Şrift:
Güney Azərbaycan xəbərləri
09.12.2011 [16:26] - Köşə yazarları
Əhməd Şəhid: İranda insan hüquqlarının pozulması ilə bağlı BMT-yə məruzə hazırlayacaqam

“İranda insan haqlarının pozulması bu ölkədə ümumi vəziyyətin acınacaqlı olmasından xəbər verir .Bunu İranda insan haqlarının durumu ilə bağlı məruzə hazırlamaq üçün Avropa ölkələrinə səfər edən BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid bildirib. Fransadan sonra Almaniyaya səfər edən BMT təmsilçisi burada da iranlı siyasi mühacirlər ilə görüşüb: “Görüşlərimdə əsas məqsəd İranda pozulan insan haqları ilə bağlı daha ətraflı məlumat əldə etməkdir. İran ölkədə araşdırma aparmağa icazə vermədiyindən bu ölkədəki insan haqlarının durumu ilə bağlı informasiyaları ancaq Avropanın İran əsilli sakinlərindən əldə edə bilirəm. Çalışıram ki, İranda sonuncu prezident seçkilərindən əvvəl və sonra bu ölkədən çıxmış siyasi mühacirlərlə görüşüm”. İranda həbs olunmuş, işgəncələr görmüş və edam edilmiş insanların ailələri ilə əlaqə saxlamaq istədiyini bildirən Əhməd Şəhid növbəti səfərinin Kanadaya olacağını bildirib: “Bütün görüşlərimdə aldığım məlumatları toplayaraq geniş məruzə hazırlayıb BMT-nin İnsan Haqları Şurasına təqdim edəcəyəm”.


İRAN SAYTI: “BİZ DÜŞMƏNLƏ NECƏ DÜŞMƏNÇİLİK ETMƏYİ HƏLƏ ÖYRƏNMƏMİŞİK”

Dekabrın 8-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak” saytı dərc etdiyi bir yazıda Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücumu kəskin tənqid edib.
Noyabrın 29-da Böyük Britaniyanın Tehran səfirliyi qarşısında aksiya keçirən hökumətyönlü tələbələr və “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri səfirlik binasını tutublar. Böyük Britaniyanın İran Mərkəzi Bankına sanksiya qoymasına etiraz bildirən tələbələr səfirlik qarşısında şüarlar səsləndirdikdən sonra binanın divarından yuxarı qalxaraq səfirliyi ələ keçiriblər.
yazıda deyilir ki, Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum, səfirlik binasının tutulması yalnız İran xalqının mənafeyinə zərbə vuracaq düşünülməmiş bir addımdır: “Biz bəzən tələsik qərar qəbul edir, fürsəti itirir, həmin tələskənliyə görə də sonda özümüz zərbə altına düşürük. Bəzən elə qərarlar qəbul edirik ki, çox tez və qısa zamanda onun səhv olduğunu başa düşürük. Lakin bundan da betəri odur ki, bu qərarların səhv olmasını görə-görə öz səhvimizi qəbul etmir, onun düzgün olduğuna israr edirik. Bununla da həm başqalarına zərbə vurur, həm də özümüz ziyana məruz qalırıq.
Bu qarmaqarışıqlıq tək hakimiyyət qurumlarında deyil, təəssüf ki, elan etdiyimiz və ya həyata keçirmək istədiyimiz siyasətdə də özünü göstərir. Bir tərəfdən müstəqilliyimizi qorumaq və dünya müstəmləkəçilərinə qarşı mübarizə aparmaq üçün fəryad qoparır, buna görə çoxlu zərər-ziyana dözürük, o biri yandan da işlərimizi yaxşı proqramlaşdıra, düzgün işləyə bilmirik.
Böyük Britaniya səfirliyinin tutulmasına gəlincə, qəbul etməliyik ki, biz hətta düşmənlərimizlə necə düşmənçilik etməyi, onlarla necə davranmağı hələ öyrənməmişik. Biz Böyük Britaniya kimi bir düşmənlə çox incə və ağıllı düşmənçilik etməliyik. Elə etməliyik ki, Britaniya bu düşmənçiliyin acı nəticəsini görsün. Yoxsa ki, ağılsız hərəkətlər xeyirdən çox ziyanla nəticələnəcək”.


Norveçin “Det Norske Vitritas” şirkəti İranla əməkdaşlığı dayandırıb

Norveçin “Det Norske Vitritas” (DMV) şirkəti İranla əməkdaşlığı dayandırdığını açıqlayıb. Şirkətin nümayəndəsi artıq bu ölkədəki bütün ofisləri bağladıqlarını bildirib. DMV şirkəti bu addımı Böyük Britaniyanın İrandakı səfirliyinə hücum faktı və bu ölkəyə qarşı getdikcə ağırlaşdırılan sanksiyalarla əlaqələndirib.
Qeyd edək ki, bu şirkət İran gəmilərinin beynəlxalq sularda üzməsinə lisenziya verirdi. Eyni zamanda bu ölkənin neft platformalarının fəaliyyətinə nəzarət edir, daima təhlükəsizliyini təmin etmək üçün yoxlamalar aparırdı. DMV indiyədək İranın 20-yə yaxın gəmisinə beynəlxalq sularda hərəkət etməsi üçün lisenziya verib. Ancaq artıq şirkət həmin lisenziyaları ləğv etdiyini açıqlayıb.


Səid Muğanlının həbs qərarı qüvvədə saxlanıldı

Şərqi Azərbaycanın apelyasiya məhkəməsi (dadqahe təcdide nəzər) Azərbaycanlı fəal, jurnalist və şair Səid Muğanlı barədə çıxarılan həbs qərarı qüvvədə saxlayıb.
Apelyasiya məhkəməsi müttəhimin erirazını rədd edərək məhkəmənin 6 aylıq həbs qərarını təsdiqləyib.
Qeyd edək ki, Səid Muğanlı Təbrizin inqilan məhkəməsində, Azərbaycan Cümhuriyyətində müxbirlik kursunda iştirak etdiyi üçün Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq ittihamından bəraət qazanıb.
Həmçinin müxbirlik kursunda iştirak etdiyi səbəbindən qeyri-məşru yolla mal-dövlət əldə etmək ittihamı dosyesi ümumi məhkəməyə göndərilib.
Muğanlının daha bir ittihamıda var. O, şeir yazmaq və onları özəl veblaqında yerləşdirməklə sistemin eleyhinə təbliğdə günahlandırılıb və bu səbəbdən 6 ay azadlıqdan məhrum edilib.


Ankara Üniversitəsində Urumiyə gölünə dəstək konserti keçirildi

Ankara Üniversitəsində Urumiyə gölünə dəstək konserti keçirildi.
Azərbaycan Tələbə və məzunlar birliği tərafından düzənlənən, "Urmu haykırır desəm öldürərlər deməsəm ölərəm" adlı konsertdə unudulmaz anlar yaşandı.
Ankara Üniversitəsində (ATMB)'in Təşkilatçılığı ilə Bugün pərşəmbə 08.12.2011 saat 17.00-20.30 qədər dəvam edən konsertdə Güneyli ,Quzeyli və Türkiyəli soydaşlarımızın kənarında, Türk dünyasından da insanlar qatılmışdır.
Konsertin açılışında Urmu gölünün quruldulmasi ilə bağlı ,bəlgəsəl bir film göstərildi. Daha sonra,Azərbaycanın Güneyindən və Quzeyindən olan dans grubunun göstərisi oldu.Programin axışında Tanınmış Güney Azərbaycanlı sanatçı, Əkbər Bozrgəminin , ifasi ilə , unudulmaz və möhtəşəm anlar yaşandı.
Program diğər hissəsində tanımış Güney Azərbaycanlı Fərhad şidfər sazı ilə və genç sanatçı ,Ramin viqari( Toratan) səhnədə yer alaraq seyirciləri öz mahnıları ilə coşdurdu. program en sonda dans grubunin göstərisi ilə sona ərdi.

AVROPA BİRLİYİ İRAN NEFTİNƏ SANKSİYANI RAZILAŞDIRIB, AMMA HƏLƏ GÖZLƏYİR

Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Ottinger quruma üzv ölkələrin İran neftinə sanksiya qoyulması ilə bağlı razılığa gəlindiyini bildirib.
Dekabrın 6-da jurnalistlərlə görüşən Günter Ottinger əlavə edib ki, sanksiyalar digər ölkələrlə də razılaşdırılmalıdır: “Əgər ABŞ və Rusiya da bu əməkdaşlığa qoşulsalar, sanksiyaların nəticəsi daha yaxşı və təsirli olacaq. Avropa Birliyi İran neftinə sanksiya qoyulmasını daha böyük bir siyasətə çevirməli, digər ölkələri də buna şərik etməlidir”.


İRANLI AXUND: “YOLUNU AZMIŞ CƏRƏYAN SİSTEMİ DEVİRMƏK İSTƏYİR”

İranın iqtidaryönlü axundu, “Əmmar” qərargahının mərkəzi şurasının rəisi Mehdi Taib dekabrın 8-da jurnalistlərə açıqlamasında İran prezidenti Mahmud Əhmədinejadın komandasından, “yolunu azmış cərəyan”dan danışıb.
İranın dini lideri ayətullah Əli Xamneyiyə yaxın qurumlar Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayini yolunu azmış cərəyana rəhbərlikdə günahlandırırlar.
yolunu azmış cərəyanın 2012-ci ilin martında İranda keçiriləcək parlament seçkisi ilə bağlı strategiyasına toxunan Mehdi Taib deyib: “Bu cərəyan yalnız sistemi devirmək istəyir. Bizim fikrimizcə, yolunu azmış cərəyanın lideri (İsfəndiyar Rəhim Məşayi nəzərdə tutulur) çalışır ki, bu seçki ya keçirilməsin, ya da çox zəif keçirilsin. Məhz buna görə də hesab edirik ki, mühafizəkar qüvvələr parlament seçkisinə namizədliyini irəli sürənlərə diqqəti artırmalıdır”.


“SEPAH” RƏSMİSİ: ABŞ KƏŞFİYYATI MƏRSİYƏLƏRİ DƏYİŞMƏYƏ CƏHD GÖSTƏRİR

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandirlərindən olan Məhəmmədəli Asudi jurnalistlərə açıqlamasında ABŞ-ın Federal Təhqiqatlar Bürosunun dini mərasimlərdə İmam Hüseyn mədhini deyən iranlı məddahlar arasına nüfuz etdiyini bildirib.
Məhəmmədəli Asudi deyib: “ABŞ-ın casusluqla məşğul olan FTB təşkilatı əzadarlıqlarda və dini mərasimlərdə mədh deyən məddahlar arasına nüfuz edib. Onlar düşünülmüş bir proqram əsasında məddahların oxuduğu mərsiyələrin məzmununu, ahəngini dəyişməyə cəhd göstərirlər. Bəzi məddahlar isə diqqətsizlik edir, şiə və sünni vəhdətinə xələl gətirən bu mərsiyələri təkrarlayırlar”.
Tehran Məddahlar Assosiasiyası sədrinin müavini Qasım Rzayi jurnalistlərə açıqlamasında deyib ki, son illərdə bəzi məddahlar ABŞ-ın Los-Anceles şəhərində yaşayıb yaradan iranlı müğənnilərin mahnılarından istifadə edirlər: “Bəzi məşhur məddahlar Los-Ancelesdəki iranlı müğənnilərin peyk vasitəsilə yayılan mahnılarından ilham alaraq onların bəzi mahnılarının ahəngini və üslubunu götürür, bunun üzərində dini şeir qoşur və guya ki, İmam Hüseyn mərsiyəsi oxuyurlar”.
Bu xəbər oxucular tərəfindən 1160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed