Şrift:
Bakı-Gəncə marşrutu ilə yeni «Ekspress» qatarı istismara verilib
09.12.2011 [13:02] - Köşə yazarları
Bu gündən etibarən Bakı-Gəncə istiqamətində yeni «Ekspress» qatarı xəttə buraxılıb. «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, QSC sədrinin əmri ilə Bakı-Gəncə-Bakı «Ekspress» qatarı səhər saat 09:00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 16:20-də Gəncə stansiyasına çatacaq. Sabah, dekabrın 10-da 09:00-da Gəncə stansiyasından yola düşəcək və saat 17:10-da Bakı-sərnişin stansiyasına çatacaq. Qatar günaşırı hərəkət edəcək.

Bakı-Gəncə-Bakı «Ekpress» qatarlarının Gəncə stansiyasından səhər saatlarında yola düşməsini və sərnişin sıxlığının az olmasını nəzərə alaraq, dekabrın 9-dan etibarən Bakıdan, dekabrın 10-dan isə Mingəçevirdən hərəkət edən Bakı-Mingəçevir-Bakı istiqamətində hazırda hərəkət edən «Ekspress» qatarı ləğv olunur.

Məlumat üçün bildirək ki, Bakı-Gəncə-Bakı istiqamətində xəttə buraxılan 5 vaqondan ibarət olan yeni «Ekspress» qatarının vaqonları VEST QAS müəssisəsi ilə «Azərbaycan Dəmir Yolları» QSC arasında bağlanmış müqaviləyə əsasən Slovakiyada təmir olunaraq Azərbaycana oktyabr ayında gətirilib.

Vaqonlar əsaslı şəkildə tamamilə yenidən qurularaq, kreslolarla təchiz olunub və oturacaq tipli vilayətlərarası vaqonlara çevrilib. Vaqonların dördü «ekonom-klass» olmaqla hər biri 60, biri isə «biznes klass» olmaqla 45 sərnişinin daşınması üçün nəzərdə tutulub. Hər bir vaqon daxili avadanlıqları və hərəkətedici hissələri müasir üslubda təmir olunmaqla yanaşı 4 ədəd televizor, içməli su, sensorlu idarəetmə sisteminə malik fotoeffekt tipli əlüzyuyan, ekoloji təmiz sanitar qovşağı, monobloklu kondisioner sistemi və soyuducu agentlə, eyni zamanda ən son model generatorla təchiz olunub, noutbukların elektrik cərəyanına qoşulması, sərnişinlərə hər cür xidmətin göstərilməsi və s. üçün geniş imkanlar nəzərdə tutulub.

Vaqonların daxili avadanlıqları və hərəkətedici hissələri tamamilə dəyişdirilərək yeni və daha müasirləri ilə əvəz olunub. Belə ki, avtomatik tormoz sisteminə aid cihazlar, avtoqoşqu və vaqonların zərbə altında işləyən hissələrinə aid detallar, arabacıqların bütün hissələri, vaqonların yan divarları, tavanları, döşəmələri, qapı və pəncərələri tamamilə dəyişdirilib, pəncərələr xüsusi möhkəmliyə malik şüşələrlə təchiz olunub, su və istilik sistemi, eyni zamanda vaqonlararası keçidlər modernizə edilərək yenidən qurulub. Təmir zamanı hərəkətin təhlükəsizliyi baxımından bütün tədbirlər nəzərə alınıb. Bu vaqonların istismar müddəti 28 il, yəni sürəti 160 km/saat olmaqla 2039-cu ilə qədər nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 1753 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed