Şrift:
İran yenə Azərbaycan qarşısında öhdəliyini pozur
11.12.2011 [16:19] - MDH, Fərəc Quliyev
Fərəc Quliyev: "İranın məqsədi Azərbaycanı aradan çıxarmaqdır"

Cümşüd Nuriyev: "Onlar Azərbaycanı xaraba vəziyyətdə görmək istəyir"


Prezident Administrasiyasının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənovun İrana səfərinin əks-sədası başa çatmamış, İslam dövlətinin ölkəmizə qarşı çirkin niyyətlərinə yenidən start verilib. Xatırladaq ki, Ə. Həsənovun Tehrana səfərinin başlıca məqsədlərindən biri iki qonşu dövlət arasında yaranmış bir sıra anlaşılmazlıqlara son qoymaq idi.

Belə ki, İranda tez-tez müxtəlif rəsmi və qeyri-rəsmi səviyyələrdə Azərbaycan əleyhinə fikirlər səslənirdi. Bundan başqa bu ölkənin "Səhər" kanalının işi- gücü səhərdən axşama qədər Azərbaycan əleyhinə verilişlər aparmaqdan ibarət idi. Lakin son mənzərə ondan xəbər verir ki, İran tərəfi bu anlaşılmazlıqlarla vidalaşmaq əvəzinə, ölkəmizə qarşı apardığı çirkin kampaniyanı daha da gücləndirib. Danışıqlar üzərindən heç bir gün keçməmiş Təbrizdə "şəriət məhkumları" silsiləsindən keçirilən toplantıda ölkəmizin ünvanına hər cür xoşagəlməz hədyanlar söylənilib. Ardınca da İranda təzyiq qruplarından biri kimi tanınan "Ənsari-Hizbullah" təşkilatının Təbriz bölməsinin rəhbəri axund Ruhullah Becani prezident Mahmud Əhmədinejada məktub yazaraq onun Azərbaycanla bağlı siyasətinə etirazını bildirib. Azərbaycan prezidenti İlham Əliyevin ünvanına kobud ifadələr işlədən axund utanmadan iddia edib ki, Azərbaycanın varlığı İrana böyük təhlükədir. Onun düşüncəsinə görə Azərbaycanda sivil dövlət quruculuğu sahəsində görülən işlər İranın gələcəyi üçün bir təhdiddir. Bu səbəbdən də o, Əhmədinejadın apardığı siyasəti qeyri-dini, masqara və gülünc siyasət adlandıraraq, bundan əl çəkilməsini tələb edib. Onun iddiasına görə Əhmədinejad Azərbaycan məsələsinə ciddi yanaşmır, ona görə də guya burada din və şiəlik təhqir olunur. Hətta utanmadan deyir ki, Azərbaycanda məscidlərin yerində guya sinaqoq tikilir. Öz radikal çıxışları ilə yadda qalan axund açıq şəkildə bəyan edib ki, terroru dəstəkləyir. Belə olmasaydı, o, Azərbaycanın Tehrandakı səfirliyini Böyük Britaniya səfirliyində baş verənlərin gününə salacaqlarını deməzdi. Hətta özünü İslamın keşikçisi sayan bu şəxs oradakı səfirliyimizi İsrailin baş naziri Netanyahunun casus yuvası adlandırmaqdan belə çəkinməyib. Bu fikirlər ondan xəbər verir ki, İran tərəfi danışıqlarda belə əldə olunan razılaşmalara əməl etmək niyyətindən çox-çox uzaqdır. Ona görə də antiazərbaycan təbliğatlarını davam etdirirlər. Onların işi-gücü sadəcə olaraq Azərbaycan əleyhinə kampaniya aparmaqdan, onu ləkələməyə çalışmaqdan ibarətdir. Maraqlıdır ki, ölkəmizə qarşı yönələn bu təpkilərin episentri rolunda əksər vaxtlar məhz Təbriz şəhəri oynayır. Hansı ki, bu şəhər Güney Azərbaycanın mərkəzi sayılır. Həm də cənublu soydaşlarımızın öz haqları və azadlıqları uğrunda mübarizənin mərkəzidir. Ölkəmizə yönəlik çirkin addımların məhz Təbriz şəhərindən işıq üzü görməsi əslində fars rejimi tərəfindən düşünülmüş hərəkətdir.

Bu onların cənublu soydaşlarımızı Azərbaycan əleyhinə yönəltməyə, həm də buradakı azad fikirliliyi boğmağa hesablanmış hərəkətidir. Ruhullah Becaninin Azərbaycan dövlət başçısına qarşı təhqiramiz ifadələr işlətməsi, Tehrandakı səfirliyimizi Britaniya səfirliyinin gününə döndərəcəklərini deməsi isə artıq məsələnin ciddiliyindən xəbər verir. Bunlar onu göstərir ki, molla rejimi heç bir halda ölkəmizə qarşı mənfur niyyətlərindən əl çəkən deyil. Maraqlıdır, Azərbaycanda islamın təhqir edildiyini iddia edən Becaninin görəsən, İranın özündə eyni dinə sahib soydaşlarımızın ən adi hüquqlarının ayaqlar altına atıldığından xəbəri yoxdur? Əslində var, amma İslamın müdafiəsindən dəm vuran belə tipləri öz ölkələrində insan haqlarının pozulması elə də maraqlandırmır. Əksinə, onlar bir çox hallarda rejimin oradakı soydaşlarımıza yönəlik haqsızlığına haqq belə qazandırır. Bu azmış kimi, Azərbaycanda məscidlərin guya sinaqoqlara çevrildiyini iddia edənlər İranda ermənilər üçün hər cür şərait yaratmaqdan həzz alır. Belə ki, azsaylı olmalarına baxmayaraq, İranda ermənilərin ana dilində məktəbləri və kilsələri fəaliyyət göstərir. Əvəzində isə dini bir qardaşlarının ana dilində təhsil almaq hüququnu tanımaq belə istəmirlər. Görəsən, Becani bilmir ki, İran hökuməti müsəlman qardaşlarının torpaqlarını işğal edən Ermənistanla sıx əməkdaşlıq qurub? Maraqlıdır, nədən İran tərəfi öhdəliklərə əməl etmir? Bunda məqsədi nədir? Belə olduqda Azərbaycan hansı addımları atmalıdır?

Millət vəkili Fərəc Quliyevin fikrincə, Tehranın öhdəliklərə əməl etməməkdə məqsədi Azərbaycanın mövcudluğuna maneə olmaqdır: "İranın məqsədi Azərbaycanı aradan çıxarmaqdır. Bu onların strateji məqsədidir. Onlar ölkəmizin güclü olmasını istəmir, bundan əndişələnirlər. Azərbaycan birmənalı şəkildə özünün dost və düşmənini müəyyənləşdirməlidir. İranın bu hərəkətinə qarşı hakimiyyət və mətbuatda ciddi mövqe qoyulmalıdır. Onlar Azərbaycana münasibətdə bölücü işlərə rəvac verirlər. Aydın məsələdir ki, molla rejimi heç vaxt Azərbaycanın mənafeyinə uyğun hərəkət etməyəcək. Bu səbəbdən də İranın bu davranışı mənim üçün təəccüblü deyil".

Digər ekspert Cümşüd Nuriyev isə bildirdi ki, vəziyyət gərginləşdiyi halda Azərbaycan hətta İranla diplomatik münasibətləri dayandıra da bilər: "Beynəlxalq hüquqa görə anlaşılmaz məqamları yoluna qoymaq üçün Azərbaycan öz sözçüsünü göndərdi və o da narahatlıq yaradan məsələləri açıqladı. Bu məsələlər yüksək səviyyədə İran tərəfinin nəzərinə çatdırıldı. İran isə birmənalı olaraq danışıqları pozdu. Bu ölkədə dövlətin sözçüsü ayətullahlardır. Onlar isə yenə də Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyur, onun daxili işlərinə qarışır. Qondarma Dağlıq Qarabağ rejiminin başçısı Saakyan Argentinada həyasızcasına bəyan edib ki, 1918-ci ildə Osmanlı Türkiyəsi gəlib erməni torpaqlarında türk dövləti yaradıb. Saakyanın həyasızlıq səviyyəsilə İran ayətullahlarının səviyyəsi eynidir. Azərbaycan mehriban münasibətlərin olması istiqamətində bütün addımlarını atıb. İran terroru dəstəkləyir, bir çox qonşuları ilə münasibətləri həddindən artıq gərgindir. Belə şəraitdə İran siyasi cəhətdən yaralanmış bayquşa bənzəyir. Onlar Azərbaycanı xaraba vəziyyətdə görmək istəyir. Azərbaycan "Səhər" kanalının yayımını vurmalıdır. Onlar dedikləri kimi səfirliyimizə hücum etsələr, Azərbaycan İran tranzit yükləri üçün öz ərazisini bağlaya bilər. Həmçinin diplomatik münasibətlər də dayandırılar. Tehran Azərbaycanı kiçik dövlət bilib bu addımı atmamalıdır".

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed