Şrift:
Ərzaq təhlükəsizliyi: ölkədə vəziyyət necədir?
10.04.2014 [11:12] - İqtisadiyyat, Sosial
Aprelin 9-da İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Böyük Britaniyanın “Oxfam” humanitar təşkilatı ilə birgə “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış” mövzusunda konfrans keçirib.



Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayev “Azərbaycanda ərzaqla təminatın mövcud durumu: problemlər və resurslar” mövzusunda təqdimat edib. Məruzəçi ilk növbədə ərzaq norması probleminə toxunub. Onun sözlərinə görə, insanların normal şəkildə yaşayıb fəaliyyət göstərməsinin ilkin şərti ərzaq məhsulları ilə etibarlı təminatdır: “Normal qidalanma üçün gündəlik 2600 kilokalori tələb olunduğu halda 1800 kilokalori qidalanma aclıq həddi sayılır. Dünya Səhiyyə Təşkilatının (DST) normasına görə, zülalın adambaşına sutkalıq istehlakı 100 qram olduğu halda Azərbaycanda bu göstərici 2010-cu ildə 75,4 qram olub. Bu dövrdə yağların istehlakı 72,8 qram, karbohidratların istehlakı isə 460,5 qram olub. Halbuki DST normasında uyğun göstəricilər 75 qram və 425 qramdır. Yəni ölkədə insanların qidasında karbohidratlar üstünlük təşkil edir”.

Azərbaycanda fermer təsərrüfatlarının vəziyyətinə toxunan ekspertin fikrincə, bir sıra amillər - əkin sahələrinin məhdudluğu, maddi-texniki bazanın, kredit təminatının zəifliyi, gübrələrdən istifadənin az və birtərəfli olması, istehsal vasitələrinin, xidmətlərin bahalığı məhsuldarlığı da azaldır: “Avropa ilə müqayisədə Azərbaycanda məhsuldarlıq ən azı 2 dəfə aşağıdır. Məsələn, Avropada pomidorun məhsuldarlığı hər hektardan 70-90 ton olduğu halda ölkəmizdə bu göstərici 25-30 ton təşkil edir. Məhsuldarlığı azaldan problemlərdən biri də toxumun keyfiyyətsiz olmasıdır. Araşdırmalar göstərir ki, keyfiyyətli toxum məhsuldarlığı 30 faiz artırır. Ölkədə meyvə-tərəvəz ixracı üçün imkanlar var, digər məhsullar üzrə isə idxaldan asılıyıq.

Əsas ərzaq məhsulları üzrə göstəricilərə nəzər salsaq, 2012-ci ilin yekunlarına görə, Azərbaycan Qazaxıstandan buğda alan ölkələr arasında Əfqanıstan və Qvatemaladan sonra 3-cü yeri tutur. İdxaldan asılılıq buğdada 43, kərə yağında 70, balıqda 27, düyüdə 88, şəkərdə 97, çayda 35, bitki yağında 58 faizdir”.

Deputat Vahid Əhmədov ərzağın həcmi və keyfiyyətinin vacibliyini vurğulayıb, buğda idxalının artmasından narahatlığını dilə gətirib. Onun fikrincə, əhalisinin ərzaq təminatının 80 faizə qədərinin öhdəsindən daxili imkanlar hesabına gələ bilən dövlət təhlükəsiz hesab olunur: “İldə 300 milyon manata yaxın vəsait müxtəlif fondlar vasitəsilə kənd təsərrüfatına yönəldilir. Daxili bazarda geni dəyişdirilmiş məhsulların həcmi isə getdikcə artır. Buna yol vermək olmaz. Bəzi məhsullar üzrə hətta 80 faizə çatıb. Azərbaycan özünün ərzağa olan tələbatının 70-80 faizini ödəməlidir.



“Oxfam” təşkilatının Regional Ərzaq Təhlükəsizliyi Proqramının rəhbəri Yuliya Yevtuşok “Ərzaq suverenliyi: kənd təsərrüfatı və kənd inkişafı üçün dövlət siyasətləri” mövzusunda çıxış edib. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi təkcə ərzaq təminatı deyil, həm də ərzağın müstəqilliyi məsələsidir: “İstehsal edilən məhsul bazara uyğun olmalıdır. Fermer nə istehsal etdiyini özü müəyyənləşdirməli, məhsul istehsalında müstəqil qərar verməlidir. Keçmiş sovet ölkələrində məhsuldarlıq həmişə aşağı olub. Ancaq bu o demək deyil ki, biz məhsuldarlıq dalınca qaçmalıyıq. Avropadakı məhsuldarlığa uyub onların tələsinə düşməməliyik. Avropa fermerləri çox əziyyət çəkirlər, çünki məhsuldarlığa daha çox fikir verirlər. Müştəriləri maarifləndirmək lazımdır. Fermerlərin problemləri cəmiyyətə çatdırılmalıdır. Dünya Ticarət Təşkilatına girəndə bir az ehtiyatlı olmaq lazımdır, çünki ölkə ucuz məhsullarla dolarsa, yerli istehsal sıradan çıxa bilər. Odur ki, bəri başdan yerli istehsalı stimullaşdırmaq lazımdır. Toxum məsələsi də vacibdir. Yaxşı olardı ki, bahasına keyfiyyətsiz toxum almaqdansa, ənənəvi üsullara keçək, ölkədə toxum istehsalını təmin edək. Hazırda Avropanın özündə də geni modifikasiya olunmuş məhsullara qarşı çağırışlar var”.

Yevtuşok investisiya məsələsinə də toxunub: “Kənd təsərrüfatının inkişafı üçün investisiya vacibdir. Burda daha çox sual doğuran məsələ investisiyanın dövlət, yoxsa özəl şəxslər tərəfindən qoyulmasıdır. Təbii ki, kənd təsərrüfatı sırf dövlət investisiyası hesabına inkişaf etdirilməlidir. Bu sahədə dövlətlə özəl sektorun əməkdaşlığı da ola bilər”.

Tədbirə qatılmış müstəqil ekspert Günel Məlikzadə “Azərbaycanda qidanın keyfiyyətinə təminat sistemi: milli qanunvericiliyin beynəlxalq standartlarla müqayisəli təhlili” mövzusunda çıxış edib. O, çıxışında qida təhlükəsizliyinin əhəmiyyətini xüsusi vurğulayıb: “Ərzağın keyfiyyəti və təhlükəsizliyi üzrə 2013-cü ildə hazırlanmış qlobal qida təhlükəsizliyi indeksinə görə, Azərbaycan qismən yaxşı ölkələr qrupunda yer alıb”.

RASFF (qida və yeyinti məhsulları üzrə çevik xəbərdarlıq sistemi) sistemi barədə danışan çıxışçının sözlərinə görə, bu baza vasitəsilə Avropa bazarlarına konkret məhsullar barədə məlumatlar ötürülür, həmin məhsullar keyfiyyətsiz olduğu halda bazardan yığışdırılır: “Azərbaycandan gedən bəzi nar şirələrində, fındıq məhsullarında normadan artıq qarışıqlar olduğu üçün həmin məhsullar Avropa bazarlarından geri qaytarılıb”.

Azərbaycanda qida təhlükəsizliyinin təşkilinə təsir göstərən amillərdən danışan ekspertin fikrincə, ölkə qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Azərbaycanda qida təhlükəsizliyinin 6 dövlət qurumu tərəfindən qorunduğunu bildirən çıxışçı bir sıra ölkələrdən misallar gətirərək ərzaq təhlükəsizliyi məsələsinə bir mərkəzdən nəzarət olunmasının vacibliyini vurğulayıb.

Dövlət standartlarına toxunan Günel Məlikzadənin sözlərinə görə, hazırda QOST-ların istifadəsi Avropa bazarlarına çıxış imkanlarını məhdudlaşdırır: “Beynəlxalq standartlara uyğunlaşmaq ixrac potensialının artırılması üçün çox vacibdir”.
Bu xəbər oxucular tərəfindən 1383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed