci Hökumət mətbəəsində çap edilmiş 500 səhifəlik "Rusca-türkcə lüğət " idi. Bu nadir nəşrə görə İsaya zəng etdim, təşəkkürümü bildirdim. Sən demə, "Ərəb və fars sözləri lüğəti"ni istəməkdə İsanın məqsədi məni iş yerinə çağırmaq və məni yeni hədiyyə ilə, çoxdan istəyində olduğum kitabla sevindirmək imiş.

Maraqlı burasıdır ki, İsa bu kitabı süpürgəçilərdən alıbmış: onlar bu kitabı atmaq istəyirlərmiş.
Beləliklə,İsa tarixdə tarixi bir səhvi düzəltmiş, lüğətçiliyimizdə şərəfli yer tutan bir kitabı nadan adamlardan xilas edə bilmişdi.
İsanın bədii obrazını mən yaratmışam. "Bakı" və "Baku" qəzetlərinin ştatdankənar müxbiri kimi onun haqqında "Beşilliyin qəhrəmanları" rubrikasında bir yazı çap etdirmişdim. O vaxtlar İsa Azərbaycan Respublikasının ən yaxşı tokarlarında biri hesab olunurdu:Montin adına neft maşınqayırma zavodunda tokar işləyirdi.Yazı qəzetin redaktoru Nəsir İmanquliyevin də xoşuna gəlmişdi.
İkinci yazını, səhv etmirəmsə, Azərbaycan radiosunun müxbiri Telli adında yaxından tanımadığım bir istedadlı qız yazmışdı.Bu yazı dinləyicilər tərəfindən daha yaxşı qarşılanmışdı.(O vaxtlar radio verilişlərinə maraq indikindən çox-çox artıq idi). Telli xanımın yazısı İsanı daha da məşhurlaşdırmışdı. İsa Telli xanımı hər yerdə tərifləyirdi.Bir dəfə radioda Telli xanımla rastlaşanda , İsa jurnalist Telli xanıma öz təşəkkürlərini bildirir.Telli xanım da "Sizi yazımda tərifləyəndən sonra elçilərimin sayı xeyli artıb " deyə onun təşəkkürünə təşəkkürlə cavab vermişdi.
İsa Əliyev dünyasını dəyişdi,onu dünənki(31.03.2014) yaz günündə Mehdiabad qəbirstanlığında dəfn etdilər.
Qızlarının , nəvələrinin, qohum-əqrəbalarının canı sağ olsun.
İsanı son mənzilə yola salmağa yüzlərlə adam gəlmişdi.Hamı həyatda dostluq etməyi və dostluğu qiymətləndirməyi bacaran İsanın dünyadan köçməsinə təəssüflənirdi.
Əlvida, əziz dost, əlvida...

Nazim Nəsrəddinov
Bakı, 01.04.2014.
Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed