Şrift:
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı prokurorun hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib
09.12.2011 [16:05] - Köşə yazarları
Məhkəmə prosesinin ilk iclası gələn il fevralın 14-nə təyin olunub

Türkiyənin İstanbul şəhərinin 16 saylı Ağır Cəza Məhkəməsi ölkə futbolunda danışılmış oyunlarla bağlı prokurorun hazırladığı ittiham aktını qəbul edib. 401 səhifədən ibarət ittihamnamə prokuror tərəfindən dekabrın 3-də məhkəməyə göndərilmişdi. Qanuna əsasən məhkəmə ittihamnaməni 15 gün ərzində ya qəbul etməli, ya da prokurora geri qaytarmalı idi. Məhkəmə ittiham aktını bu gün qəbul edərək məhkəmə prosesinin ilk iclasını 2012-ci il fevralın 14-nə təyin edib.

İş üzrə şübhəli şəxs qismində 93 nəfərin adı keçir. Bu şəxslərdən 31 nəfəri hazırda həbsdədir. Onların arasında “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım, “Sivasspor” klubunun prezidenti Məcnun Odyakmaz, “Giresunspor” klubunun prezidenti Olqun Peker, “Beşiktaş” klubunun vitse-prezidenti Sərdal Adalı, “Beşiktaş” futbol komandasının baş məşqçisi Tayfur Havutçu, “Əskişəhər” klubunun idman direktoru, keçmiş futbol ulduzu Ümit Karan, “İstanbul Böyük Şəhər Bələdiyyəsi” futbol komandasının oyunçuları İbrahim Akın və İsgəndər Alın, “Sivasspor”un qapıçısı Korcan Çelikay, “Fənərbağça” rəhbərliyində təmsil olunan bir sıra şəxslər, həmçinin menecerlər də var.

Ə. Yıldırım və O. Peker mütəşəkkil cinayətkar dəstə yaradaraq matçların nəticəsinin öncədən müəyyənləşdirilməsində, haqsız iqtisadi qazanc əldə etməkdə ittiham olunur. Ə. Yıldırımın “Fənərbağça”nın çempionluğu ilə yekunlaşmış 2010-2011 futbol mövsümündə 13 matçın nəticəsinə öncədən təsir etdiyi bildirilir.

Qüvvədə olan mövcud qanunvericilikdə O. Peker, Ə. Yıldırım və ittiham olunan digər şəxslər üçün ağır cəzalar nəzərdə tutulur. Lakin futbol klublarının xahişi ilə Türkiyə parlamenti cəzaları yüngülləşdirmək qərarına gəlib. Cəzaların yüngülləşdirilməsini ehtiva edən yeni qanun layihəsi parlamentdə qəbul edilib. Prezident Abdulla Gülün qanuna veto qoymasına baxmayaraq, iqtidar və müxalifət partiyaları qanunu eynilə yenidən qəbul edib prezidentə göndərəcəklərini açıqlayıblar. Bu halda dövlət başçısı qanunu təsdiqləməyə məcburdur.

Xatırladaq ki, Türkiyə futbolunda danışılmış oyunlarla bağlı polis əməliyyatı bu il iyulun 3-də başlayıb. Türkiyə Futbol Federasiyası qalmaqala adı qarışan klublar və şəxslərlə bağlı qəti qərarını bu mövsümün sonunda (2012-ci ilin may-iyun ayları) verəcəyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed