Şrift:
Güney Azərbaycan xəbərləri
09.12.2011 [10:28] - Gündəm
Rusiya İranın neft şirkətlərinə sanksiya tətbiqi məsələsində bitərəf qalacağını açıqlayıb

“İrandan neft məhsulları idxal edən şirkətlərə qarşı sanksiya tətbiq olunsa, Rusiya bitərəf qalacaq bu barədə Rusiyanın Enerji Nazirliyinin dekabrın 7-də yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger dekabrın 6-da jurnalistlərə açıqlamasında Avropa Birliyinə üzv olan ölkələrin İrandan neft məhsulları idxal edən şirkətlərə qarşı sanksiya tətbiqi məsələsində razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, əgər ABŞ və Rusiya məsələ ilə bağlı razılığa gəlsələr, sanksiyanın tezliklə tətbiqi qaçılmazdır.


ABŞ İrana qarşı gizli əməliyyatlar aparmaq barədə qərar qəbul edib

ABŞ İrana qarşı gizli əməliyyatlar aparmaqla bağlı qərar qəbul edib.
Bu barədə “The American Conservative” jurnalı yazıb. Jurnalın yazdığına görə, ABŞ İranın Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cübeyrə qarşı sui-qəsd planının üstü açıldıqdan sonra belə qərar verib.

“The American Conservative” yazır ki, ABŞ-da Corc Buşun hakimiyyətdə olduğu dövrdə də belə bir qərar qəbul olunub: “Həmin qərarda İran İslam İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) İranın Bəlucistan, Xuzistan əyalətlərində və Şimali İraqdakı fəaliyyətinin qarşısını almaq üçün İranla silahlı mübarizə aparan bəlucların, ərəblərin və kürdlərin bölgə ilə bağlı ABŞ-ın əldə etdiyi kəşfiyyat məlumatları ilə təmin olunmasına icazə verilib. Lakin Barak Obama ABŞ prezidenti seçildikdən sonra Türkiyə ilə hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq artdığından 2009-cu ildə İran kürdlərinə məlumat dəstəyi dayandırıldı. Son 7 ildə Bəlucistan və Xuzistan əyalətlərində xeyli sayda İran hərbçisinin və vətəndaşının həlak olduğu terror aktları ABŞ-ın ötürdüyü kəşfiyyat məlumatları sayəsində həyata keçirilib”.

“The American Conservative” jurnalına görə, ABŞ-ın İran daxilində gizli əməliyyatlar aparmaqla bağlı qəbul etdiyi sonuncu qərar daha geniş ərazini əhatə edir. Jurnal yazır ki, son qərardan da ABŞ-ın İrana qarşı mübarizədə etnik qruplardan istifadə etmək niyyətində olduğu aydın olur.



İranda Azərbaycan dövləti əleyhinə tədbirlər davam etdirilir

“Azərbaycan Respublikası tarixi İran ərazisidir, zor gücünə işğal edilib”

İranda Azərbaycan dövləti əleyhinə keçirilən tədbirlər davam etdirilir. İran KİV-nə istinadən verilən məlumata görə, “Şəriət məhkumları” silsiləsindən keçirilən növbəti konfrans “Azərbaycan Respublikasında islamçılıq hərəkatının araşdırılması” mövzusunda keçirilib.

Toplantıda “Aran” Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun müdiri Həsən Qulu Azərbaycana qarşı ərazisi iddiası ilə çıxış edib. O, Azərbaycan Respublikasında insan hüquqlarının və dini dözümsüzlüyün, əsasən də müsəlmanlara qarşı diskriminasiya siyasətinin yeridilməsi kimin iddialar səsləndirib: “Dünyanın ikinci şiə müsəlman ölkəsi olan Azərbaycan Respublikasının xalqı üçün İmam Hüseyn əzadarlığının normal keçirilməsi təmin olunmur. Azərbaycan Respublikası tarixi İran ərazisidir, zor gücünə işğal edilib. Bu ərazilərin adı Aran olmasına baxmayaraq, indiki Azərbaycan Respublikasında İrana və şiəçiliyə qarşı düşmənçilik cərəyanları ortalığa atılıb, indiyə kimi də davam etməkdədir”.

H. Qulu deyib ki, 1937-ci ildə Azərbaycanda müsəlmanlara qarşı repressiya ən yüksək həddə olub: “Bu dövrdə regionda 300 mindən yuxarı şiə qətlə yetirilib, çoxlu sayda ruhani və hətta müctəhid öldürülüb. Məscidləri bağlamaq, İmam Hüseyn əzadarlığını qadağan etmək kommunist rejiminin şiəlik əleyhinə olan digər əməllərindən olub. Təəssüf ki, Azərbaycan müstəqillik qazandıqdan sonra da dinlə mübarizə başqa formada davam etdirilir, Bakı dövləti Misir və Tunisdə diktatorların süqutundan sonra dünyanın ən anti-İslam ölkəsinə çevrilib. Halbuki, bu ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Məscidlərin sökülməsini, din alimlərinin dəftərxanalarının açılmasının qadağan olmasını, əzadarlıq heyətlərinin küçələrə çıxmasının qarşısının alınmasını, İranda dini təhsil almış ruhanilər tərəfindən dinin təbliğ olmasına qadağa qoyulması və sair əməllər Bakı dövlətinin islamofobiya siyasətinin göstəricisidir”.

O, İranı Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa da çağırıb: “Bu ölkənin şiələrinin təzyiqlər altında olduğunu demək və onları dəstəkləmək, biz, İran xalqının vəzifələrindən biridir”.


Çin İranı müdafiə edəcək

Çin İranın müdafiəsi xatirinə üçüncü dünya müharibəsinə də getməyə hazır olduğunu bildirdi.
"Üçüncü dünya müharibəsi bahasına da olsa İranı müdafiə edəcəyik".
"Fars" xəbər agentliyinin yaydığı məlumata görə, bu sözləri ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Yaxın Şərq bölgəsinə döyüş təyyarələrini göndərməsinə etiraz edən Çin ordusunun yüksək vəzifəli komandanı Jang Jao Jang deyib.
Ordu komandanı bildirib ki, Pekin üçüncü dünya müharibəsinin başlaması bahasına olsa belə İranı müdafiə etmək və qorumaqda əsla tərəddüd etməməlidir.


Erməni nüvə mütəxəssisləri İranda fəaliyyət göstərirlər

Son illər ərzində onlarla Ermənistanın Atom Elektrik Stansiyasının (niruqah) mütəxəssisi İrana gedib və daha böyük maaşla Buşəhr Atom Elektrik Stansiyasında (AES) işləyirlər.
Metsamor AES-nin baş mühəndisi Movses Vardanyan son illər ərzində təxminən 20 erməni mütəxəssislərin yüksək maaşla Buşəhr AES-də işləməyə getdiklərini bildirir: “Pis kadrlar getmir, yaxşıları gedir”.
“Orada da şəraitlər ağırdır, hava çox istidir, lakin maaşlar böyükdür. Hazırda Buşəhr atom stansiyasında işləyən rəfiqəm deyir ki, bizim keçmiş əməkdaşlarımıza ayda 2500 dollara qədər maaş verirlər”, - bbcazeri.com müxbiri ilə söhbətində deyib Ermənistan AES-nin əməkdaşı.
Bu “yaxşı kadrların” ixtisaslaşmasını, onların, bədxah niyyətlərlə istifadə oluna bilən, hər hansı məxfi məlumata yaxud nüvə texnologiyalarına (teknoloji) bələd olmasını öyrənmək mümkün olmadı. Çoxsaylı telefon zəngləri Metsamor AES-i rəhbərliyinin qəbul otağındakı qızdan o yana keçmirdi, lakin nəhayət o, Energetika Nazirliyinin icazəsi olmadan AES rəhbərliyinin məlumat verə bilmədiyini söylədi.
Xeyli zənglərdən sonra, nazirliyin mətbuat katibi Lusine Harutyunyan öyrənib cavab verdi ki, Energetika və Təbii Ehtiyatlar Nazirliyi atom stansiyasının sabiq əməkdaşlarının statistikasını (amar) aparmır və onların sonrakı taleyi haqqında məlumata bələd deyil. O ki qaldı son illər ərzində işdən azad olmuş əməkdaşların ixtisaslaşmasına, onun sözlərinə görə, onlar adi mühəndis-texniki işçilərdir və onların vəzifəsi AES-in müntəzəm işini təmin etmək olub.
“Yox əşşi, nə sirr? Onlar adi mühəndislər, operatorlar və təmirçilərdir. Orada da burda gördükləri işlə məşğuldurlar və iranlı həmkarlarına kadrlar hazırlamağa kömək edirlər. Onların bu tipli atom stansiyasında böyük iş təcrübəsi var”, - deyir keçmiş həmkarları ilə ildə bir dəfə onların məzuniyyəti zamanı Yerevanda görüşən Ermənistan AES-nin əməkdaşı.


İsrail İran və Suriyaya qarşı müharibənin vaxtını açıqlayıb?

İsrail və Suriya Yaxın Şərqdə yeni müharibənin tarixini açıqlayıblar. "Debka" saytınına verdiyi məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu və Suriya prezidenti Bəşər Əsəd ötən həftənin sonu faktiki olaraq regionda müharibənin vaxtını təyin ediblər. Ən əsası isə bu müharibədə İran da iştirak edəcək.

Artıq məsələ ilə bağlı bir sıra siyasi analitiklər rəy verməyə başlayıblar. Ümumi ehtimallara görə, müharibə 2011-ci ilin dekabrın ortalarından 2012-ci ilin yanvar ayının ortalarına kimi davam edəcək:

İlk əlamət – ötən həftənin sonunda Suriyanın şərqində ölkə ordsunun irimiqyaslı təlimləri keçirilib. İsrail və Qərb KİV-də bu təlimlər ölkədə baş verən iğtişaşların olmasına baxmayaraq hələ də ordunun raket gücünün mövcud olmasını göstərmək kimi xarakterizə olunub. Əslində isə ekspertlər əmindirlər ki, təlimlər tammiqyaslı müharibəyə hazırlıq məqsədi daşıyır.

İkinci əlamət- İsrailin hökumət başçısı Benyamin Netanyahunun bazar günü axşam ölkənin birinci baş naziri David Ben-Qurionun xatirə gecəsindəki çıxışı. Analitiklər həmin gecədəki baş nazirin nitqini İrana qarşı müharibənin başlanmasının labüd olması kimi qiymətləndiriblər.

Üçüncü əlamət- son həftələr Birləşmiş Ştatların İsrailə misilsiz təzyiqləri.

Dördüncü əlamət- Rusiya və ABŞ-ın Suriya və İran ərazisində hərbi resurslarını yerləşdirməsi.


Böyük Britaniya İrandan maddi təzminat tələb edir

Böyük Britaniya Vyana Konvensiyasının müddəalarını əsas tutaraq Tehrandakı səfirliyinə hücum zamanı dəyən zərərlə əlaqədar İrandan maddi təzminat istəyir.
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Təzminatın məbləği hələlik tam dəqiqləşməyib. Ancaq bu məbləğin 1 milyon funt-sterlinqdən çox olacağı bildirilir. Ekspertlər araşdırma apararaq dəymiş zərəri dəqiqləşdirir.
Səfirlikdə qiymətli əşyalar, rəsm əsərləri, elektron cihazlar və bir neçə avtomobil hücum zamanı xəsarət alıb və ya oğurlanıb.


“Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr” adlı beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 105 illiyinə həsr olunmuş “Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr” adlı beynəlxalq elmi konfrans keçirilir. konfransda Azərbaycanla yanaşı, İran və İraqdan da alimlər iştirak edir.

Konfransın açılışında çıxış edən institutun direktoru Gövhər Baxşəliyeva bildirib ki, Şəhriyar Azərbaycan, İran və Yaxın Şərq şeirində silinməz iz qoyan şairdir: ”Şəhriyar o taylı, bu taylı Azərbaycanın ən böyük şairlərindən biridir. Onun yaradıcılığı dünya şeir xəzinəsinin ən nadir incilərindən biri sayılır. Onun şeirlərinin əsas ana xəttini insanpərvərlik, vətənpərvərlik, səmimiyyət təşkil edir. Azərbaycanlılara onu xüsusi sevdirən onun anadilli şeirləridir. Şəhriyar yaradıcılığında əsas mövzulardan biri də onun ikiyə bölünmüş Azərbaycan xalqının ayrılıq nisgilini ifadə etməsidir. O, Azərbaycan ədəbiyyatında bu mövzunun əsasını qoymuş bir şairdir”.


ABŞ-ın İrandakı virtual səfirliyinin ömrü qısa oldu

ABŞ-ın İrandakı virtual səfirliyi heç 24 saat da işləyə bilmədi. İran hakimiyyəti sayta girişi məhdudlaşdırıb. Bunu ABŞ Dövlət Dpeartamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib. Onun sözlərinə görə, işlədiyi müddət ərzində saytın ingilisdilli versiyasına İrandan 2001 ziyarət qeydə alınıb. Fars dilində olan sayta isə 7770 iranlı istifadəçi müraciət edib. Ümumilikdə səfirliyin internet səhifəsinə təxminən 50 min adam daxil olub.

Mark Toner bildirib ki, İran hakimiyyəti ABŞ-a səfər etməyin yolları və Amerika siyasəti barədə informasiyaları təqdim edən saytı məhdudlaşdırmağa çalışır. “Əminik ki, saytın işindəki müvəqqəti probelmləri aradan qaldıra biləcəyik”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edəkk i, ABŞ Tehrandakı virtual səfirliyinin yaradıldığını çərşənbə axşamı açıqlamışdı. Lakin bir sutka keçmədən iranlı internet istifadəçilərinin sayda daxil olması əngəllənib. Saytı açmaq istədiklə kompyuterin ekranında xəbərdarlıq əks olunur: “Qanunvericiliyə uyğun olaraq, bu resursa giriş mümkün deyil”.


“Traxtur” müsabiqəsinin 21-ci dəqiqəsində “21 Azər” yad olunacaq

“Traxtur” futbol takımının tərəfdarları daha bir yeniliyə əl atacaqlar. Onlar, “Traxtur”un növbəti müsabiqəsində “21 Azər” hərəkatını yad edəcəklər.
“Traxtur” tərəfdarları yaydıqları açıqlamada bildiriblər ki, müsabiqənin 21-ci dəqiqəsində “21 Azər”də qəhrəmancasına şəhid olanları “Yaşasın Azərbaycan” şüarı ilə yad edəcəklər.
Bununlada fars şovinizmi anlamış olacaq ki, Azərbaycan xalqı hələdə S.C Pişəvəri və onun silahdaşlarını unudmayıb və mübarizə davam edir.
Qeyd edək ki, növbəti müsabiqə sabah “Traxtur”la “Mis” takımları arasında Təbrizin səhənd stadionunda (stadyom) keçiriləcək.


Azərbaycanın Təbrizdəki konsulluğunu təhdid edənlərə XƏBƏRDARLIQ

Azərbaycan Milli Hərəkat fəalları Azərbaycan Cümhuriyyətinin Təbrizdəki konsulluğunu təhdid edənlərə xəbərdarlıq ediblər.
Bu barədə Milli Hərəkat fəalları sərt Bəyanat yayıblar.
Bəyanatda qısaca deyilir ki, "Böyük Britanyanın səfirliyinə hücumdan sonra, Azərbaycan Cümhuriyyətinin Təbrizdəki konsulluğuna hücum edəcəkləri ilə bağlı prezident Mahmud Əhmədinejada məktub yazanlar (Ənsari-Hizbullah), başda molla Axund Becani olmaqla bilməlidilər ki, belə bir hərəkətə ciddi cavab veriləcək.
Biz bu terorrist təşkilatın sərkərdəsindən istəyirik ki, ayağını bundan çox yorğanından uzatmasın. Azərbaycanın konsulluğunu işğal etmək 35 milyonluq Güney və 10 milyonluq Quzey Azərbaycana təhqirdir. Bu, cəsarət tələb edir. hansıki o cəsarət sizdə yoxdur.
Bütün bunların yerinə faşist fars rejimindən tələb ki, 20 faiz azərbaycanlı müsəlmanların torpaqlarını işğal edən Ermənistana dəstəyini kəssin."



Bakıda 21 Azər Hərəkatının 66-ci ildönümünü qeyd olunacaq

Azərbaycan Cümhuriyyətində siyasi mühacir həyatı yaşayan güney azərbaycanlıların təşəbbüsü və təşkilatçılığı ilə tədbir keçiriləcək.
Tədbir Bakı şəhərində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümləriylə əlaqədar keçiriləcək.
Dekabrın (December) 10-da keçiriləcək tədbir Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.
Qeyd edək ki, 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli Hökuməti yaradılıb. Bir il sonra, yəni 1945-ci il dekabrın 17-də İran şahı Məhəmmədrza Pəhləvinin rəhbərliyi altında Təbrizə qoşun yeridilərək Azərbaycan Milli Hökuməti devrilib.
Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed