Şrift:
Cəzaçəkmə müəssisəsində baş verən insidentlə bağlı cinayət işi başlanıb
09.12.2011 [12:44] - Köşə yazarları
Bakıda cəzaçəkmə müəssisəsində baş verən insidentin təfərrüatları məlum olub.

Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu müəssisədən qaçmaq istəyiblər. Bu zaman müəssisənin əməkdaşları məhkumların hərəkətlərindən şübhələnərək onlara xəbərdarlıq ediblər. Lakin məhkumlar müəssisə əməkdaşlarının xəbərdarlığına məhəl qoymadan onlara hücum çəkiblər. Nəticədə cəzaçəkmə müəssisəsinin əməkdaşları - Seymur Məhərrəmov və Ramiz Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən dərhal sonra həyəcan siqnalı çalınıb və cəzaçəkmə müəssisəsinin əməliyyat qrupu hadisə yerinə gəlib. Həyata keçirilən tədbirlər nəticəsində Fərid Dadaşov zərərsizləşdirilərək kameraya salınıb. Az keçməmiş F. Dadaşov kamerada özünü öldürüb. Digər məhkum Faiq Fərəcov isə müəssisədən qaçmağa müvəffəq olub.

Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və 304.2-ci (həbsdən qaçma) maddələri ilə cinayət işi başlanıb, F. Fərəcovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed